Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-578/2023 04.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Qəbələ rayonu, Şəfili kəndində anadan olmuş, Qəbələ rayonu, Şəfili kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə şəhadətnamə ilə ona verilmiş “Beretta” markalı, tək lülə, 12 kalibrli, 93059 F nömrəli yivsiz lüləli ov silahını Qəbələ rayon Məmmədağalı kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsini aldığı, lakin mülki silahın və onun döyüş sursatının daşınması qaydasını pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X2 öz izahatında göstərdi ki, Şəxs N-33 №-li şəhadətnamə ilə ona “Beretta” markalı, tək-lülə 12 kalibrli, 93059 F №-li mülki ov silahının və onun döyüş sursatının daşınması qaydasını pozduğu üçün saxlamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonunda yerləşən 6 saylı Resgional Ekologiya və Təbii Sərvətlər idarəsinə ov icazəsi ilə bağlı müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin idarədən ona 1 baş qaban (çöl donuzu) ovlamaqla bağlı 018038 nömrəli ov icazəsi sənədi verilmişdir. Həmin sənətdə ovu xx.xx.2023-cü il tarixdə ov etməyə icazə verildiyi üçün xx.xx.2023-cü il tarixdə ovçu dostları Qalib, Valeh Akif, Rəhim və Raminə zəng edib xx.xx.2023-cü il tarixdə ova icazəli olduqları üçün dəvət etmişdir. Bu gün yəni xx.xx.2023-cü il tarixdə özünə məxsus Mitsubişi L200 markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus “Beretta” markalı, tək lülə, 12 kalibirli, 93059 F nömrəli yivsiz lüləli ov silahını, 1 ədəd balta, 2 ədəd patrondaş və 60 ədəd patronu avtomobilə qoyaraq Gəbələ rayon Nohurqışlaq kəndinə gəlmişdir. X4 öz avtomobili və Valeh ilə birlikdə ora gəlmişdilər. Təxminən 10 dəqiqə sonra Namik Süleymanov özünə məxsus avtomobillə Oğuz rayon sakinləri Ədələt və Raminlə birlikdə ora gəlmişdilər. Hər öz avtomobili ilə Qəbələ rayonu Məmmədağalı kəndi yaxınlığında meşə ərazisinə getmişdir. Avtomobilləri saxlayıb sialahlarını götürüb meşə ərazisində ov etmək məqsədilə gəzməyə başlamışdılar. Sonra silahını söküb çexola qoyaraq avtomobilə qoyaraq və yeməy yeməyə başlamışdılar. Orada yeməklə bərabər araq spirtli içkisi qəbul etmişdir. Yeməklərini yeyib meşə içərisi ilə avtomobillə gələn vaxt polis əməkdaşları onlar saxlamış və polis şöbəsinə gətirmişdilər. Sonda isə məhkəmədən barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Qəbələ rayonu Şəfili kənd sakini Şəxs istifadəsində olan “Beretta” markalı, tək lülə, 12 kalibrli, 93059 F nömrəli yivsiz lüləli ov silahını, 2 ədəd patrondaş, 60 ədəd patron və 1 ədəd ət doğrayan balta tərəflərindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs 0361/xx.xx.2023-cü il qeydiyyat nömrəli 0361 №-li ovçuluq bileti verilmişdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli N-33 nömrəli şəhadətnamənin surətindən görünür ki, “Beretta” markalı, tək lülə, 12 kalibrli, 93059 F nömrəli ov silahı Şəxs verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd “Beretta” markalı, tək lülə, 12 kalibirli, 93059 F №-li, yivsiz lüləli ov silahı müsadirə edilməməklə barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “Beretta” markalı, tək lülə, 12 kalibirli, 93059 F №-li, yivsiz lüləli ov silahı, altmış ədəd patron və bir ədəd balta Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-578/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-578/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver