Məhkəmə qərarları › İş №3(025)-605/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-605/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-605/2023 28.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon, Nic qəsəbəsində müvafiq icra orqanı tərəfindən xüsusi razılıq əsasında verilmiş mülki ov silahının daşınması və gəzdirilməsi qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 04 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi polis baş leytenantı X2 göstərdi ki, Nic qəsəbə sakini Şəxs qonaqları gəlmiş və onlarla birlikdə Nic qəsəbəsindən Oğuz rayonu istiqamətdə hərəkət ediblər. Onlar beş nəfər olmuşlar. Qeyd edir ki, dörd nəfər silahla olmuşdur. Şəxs 12 kalibrli, “Ata arms Neo” markalı 19/04242 №-li mülki ov silahının saxlanması qaydasını pozduğu üçün saxlanılmışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, uzun illərdir ki, Sumqayıt şəhər sakini Vüsal ilə dostluq edir. Bir neçə aydır ki Vüsal dostları ilə istirahət ətmək üçün Qəbələ rayonuna gəlmək istəyirdi. xx.xx.2023-cü il tarixdə Vüsal ona zəng edərək 3 nəfər dostu ilə Qəbələ rayonuna gələcəklərini bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vüsal, Mətləb, Mərdan və Vəli Nic qəsəbəsinə gəlmişdilər. Həmin şəxslər ovçu olduqlarına görə özləri ilə tüfənglərini gətirmişdilər. Lakin dediklərinə görə ov etmək niyyətlərinin olmadığını, sadəcə olaraq gəzmək və havaya atəş açmaq istəyirdilər. Onlar özləri ilə 1 ədəd ov iti də gətirmiş, lakin həmin iti özlərinə məxsus Mitsubishi markalı avtomobildə saxlamışdılar. Onlar birlikdə nahar etdikdən sonra saat 15:00 radələrində ona məxsus Niva markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobillə Nic qəsəbə ərazisində (köhnə banka bazarı adlanan ərazi) gəzməyə başlamışdılar. Ona məxsus “Atarms Neo” markalı, 12 kalibrli, 5 açılan mülki ov silahını və 10 ədəd patron götürmüşdü. Özünə məxsus 2 ədəd ov itini də götürmüşdir. Silahı çantasından çıxarmış, lakin doldurmadan əlində saxlamışdır. Onlar səpələnərək gəzməyə başlamışdılar. Vəlidən başqa hamsında ov tüfəngi var idi. Bir qədər sonra silahı dolduraraq havaya 2 dəfə atəş açmışdır. Ondan bir qədər sonra Mərdan havaya 1 dəfə atəş açmış və 1 ədəd qaratoyuq vurmuşdur. Mərdan atəş açdıqdan təxminən 30 dəqiqiə sonra onların olduqları yerə polis əməkdaşları gəlmişdilər. Sonda isə məhkəmədən silahının müsadirə edilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 04 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “Mülki ov silahının və ov alətlərinin təhvil götürülməsi və növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs götürülmüş 1 (bir) ədəd 12 kalibrli “Ata arms Neo” markalı 19/04242 nömrəli mülki ov silahı və 8 (səkkiz) ədəd patron növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd 12 kalibrli “Ata arms Neo” markalı 19/04242 nömrəli mülki ov silahı və 8 (səkkiz) ədəd patron müsadirə edilməklə, barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar