Məhkəmə qərarları › İş №3(025)-557/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-557/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-557/2023 12.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon H.Əliyev prospektində polis şöbəsinin qarşısında polisin qanuni tələbinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Dızaxlı kənd nümayəndəsi Səfərçinovun ərizəsi Qəbələ RPŞ-nə daxil olmuşdur. Onunla bağlı bir neçə Dızaxlı kənd sakini polis şöbəsinə dəvət edilərək izahatları alınmışdır. Həmin vaxt Dızaxlı kənd sakinləri Qəbələ RPŞ-nin qarşısına gəlmişdilər. Şöbə rəhbəri tərəfindən onlar qəbul edilmiş onlara izah edilmişdir ki, torpaq sahəsi mübahisəli olduğundan məhkəmənin qərarı olmadığından onlar orada hər hansı bir təsərrüfat işləri apara bilməzlər. Bir neçə dəfə vəziyyət izah edilsədə onlar buna məhəl qoymamışdılar. Təsərrüfat apardıqları torpaq sahəsi mübahisəli torpaq sahəsidir və orada təsərrüfat işləri aparan Bünyad Babayev adlı şəxsdir. O, həmin vaxt Polis şöbəsində olmuş və onlar Bünyadın azad edilməsini istəmişdilər. Həmin vətəndaşların içərisində ən aktivlərindən biri də Şəxs olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Qəbələ rayon Böyük Əmili kəndində onun və ailə üzvlərinin adına verilmiş əkin üçün nəzərdə tutulmuş pay torpaq sahəsi var, həmin torpaq sahəsini təxminən 17 il əvvəl Mamed adlı şəxsə xəbəri olmadan satılıb, həmin vaxtdan qeyd olunan torpaq sahəsinin sənədləri Mamed adlı şəxsdədir və bu səbədən, o, subsidiya ala bilmir. Bildirir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nə həmin torpaq sahəsinin sənədi ilə bağlı müraciət etmək üçün gəlmişdir. Onun həmkəndliləri də orada idi və orada polis əməkdaşlarına yaxınlaşmış onlar ona torpaq işinin məhkəmədə olduğunu bildirdilər və ona oradan uzaqlaşmağını bildirdilər. Bundan sonra, oradan uzaqlaşmış, təxminən şöbədən 100 metr kənarda dayanmışdır. Orada dayanmağına səbəb maşınının işə düşməməsi olmuşdur. Maşının yanında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşmış, heçnə demədən onu polis şöbəsinə gətirmişdilər. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin polis baş serjantı X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:50 radələrində RPŞ-yə axşam toplanışına gələn zaman RPŞ-nin qarşısında təxminən 20-30 nəfər şəxsin toplaşdığını görmüş və polis əməkdaşlarının onlarala izah edici söhbətlər apararaq onlara RPŞ-nin qarşısından evlərinə getmələri barədə bildirsələr də, həmin vaxtı ona aydın olmuşdur ki, RPŞ-nin qarşısından toplaşan şəxslər Dızaxlı kənd sakinləridir belə ki, həmin şəxslərin torpaq iddiaları olduğu üçün bir neçə nəfər Qəbələ RPŞ-yə dəvət olunmuşlar digər kənd sakinləridə onlara dəstək üçün RPŞ-nin topalaşmışdır. O və digər polis əməkdaşları həmin şəxslərə dəfələrlə şöbənin iş fəaliyyətini pozamaları və evlərinə getmələri barədə xəbərdarlıqlara baxmayaraq X3, X8, X4 və Şəxs bizə məhəl qoymayaraq daha Aqressiv şəkildə nalayiq ifadələr işlədərək onların qanuni tələblərini pozmuşdur. Məhkəmə iclasında şahid Qəbələ rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri, X12 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən saat 21:51-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar