Məhkəmə qərarları › İş №3(025)-597/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-597/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-597/2021 25.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ şəhəri, Tövlə kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 noyabr 2021-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 20.10.2021-ci il tarixdə Qəbələ rayonu, Tövlə kəndində yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs şillə ilə vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 25 noyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X5 göstərdi ki, Şəxs 20.10.2021-ci il tarixdə Qəbələ rayonu, Tövlə kəndində yaşadıqları evdə həyatyoldaşı Zərərçəkmiş şəxs şillə ilə vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2007-ci il tarixdən evlidir, iki azyaşlı övladları vardır. Aralarında mütəmadi olaraq münaqişə olmuşdur. 20.10.2021 -ci il tarixdə səhər saatlarında həyətdən iki kisə fındıq meyvəsini Soltannuxa kəndində olan Elbrus adlı şəxsə aparıb vermişdir. Belə ki, ona 600 manat borcu var idi. Sonra evə qayıtmış, qonşunun həyətində iş var idi, buna görə onun həyətinə keçmişdir. Elbrus adlı şəxs ona zəng edərək gəl fındığı götür fındıq yararsızdır dedi, buna görə Elbrusun yanına gedib ondan fındığı götürərək Hacıallı kəndində Ulduz marketə satmışdır. 180 manat pul alaraq 140 manatlıq evə bazarlıq edərək saat 17 radələrindən sonra evə gəlmişdir. Arvadı Günel ondan fındığı nə etdin deyə soruşmuş, ona satıb bazarlıq etmişəm demişdir. Bu zaman o münaqişə edərək aldığı şeyləri göstərib burada 50 manatlıq bazarlıq var demiş, belə olub sözlü mübahisə yaranmışdır. Ona 3-4 ədəd yumurta bişir demiş, o da yumurtanı bişirib gətirmiş və digər otağa keçmişdir. Yemək yeyib spirtli içki qəbul etmişdir. Günel və uşaqları otağa gəlmədiklərinə görə də digər otağa keçmiş, Günelin başını tutub peçin yanında dayandığını görmüşdür. Ondan niyə evə gəlmədiyini soruşanda, o başının ağrıdığınə dedi. Ona başın cəhənnəmə ağrıyır deyərək qapını örtüb həyətə düşmüş, evə qayıdıb çarpayıda yatmışdır. Saat təxminən 11-ə qalmış yuxudan qalxdı, uşaqların və Günelin evdə olmadığını gördü, anasından onların harada olduğunu soruşdu, o da mən bilmirəm gediblər, qapıya polis gəlmişdi, sən yatdığın üçün çıxıb getdilər dedi. Əvvəllər dəfələrlə bu cür hallar olmuş, mübahisə zamanı arvadı Güneli vurmamış, həmin zaman anası Fəxriyyə evdə olmuş, atası evdə olmamış, mübahisə zamanı sərxoş olmuş, arvadını öldürməklə hədələməmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində əməlində tərkib olmadığına görə işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, əri Şəxs ilə 2007-ci il tarixdən evlidir. İki azyaşlı övladları vardır. Əri Rahib tüfeyli həyat keçiri, mütəmadi olaraq sərxoş vəziyyətdə evə gələrək münaqişə yaradır, dəfələrlə onu döyüb. Əvvəllər də polis şikayət etmiş, lakin sonradan barışmışdır. 20.10.2021-ci il tarixdə səhər saat təxminən 08 radələrində əri yuxudan qalxaraq mən balıq tutmağa gedirəm demiş və evdən çıxmışdır. Övladları da məktəbə getmişlər. Saat təxminən 10-a qalmış əri Rahib sərxoş vəziyyətdə evə gəlmiş, ona həyətdə olan təmizlənmiş fındıqlardan ver aparıb satıb borcumu verəcəm demişdir. Mübahisə olmasın deyə iki kisə ona fındıq verdikdən sonra əri getmişdir. Saat təxminən 1-ə işləmiş o evə sərxoş vəziyyətdə gəltniş, evdə münaqişə yaratmış, nalayiq ifadələr işlətmiş, daha sonra çıxıb getmişdir. Saat təxminən 17 radələrində o yenə evə sərxoş vəziyyətdə gəlmişdir. Axşam saatlarında mal-qaranı tövləyə salan zaman əri Rahib eyvana çıxaraq nalayiq ifadə işlədərək onu çağırmış, evə getmiş, yenə evdə nalayiq ifadələr işlədərək münaqişə yaratmış, onun boğazından tutmuş və boğmuşdur. Bu zaman qışqırdı, digər otaqda olan qayınanası Fəxriyyə gələrək ərinin əlindən onu almış, Rahibi danlamağa başlamışdır. O anasını da söymüş, saat təxminən 19 radələrindən sonra əri ondan yemək istədi, ona yemək vermişdir. O, boşqabdakı yeməyi boşqabla birlikdə yerə dağıtdı, ona 10 dənə yumurta bişir ver, biri də kənara dağılmasın, dağılsa səni öldürəcəm demişdir. Yaxşı deyib, evdən çıxan zaman əri ona kompot şüşəsini atmış, əyilmiş, buna görə dəyməmişdir. Bu zaman qayınanası evə girdi və onu sakitləşdirməyə çalışmışdır. Ona yumurta bişirib aparıb vermişdir. Həmin zaman qayınanası da yanında idi. Yeməyi verən zaman o ayağa qalxaraq onun üzünün sağ tərəfindən bir dəfə sillə zərbə vurmuş, yenidən vurmaq istəyən zaman qayınanası onu tutdu. Evdən çıxıb mətbəxə daxil oldu. Əri onun arxası ilə çıxaraq nalayiq ifadələr işlətmiş, qayınanası onu evə çağırmışdır. O da getmişdir. Əri onu yenə nalayiq ifadələr ilə təhqir etmiş, ona söydüyü üçün kinayəli sağ ol demiş və durub evdən çıxmaq istəyən zaman əri ayağa qalxaraq anasını kənara çəkib onun üzərinə hücum etmiş, əri onun qarın nahiyəsindən iki dəfə təpik ilə zərbə vurdu. Qayınanası onu tutub kənara çəkdi, eyvana çıxdı. O, bu zaman evdəki əşyaları dağıtdı, daha sonra çölə çıxaraq mətbəx tərəfə gedərək sizi bıçaqla öldürəcəm demişdir. Həmin zaman həyətə düşmüş, uşaqlarını da götürüb bağdan keçərək qonşunun həyətinə getmişdir. Əvvəllər də dəfələrlə bu cür hallar olmuşdur. Əri onu vuran zamanı orada qayınanası və azyaşlı övladları olmuş, mübahisə zamanı ərini vurmamış, ərinin əlində bıçaq görməmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi ilduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Oğlu Şəxs ilə o 2007-ci il tarixdən evlidir. İki azyaşlı övladları vardır. Oğlu Rahib tüfeyli həyat keçirir, mütəmadi olaraq sərxoş vəziyyətdə evə gələrək münaqişə yaradır, dəfələrlə Zərərçəkmiş şəxs döyüb. 20.10.2021-ci il tarixdə saat təxminən 1-ə işləmiş o evə sərxoş vəziyyətdə gəlmiş, evdə münaqişə yaratmış, nalayiq ifadələr işlətmiş, daha sonra çıxıb getmişdir. Saat təxminən 17 radələrində o yenə evə sərxoş vəziyyətdə gəlmişdir. Axşam saatlarında mal-qaranı tövləyə salan zaman oğlu Rahib eyvana çıxaraq nalayiq ifadə işlədərək yoldaşını çağırmış, evə getmiş, yenə evdə nalayiq ifadələr işlədərək münaqişə yaratmış, Zərərçəkmiş şəxs boğazından tutmuş və boğmuşdur. O gedib oğlunun əlindən gəlnini almış, Rahibi danlamağa başlamışdır. Oğlu onu da söydü. Axşam yeməyi zaman o ayağa qalxaraq Zərərçəkmiş şəxs üzünün sağ tərəfindən bir dəfə sillə zərbə vurmuş, yenidən vurmaq istəyən zaman o oğlunu tutdu. Zərərçəkmiş şəxs evdən çıxıb mətbəxə daxil oldu. Əri onun arxası ilə çıxaraq nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 21.10.2021-ci il tarixli 532 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sağ yuxarı hissəsinin və üzün sağ tərəfinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 20 oktyabr 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/1373 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar