Məhkəmə qərarları › İş №3(025)-6/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-6/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-6/2024 10.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 yanvar 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, 10 yanvar 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ünvanlı və ünvansız söz və ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X10 izahatında göstərdi ki, Şəxs Qəbələ rayonu, Vəndam qəsəbəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Həmçinin Şəxs Qəbələ rayonu Vəndam qəsəbəsində ünvanlıünvansız söyüşlər söyərək xırda xuliqanlıq törətmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində yerləşən çayxanaya sərxoş vəziyyətdə daxil olmuşdur. Həmin çayxananın içərisində əyləşib çay içən əvvəllərdə tanıdığı şəhid atası olan Ərziman Zeynalovu görmüş və ona yaxınlaşaraq zarafat etmək istəmişdir. Sərxoş vəziyyətdə olduğu üçün tam nə dediyini xatırlamasada içkili vəziyyətdə olanda özünü idarə edə bilməyib adətən nalayiq söz və ifadələr işlədir. Həmin zaman çayxananın içərisində təxminən 20-30 nəfər adam var idi. Qardaşı Ələsgər onu çölə çıxarmışdır. Həmin qəsəbənin mərkəzində yerləşən orta məktəbin sanitar qovşağına getmək istəmiş və sərxoş vəziyyətdə olduğu üçün özündən asılı olmadan nalayiq söz və ifadələr işlədərək məktəbə daxil olmuşdur. Həmin vaxt orada tanıdığı, məktəbin direktoru İsmayılov Ruslan və məktəbin gözətçisi işləyən Zülfüqarov Rövşən, qardaşı Ələsgər və tanımadığı 15-20 nəfər adam var idi Vəndamın mərkəzi olduğu üçün səsini eşidənlər oraya yaxınlaşırdı. Daha sonra ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib niyə söyüşlər söydüyünü soruşub sakitləşməyini bildirsələrdə sərxoş vəziyyətdə olub özünü idarə edə bilmədiyi üçün onlara qulaq asmamış, söyüş söyməyə davam etmişdir. Daha sonra post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşmışdılar. Niyə söyüş söydüyünü hərəkətlərinə son verməyini əks halda barəsində qanuni tədbir görəcəklərini bildirsələrdə, o sərxoş vəziyyətdə olub hərəkətlərinə nəzarət edə və sakitləşə bilmirdi. Bu səbəbdən polis əməkdaşları barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirdilər. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində yerləşən çayxanada həmkəndlisi X7 ilə əyləşib çay içərkən əvvəllərdə tanıdığı Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs sərxoş vəziyyətdə həmin çayxanaya ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədərək daxil olmuşdur. Çayxananın içərisində təxminən 20-25 nəfər adam var idi. Pərvin onun əyləşdiyi stola yaxınlaşaraq stolun üstündə onun siqaret qutusunu görüb “burada siqaret zad olmaz” deyərək onu təhqir etmiş, daha sonra o ona içkilisən get evinə səhər ayıq vəziyyətdə gələrsən söhbət edərik desə də o onun yaxasından tutub ünvanına nalayiq söz və ifadələr işlətmişdir. Bu zaman Pərvinin qardaşı Ələsgər adlı şəxs qardaşı Pərvinə sakit olmasını evə getməsini bildirsədə o yenədə söyüşlər söyməyə davam edirdi. Daha sonra həmin şəxsi qardaşı qolundan tutub çayxanın çölünə çıxarsada o yenədə söyüşlər söyməyə davam etmişdir. Daha sonra ərazidə xidmət aparan sahə rəisi və polis sahə nəfəri Pərvinin yüksək səslə söyüşlər söydüyünü görüb yaxınlaşaraq onu sakitləşdirmək istəsələrdə həmin şəxs polis əməkdaşının qanuni tələbini yerinə yetirmək istəməmiş, ünvanlı və ünvansız söyüşlər söyməyə davam etmişdir. Daha sonra ərazidə aparan post-patrul xidmətinin əməkdaşları gələrək müvafiq qaydada həmin şəxsi götürüb Qəbələ rayon polis şöbəsinə gətirmişdilər. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı, X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsində Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X13 ilə birlikdə xidmətdə olarkən Qəbələ rayonu Seyidqışlaq kənd sakini X4 onlara yaxınlaşaraq Qəbələ rayonu Vəndam qəsəbə sakini Şəxs Vəndam qəsəbəsində mağazaların qarşısında ictimai yerdə uca səslə onu təhqir etməsi, daha sonra isə ünvanlı-ünvansız nalayiq ifadələrlə söyüşlər söyməsi, ətrafda olan şəxslərin onu sakitləşdirməyə çalışsalarda sakitləşməməsi, hal-hazırda qəsəbədə yerləşən məktəbin qarşısında nalayiq ifadələrlə söyüşlər söyməyə davam etməsini bildirmişdir. Məktəbdəki seçki məntəqəsində olan şəxsləri də narahat etməsi barədə məlumat verərək, köməklik göstərməklərini xahiş etmişdir. Onlar məktəbin həyətinə daxil olduqda həmin şəxsin, Qəbələ rayonu Vəndam qəsəbə sakini Şəxs məktəbin qarşısında uca səslə digər vətəndaşların yanında ictimai yerdə nalayiq ifadələr səsləndirərək söyüşlər söydüyünü, nizamsız hərəkətlər etdiyini və ətrafda olan vətəndaşların onu sakitləşdirməyə çalışdığını görmüşdülər. Həmin şəxsə yaxınlaşmışdılar. O, uca səslə səsküy edir, ünvanlı-ünvansız söyüşlər söyərək orada olan digər şəxslərin diqqətini özünə cəlb edərək nümayişkaranə şəkildə ictimai qaydanı pozaraq, xırda xuiiqanlıq hərəkətləri etmişdir. Həmin şəxsə yaxınlaşdıqda nəfəs qoxusundan kəskin spirtli içki qoxusu gəldiyini hiss etmiş, özlərini təqdim edərək, onu sakitləşdirərək nə baş verdiyini öyrənməyə çalışmışdılar. Onunla profilaktiki söhbətlər apararaq, onu sakitləşdirməyə çalışmışdılar. Ona dəfələrlə hərəkətlərinə son qoymasını, bu hərəkətləriylə ictimai qaydanı pozduğunu, barəsində qanuni tədbir görülməsi məqsədilə polis şöbəsinə gəlməsini bildirmişdilər. Lakin həmin şəxs qəsdən qanuni tələblərə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Vətəndaş Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyi və qanuni tələblərə qəsdən tabe olmadığı üçün barəsində qanuni tədbir görülməsi məqsədilə ərazidə xidmət aparan Post Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə xidməti avtomobildə polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişdilər. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Vəndam qəsəbə sakini Şəxs sərxoş vəziyyətdə Vəndam qəsəbəsində mağazaların qarşısında həmçinin həmin qəsəbədə yerləşən məktəbin qarşısında ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlətmişdir. Həmin şəxsin niyə söyüş söydüyü ona məlum olmasada X1 adını çəkərək uca səslə söyüş söyür daha sonra ətrafda ona yaxınlaşıb sakit olmasını istəyən şəxslərin ünvanına söyüşlər söyürdü ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət edib sakitləşdirmək istəsələrdə, həmin şəxs sakitləşmək istəmir polisin qanuni tələbinə tabe olmur, daha da yüksək səslə söyüşlər söyərək digər insanların diqqətini çəkir, nümayişkarənə hərəkətlər etmiş və insanların oraya toplaşmasına səbəb olmuşdur. Təxminən həmin vaxt ətrafda 20-30 nəfər adam var idi. Daha sonra ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları gələrək müvafiq qaydada həmin şəxsi götürüb xidməti avtomobillə Qəbələ rayon polis şöbəsinə aparmışdılar. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin və şahidlərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106- 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar