Məhkəmə qərarları › İş №3(025)-557/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-557/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-557/2021 18.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş 05 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 20000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 08 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 20000.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, cəmiyyət 05 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamış, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırma tam və düzgün aparılmamışdır. Belə ki, cəmiyyət tərəfindən xarici şirkətlə “ENOADVİSOR S.N.C di ELİSAVAGNONİ” ilə bağlanan müqaviləyə əsasən (consalting xitməti göstərilməsi üçün) ümumi 20000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 06 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 20000.00 Avro məbləğində vəsait hesabına xarici şirkətin öz mütəxəssiləri tərəfindən xidmət göstərilmiş və bu müvafiq aktla rəsmiləşdirilmişdir. Həmin təhviltəslim aktının təsdiq olunmuş surəti və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunur. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə nümayəndəsi gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edildi ki, Şəxs MMC 20000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Beynəlxalq Bankında olan hesabında 06 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş təhvil-təslim aktı (ACT 11/19) və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 001/19 saylı 01 yanvar 2019-cu il tarixli konsaltinq müqaviləsinı və 7/2019 nömrəli invoysa əsasən 06.09.2019-cu il tarixində “ENOADVİSOR S.N.C di ELİSA VAGNONİ” şirkətinə 20000 (iyirmi min) avro məbləğində pul vəsaiti konsaltinq xidmətlərinin göstərilməsi qarşılığında ödənilmişdir. Ödənilmiş pul vəsaitinə əsasən “ENOADVİSOR S.N.C di ELİSA VAGNONİ” şirkəti tərəfindən Şəxs MMC-yə aktda göstərilən işlər və xidmətlər (cəmi dörd adda) tam olaraq 21.12.2019-cu il tarixdə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçis X2 tərəfindən tərtib edilmiş 05 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar