Məhkəmə qərarları › İş №3(025)-588/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-588/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-588/2021 18.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 noyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində yaşadığı evin giriş qapısının yanında nalayiq ifadələr işlətmiş və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı Zamiq Nadirov tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 12 noyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində yaşadığı evin giriş qapısının yanında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, Valik Tarxanovun ailə üzvləri ilə aralarında mütamadi olaraq münaqişələr olur. 12 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Valikin yoldaşı Tarxanova Alvina onun ünvanına nalayiq sözlər işlədirdi. Həmin vaxt heç bir nalayiq ifadə işlətməmişdir. Həmin vaxt səs-küyə yoldaşı onun yanına gəlmiş, Alvina uca səslə onu və ailə üzvlərini söymüşdir. Həmin gün saat 21:00 radələrində evə gələrkən gördü ki, Valikin çıxış qapısı açıqdır və Valik qapının hərəkət hissəsində dayanıb. Avtomobildən düşüb gördü ki, Roman və Erik söhbət edirlər. Roman və onun arasında mübahisə yaranmış, Roman onu söydüyü üçün, o, da Romana söymüşdir. Erik onların mübahisə etdiyini görüb, Romanı sakitləşdirmiş və evə aparmışdır. Yoldaşı ora gələndə Roman yoldaşının və uşaqların ünvanına nalayiq ifadələr işlətmişdir. 15.11.2021-ci il tarixdə o yaşadığı ünvanda olmuş, Romanın və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətməmişdir. Romanın izahatında qeyd etdiyi məsələlər böhtan xarakteri daşıyır. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, Şəxs və ailə üzvləri onun qonşuluğunda yaşayır. Onunla arasında mütamadi olaraq mübahisə olur. 12 noyabr 2021-ci il tarixdə saat 22:40 radələrində yaşadığı evin həyətinə düşüb sigaret çəkirdi. Həyətin çıxış qapısının yanında söyüş səsləri eşitdi. Bu zaman qapıya tərəf getdi və gördü ki, Şəxs küçədə uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir. Rafikə söyüş söyməməsini, əks təqdirdə bununla bağlı şikayət edəcəyini bildirdi. Rafik ona nalayiq formada cavab verdi. Rafik ona söyüş söyərkən ailə üzvləri yanında idi, həmçinin bu zaman uca səslə danışdığından qonşular da eşidə bilərdi. Məhkəmə iclasında müdafiəçi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak etdiyi şəxslərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs və X4 Qəbələ rayonu, Nic qəsəbəsində yaşadıqları evlərinin qarşısında rastlaşan zaman aralarında mübahisə düşmüş, daha sonra birbirlərinə söyüş söymüş, bundan sonra hərə öz yaşadığı evə çıxıb getmişdir. Lakin, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə şahidin izahatları ilə Şəxs ictimai qaydanı pozan hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan xırda xuliqanlıq inzibati xətanın dispozisiyasının əlamətlərini tam müəyyən etməmiş, bu hərəkətlərinin nədən ibarət olmasını hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, xırda xuliqanlıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilir. Qeyd edilən maddənin məzmununda göstərilmişdir ki, xırda xuliqanlıq - ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Başqa sözlə, əməlin xırda xuliqanlıq kimi tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən tələblərdən hər hansı birinin olmaması və ya onun mövcudluğunun şübhə altında olması hərəkətin bu maddə ilə tövsif edilməsinə yol vermir. İnzibati orqan isə həmin maddənin dispozisiyasında göstərilən halların həcminə qiymət verməli olmasına baxmayaraq, bunları müəyyən etmədən baş vermiş hərəkətlərin onun təqsirli bilindiyi xətanın əlamətlərinə uyğun olub-olmamasını araşdırmadan, onları nəzərdən keçirmədən, nəticədə isə onlara hüquqi qiymət vermədən, sadəcə inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törətməsi faktı öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar