Məhkəmə qərarları › İş №3(025)-587/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-587/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-587/2021 02.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dairAzərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarınının (konsolidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, aşağıdakı səbələrə görə barələrində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanuna uyğun olardı. Belə ki, işin hallarını nəzərə çatdırır. İlkin olaraq Maliyyə Nazirliyində işə onların iştirakı olmadan baxılmışdır. Protokol İXM-nin tələblərinə uyğun olmadan hazırlanmış və protokolu almağı barədə imza belə yoxdur. Bundan əlavə protokolun onlara rəsmi qaydada çatdırılması da iş matriallarında yoxdur. İXM-nin 100.2.-ci maddəsinə əsasən, Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, səlahiyyətli orqanın (vəzifəli şəxsin) hazırlıq mərhələsində həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Hesab edirik ki, protokol bizim iştirakımız olmadan və düzgün tərtib edilmədiyindən baxılmamlı və geri qaytarılmalı idi. Bundan əlavə "X2" MMC -nin 2020-ci il üçün müstəqil auditor rəyi vardır və Sizə təqdim edirik. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər uzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qəraraların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata kecirilir. Həmin Məcəllənin 11.3-cu maddəsinin tələblərinə görə inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXMnin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-nin 114.2.1ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. AR İXM-nin 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Bundan əlavə inzibati araşdırma qanunvericiliyin müddət tələblərini ötürülməklə aparılmış və İnzibati Xətalar Məcəlləsinin 101 və 102-ci maddələriə zidd olaraq tərtib edilmiş və bunun əsasında da araşdırma tam və düzgün aparılmamışdır. AR İXM-nin 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. AR İXM-nin 103.1.-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. AR İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1- ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanları və İXM-nin 38, 53,101-102-ci maddələrini əsas götürərək İXM-nin 53-cü maddəsinə əsasən "X2" MMC -nin əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəxs MMC-nə ünvanlandığı MİHO/1.1-2-2021-5735 nömrəli 28.10.2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC 2020-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 30 iyun 2021-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında işə 10 noyabr 2021-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan MN seriyalı ******* nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində “2020-ci il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirmədiyinə görə” İXM-nin 462.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş 31 dekabr 2020-ci il tarixdə tamamlanan il üzrə cəmiyyətin maliyyə hesabatları və müstəqil auditorun hesabatından görünür ki, 03 noyabr 2021-ci il tarixli M-10453 saylı müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmışdır. Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə-vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 462.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, audit rəyinin internet səhifəsində və ya mətbu orqanda dərc edilməməsi həmin maddə ilə məsuliyyətə səbəb olmur. Lakin Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC-nin 2020-ci il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsindəvə ya mətbu orqanda dərc etdirmədiyinə görə” barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi göstərilmişdir. Lakin hansı əsasla audit rəyinin Şəxs MMC tərəfindən birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməsi olması əsaslandırılmamış, bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən ictimai əhəmiyyətli qurumlardan 2020-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda 2021-ci ilin iyun ayının 30-dək dərc edilməlidir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.9-cu maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlar - kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.06.2005-ci il tarixli 108 saylı qərarı ilə Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri- illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər və balansın yekun məbləği 450 milyon manat müəyyən edilmişdir. Bundan başqa “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 18.4-cü maddəsinə əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir. Maliyyə Nazirliyi tərəfindən isə məhkəməyə Şəxs MMC-nin ictimai əhəmiyyətli qurum olması barədə hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.8-ci maddəsinə əsasən Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. Bundan başqa həmin qanunun 8.2-ci maddəsinə əsasən bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, X1 Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər. Yəni ona tabe olan törəmə müəssisələrinin maliyyə hesabatlarını alır və onları özünün maliyyə hesabatı ilə birləşdirərək birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayır və özünün, ona tabe olan törəmə müəssisələrinin maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını dərc edir. Törəmə müəssisə isə başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tək subyekt olduğu üçün maliyyə hesabatı tərtib etməlidir. Lakin törəmə müəssisələri olmadığı üçün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli deyildir. Hazırki halda Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs MMCnin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olmasına dair sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında Şəxs MMC, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar