Məhkəmə qərarları › İş №3(025)-567/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-567/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-567/2025 06.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs Ağamurad qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 2004-cü il noyabrın 10-da Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu, Həzrə kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu, Qurbanəfəndi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 noyabr 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Qəbələ rayonu Həzrə kəndində bibisi Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs döyərək ona 364 nömrəli ekspert rəyində göstərilmiş bədən xəsarətləri yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 noyabr 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Qəbələ rayonu Həzrə kəndində bibisi Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, hazırda İsmayıllı rayonu, Qurbanəfəndi kəndində yaşayır, evlidir və 1 yaş 5 aylıq bir övladı var. Rəsmi olaraq işləmir. xx.xx.2025-ci il tarixdə Həzrə kəndinə anasıgilə qonaq gəlmişdir. Su doldurarkən bibisi ona yaxınlaşaraq, niyə su doldurursan, suyu biz çəkmişik deyərək ona qarşı nalayiq kəlmələr işlətmiş, bundan sonra saçından tutaraq su qabı ilə başına xəsarət yetirmiş, yerdə onu sürümüş, qarnına təpiklə vurmuşdur. O, özündə olmamış, hadisə yerinə anası yaxınlaşaraq onu bibisinin əlindən almışdır. O çox halsız olmuş, ayağa qalxa bilməmişdir, qaynatası Sakit Qarmıqova zəng etmiş, o da gəlib onu İsmayıllı rayon Xəstəxanasına aparmış, orda ilk tibbi yardım alaraq evə getmişdir. Halhazırda dərmanlar qəbul edir, hələ də başında ağrılar var. O bibisi Zərərçəkmiş şəxs döyməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Hal-hazırda himayəsində azyaşlı uşaq var. Bu halın nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qardaşı qızı Qarmıqova X1 rayonu, Qurbanəfəndi kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə, saat təqribən 17 radələrində həyətində usta işlədən bacısı Nardənə Eyyubovaya köməklik etdiyi zaman həyətə gələn suyun kəsildiyini görüb küçəyə çıxmış, həmin vaxt qardaşı arvadı Mayanın qabda su apardığını görmüş, lakin ona heç bir söz demədən su şlanqını bərpa edərək geri qayıtmışdır. Qayıtdıqdan sonra yenidən suyun kəsildiyini görüb, təkrarən yola çıxmış, qardaşı qızı Əfsarənin su borusunu açaraq qablara su yığdığını görmüşdür. Əfsarədən su şlanqını ikinci dəfə nəyə görə çıxardığını soruşmuş, o isə cavabında onun ünvanına nalayiq ifadələr işlədərək, üzərinə hücum çəkmiş, əlindəki plastikdən olan qabı bir neçə dəfə başına vuraraq itələyib onu yerə yıxmışdır. O, yerdə olduğu zaman təpiklə sol və sağ diz ətraflarına, eləcə də sol böyür nahiyəsinə bir neçə dəfə vurmuşdur. Hadisəyə şahid olan Əfsarənin anası Maya qızını danlayaraq onları ayırmış, bununla da dava başa çatmışdır. Davadan sonra bacısı Nardənənin həyətinə qayıtmışdır. Hal-hazırda Əfsarə ilə barışmamış, barışmaq fikiri də yoxdur, həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 noyabr 2025-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1252 və HK-1/1253 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 noyabr 2025-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 364 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol baldırın ön orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət xx.xx.2025-ci il tarixdə törənə bilər. Həmin xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar