Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-598/2021 06.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dairAzərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 15noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarınının (konsolidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, 15.11.2021-ci il tarixdə Şəxs MMC-yə Maliyyə Nazirliyi tərəfindən bildiriş məktubu daxil olmuş, 2020-ci il üzrə maliyyə hesablarının 2021-ci ilin iyun ayının 30-dək audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilmədiyinə görə inzibati xəta haqqında işə baxılmaq üçün 15.11.2021-ci il tarixə MMC-nin nümayəndəsi Maliyyə Nazirliyinə dəvət edilmişdir.Lakin Bildiriş gec gəldiyinə görə müəssisənin nümayəndəsi orada iştirak edə bilməmişdir. 30.11.2021-ci il tarixdə "xxxx" MMC-yə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 15.11.2021-ci il tarixli məktub və inzibati xəta haqqında protokol daxil olmuşdur. Məktubda iddia edilmişdir ki, “Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən ictimai əhəmiyyətli qurumlardan 2020-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda 2021-ci ilin iyun ayının 30-dək dərc edilməlidir və "xxxx" MMC ictimai əhəmiyyətli qurum kimi birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda 2021-ci ilin iyun ayının 30-dək dərc etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Maliyyə Nazirliyi "xxxx" MMC-nin ictimai əhəmiyyətli qurum olduğunu, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olduğunu və həmin hesabatı növbəti ilin iyun ayının 30-dək dərc edilməli olduğunu iddia edir."xxxx" MMC kənd təsərrüfatı bitkilərinin istehsalı fəaliyyəti ilə məşğul olduğu üçün “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.9-cu maddəsində qeyd edilən kredit təşkilatı, sığorta şirkəti və s. olmadığı üçün və illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği meyar göstəricilərindən qat-qat aşağı olduğu üçün ictimai əhəmiyyətli qurum hesab edilə bilməz. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 18.4-cü maddəsinə əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir (Qərar və təsdiq edilmiş siyahı məktuba əlavə edilir). Siyahıda "xxxx" MMC-nin adı olmadığına görə o ictimai əhəmiyyətli qurum deyildir. Maliyyə Nazirliyi hansı qanunvericilik aktına əsasən "xxxx" MMC-ni ictimai əhəmiyyətli qurum hesab etməsini məhkəməyə və onlara təqdim etməsini xahiş edirlər.Beləliklə, "xxxx" MMC tək subykt olduğu üçün maliyyə hesabatı tərtib etməlidir. Lakin törəmə müəssisələri olmadığı üçün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli deyildir. "xxxx" MMC tək subyekt olduğu və heç bir törəmə müəssisəsi olmadığı üçün “Muhasibat uçotu haqqında” qanunun 2.1.7-ci maddəsində qeyd edilən maliyyə hesabatını tərtib edir, həmin qanunun 12.1-ci maddəsinəvəhəmin qanunun 12.1-ci maddəsinin 2-ci cümləsi əsasında qəbul edilmiş Nazirlər Kabinetinin 27.05.2010-cu il tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3-cü bölməsinin tələblərinə uyğun olaraq müəssisənin təsisçilərinə təqdim edir."xxxx" MMC tərtib və təqdim etdiyi maliyyə hesabatını dərc etməyə məcbur deyildir. "xxxx" MMC barəsində tərtib edilmiş İnzibati Xətalar haqqında protokolda qeyd edilən xətanı törətmədiyinə görə, yəni "xxxx" MMC ictimai əhəmiyyətli qurum olmadığına və ona tabe olan törəmə müəssisələri olmadığı üçün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etmədiyinə görə, ümumiyyətlə heç bir hesabat dərc etməli olmadığına görə"xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəxs MMC-nə ünvanlandığı MİHO/1.1-2-2021-5941 nömrəli 04.11.2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC 2020-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 30 iyun 2021-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında işə 15 noyabr 2021-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan MN seriyalı ******* nömrəli 15 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində “2020-ci il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2021-ci ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirmədiyinə görə” İXM-nin 462.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 462.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, audit rəyinin internet səhifəsində və ya mətbu orqanda dərc edilməməsi həmin maddə ilə məsuliyyətə səbəb olmur. Lakin Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC-nin 2020-ci il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2021ci ildə audit rəyi ilə birlikdə internet səhifəsindəvə ya mətbu orqanda dərc etdirmədiyinə görə” barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi göstərilmişdir. Lakin hansı əsasla audit rəyinin Şəxs MMC tərəfindən birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməsi olması əsaslandırılmamış, bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən ictimai əhəmiyyətli qurumlardan 2020-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda 2021-ci ilin iyun ayının 30-dək dərc edilməlidir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.9-cu maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlar - kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.06.2005-ci il tarixli 108 saylı qərarı ilə Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri- illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər və balansın yekun məbləği 450 milyon manat müəyyən edilmişdir."xxxx" MMC-nin 2020-ci ildə illik gəliri 4 milyon manat (meyar göstəricisindən 45 dəfə az),hesabat ili ərzində işçilərin orta hesabla sayı 80 nəfər (meyar göstəricisindən 19 dəfə az) və balansın yekun məbləği 8.7 milyon manat (meyar göstəricisindən 52 dəfə az) olmuşdur. Bundan başqa “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 18.4-cü maddəsinə əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir. Maliyyə Nazirliyi tərəfindən isə məhkəməyə Şəxs MMC-nin ictimai əhəmiyyətli qurum olması barədə hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.8-ci maddəsinə əsasən Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. Bundan başqa həmin qanunun 8.2-ci maddəsinə əsasən bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, X1 Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər. Yəni ona tabe olan törəmə müəssisələrinin maliyyə hesabatlarını alır və onları özünün maliyyə hesabatı ilə birləşdirərək birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayır və özünün, ona tabe olan törəmə müəssisələrinin maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını dərc edir. Törəmə müəssisə isə başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır. Beləliklə,məhkəmə hesab edir ki, "xxxx" MMC tək subykt olduğu üçün maliyyə hesabatı tərtib etməlidir. Lakin törəmə müəssisələri olmadığı üçün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli deyildir. Hazırki halda Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olmasına dair sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında Şəxs MMC, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-598/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-598/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver