Məhkəmə qərarları › İş №3(025)-563/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-563/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-563/2024 23.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2052706) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində ictimai asayişi mühafizə edən Qəbələ RPŞ əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Dızaxlı kəndində yaşayır və heç yerdə işləmir. X1 iki azyaşlı uşaqlarını aparıb öz yanında saxlamış və uşaqların şəkillərini internet səhifəsində yerləşdirib yardıma möhtac olmaları haqqında həqiqətəuyğun olmayan məlumatlar yayaraq əldə etdiyi pullar hesabına özünə təzə fərdi yaşayış evi tikdirmişdir. Ona görə də, xx.xx.2024-cü il tarixdə AR DİN 102 xidmətinə zəng edərək Gülbəniz Rəhimovanın hərəkətləri barədə məlumat vermiş və sərxoş olduğuna görə onunla danışan əməkdaşla kobud davranaraq bir neçə nalayiq ifadə işlətmişdir. Bundan sonra yaşadığı ünvana polis əməkdaşları gəlib ondan şöbəyə getməyi tələb etmiş, o isə getmək istəməyərək qeyri-ixtiyarı ünvansız nalayiq ifadələr səsləndirmişdir. Həmin vaxt polis əməkdaşlarına tabesizlik göstərməmiş, ayıldıqdan sonra peşman olmuş və polis əməkdaşlarından üzr istəmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu, Dızaxlı kəndində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar