Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-615/2023 01.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqilyyatında Baş Gömrük İdarəsi tərəfindən «Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə EP seriyalı, ******* nömrəli, 01 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-005728/2023 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə "xxxx" MMC-nin ünvanına gələn mallar 08 oktyabr 2023-cü il tarixində **********5020 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına gələn "Corablar" adlı yük xx.xx.2023-cü il tarixdə saat 14:24-də "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, lakin, qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal **********5020 nömrəli gömrük bəyannaməsinin təqdim edilməmişdir. Bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. xx.xx.2023-cü il tarixdə gömrük xidmətinin proqram təminatında hər hansı axsamaların olub-olmamasının müəyyən olunmasından ötrü Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinə 3-33-3200/2- 001593/2023 saylı məktubla müraciət olunmuşdur. Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin 3-33-3200/1-006035/2023 saylı məktubuna əsasən, xx.xx.2023-cü il tarixində gömrük organlarının elektron sistemlərində heç bir xəta müşahidə edilməmiş və sistem müntəzəm olaraq fəaliyyət göstərmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqilyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs “Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, “Dadaş-N" MMC-nin ünvanına göndərilən "Corablar" adlı yük "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində 08 oktyabr 2023-cü il tarixində **********5020 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmin bəyannamə üzrə xx.xx.2023-cü il tarixində **********3182 saylı qısa idxal bəyannaməsini sistemə vurmuşlar, lakin, həmin qısa idxal bəyannaməsi üzrə barkod xx.xx.2023-cü il tarixində verilmişdir. Qeyd edir ki, onlar məlumat alan kimi qısa idxal bəyənnaməsini sistemə vurmaga cəhd etmişlər, lakin bu onlardan asılı olmayan səbəbdən baş tutmamışdır. Sistemə daxil olan kimi bu proseduru həyata keçirmişlər. Göründüyü kimi qısa idxal bəyənnaməsi təqdim olunmuşdur və təqdim olunandan sonra qeydiyyata alınmasına dair məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqilyyatında Baş Gömrük İdarəsi malların ölkəyə ayın 6-sında daxil olduğunu qeyd edirlər. Əgər mallar oktyabr ayının 6-sında daxil olmuşdusa, onların qısa idxal bəyannaməsini 8 oktyabr 2023-cü il tarixdə qeydə almamalı idilər. Hətta bununla bağlı qısa idxal bəyannaməsinin qeyd alınması ilə bağlı məlumatda vermişlər. Əgər şirkətə gələn mal ayın 6-sında daxil olmuşdursa, oktyabr ayının 8-i qısa idxal bəyannaməsi qəbul olunmamlı və qeydiyyata alınmamalı idi. Belə ki, yük sərhərdi keçən kimi sistem qısa idxal bəyannaməsin qəbul etmir. Şəxs tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqilyyatında Baş Gömrük İdarəsinin “SMS” məlumatından görünür ki, VÖEN ********** idxal olan 6505 kodlu mal **********00717 qeyd kodu ilə Beynəlxalq Dəniz Ticarət Limanı SKM-də qeydə alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 485.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi kimi hərəkətlər olmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs MMC-nin hərəkətlərində həmin halların, yəni Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Əksinə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi 07 oktyabr 2023-cü il tarixdə verilmiş və 08 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqilyyatında Baş Gömrük İdarəsi tərəfindən qeydə alınmışdır. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi kimi hərəkətlər mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs MMCnin əməlində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətin, yəni Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi kimi hallarının mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, Şəxs MMC-nin barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 485.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-615/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-615/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver