Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-617/2021 13.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1965-ci il mayın 11-də Qəbələ rayonu Böyük Pirəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Böyük Pirəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 13 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 13.12.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 23700 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 04.12.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və 04.12.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 21347,05 ABŞ dolları və 20 manat dövlət rüsumu borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, 04.12.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Daha sonra Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən sözügedən icra sənədi üzrə icraat dayandırılmışdır. Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilmədiyindən icra tədbirləri davam etdirilmişdir. O cümlədən "xxxx" QSC-nə və "xxxx" ASC-nə sorğular verilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesablarında pul aşkar edilməmişdir. Həmçinin “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Bundan əlavə Şəxs Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş məktubda göstərilmişdir ki, Şəxs şikayəti Konstitusiya məhkəməsinə daxil olmuş və hal-hazırda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş qaydada öyrənilir. Bu səbəbdən icra sənədi üzrə icraat dayandırılmamış və icra tədbirləri davam etdirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Bu günə qədər isə Şəxs borcundan 4000 manat ödəniş edilmiş, lakin Zərərçəkmiş şəxs həmin pulu qəbul etmədiyindən 4000 manat məbləğində pul şöbənin depozit hesabına ödənilmişdir. Hal-hazırda isə 2000 manat ödəməyə imkanı çatdığını bildirir. Zərər çəkmiş Zərərçəkmiş şəxs isə Şəxs borcunu ödəməsini təkidlə tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hal-hazırda 23700 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir. Lakin əslində həmin borc məbləğini qəbul etmədiyindən bununla bağlı Konstitusiya məhkəməsinə müraciət etmişdir. Şikayəti Konstitusiya məhkəməsinə daxil olmuş və hal-hazırda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş qaydada öyrənilir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar 04.12.2020-ci il tarixdə qəbul edilsə də, sonradan icra sənədi üzrə icraat dayandırılmışdır. İcra sənədi üzrə icraatın təzələnməsinin müddəti 2 ay deyil. Bununla belə 4000 manat məbləğində bir dəfə ödəniş etmişdir. Hal-hazırda isə 2000 manat ödəməyə imkanı çatır. O, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Adına heç bir əmlak yoxdur. Qəbələ rayonu Zarağan kəndində yerləşən obyektini "xxxx" MMC-yə icarəyə vermiş və aralarında icarə müqaviləsi bağlamışdır. Lakin "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsinə əsasən alacağı icarə pulunu 2022-ci ilin iyul ayından etibarən alacaqdır. Belə ki, sözügedən obyetin təmirinə "xxxx" MMC tərəfindən pul xərcləndiyindən hal-hazırda ona icarə pulu ödənilməməkdədir. Başqa yerdən isə gəliri yoxdur. Bunun qabağında tələbkara ödəniş etmiş və indi də etməyə hazırdır. Lakin 21347,05 ABŞ dolları bir dəfəlik ödəmək iqtidarında deyil və bu məbləğ onun qazancı baxımından mütənasib və ağlabatan deyildir. Tələbkar isə borcun ödənilməsini tələb etsə də, onun tərəfindən verilmiş ödənişləri qəbul etməməkdədir. Onun borcunu ödəmək iqtidarına malik olub borcunu ödəməsi barədə icra məmurunda və tələbkarda heç bir sübut yoxdur. Hesab edir ki, onun əməlində qərəzlilik yoxdur. Ondan tələb olunaq məbləğ, yəni 23700 ABŞ dolları olduqca yüksəkdir və bu səbəbdən bu günə qədər az-az ödəniş etməmişdir. Həmçinin o, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Heç bir əmlakını icra və probasiya şöbəsindən gizlətməmişdir. Əksinə Konstitusiya Məhkəməsinə müraciət etməsinə baxmayaraq, borcundan müəyyən qədər ödəniş etmiş və etməkdədir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X4 izahatında bildirdi ki, icra məmurunun və Şəxs izahatından müəyyən olundu ki, sonuncunun rəsmi iş yeri və gəliri yoxdur. Həmçinin tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. Borc məbləği isə 21347,05 ABŞ dollarıdır və icra məmuru da izahatında həmin məbləğin qərəzli olaraq Şəxs tərəfindən sübut edə bilməmişdir. Əksinə olaraq 2 aydan az müddətdə 4000 manat ödəniş etmiş və halhazırda da 2000 manat ödəməyə hazırdır. Bu isə onun əməlində qərəzlilik olmamasını göstərir. Həmçinin həm icra məmuru, həm də Zərərçəkmiş şəxs Şəxs həmin məbləği bir dəfəyə ödəmək gücündə olmasını sübuta yetirə bilməmişlər. Əksinə olaraq icra məmuru izahatında Şəxs rəsmi iş yerinin olmadığını, adına hər hansı əmlak olmadığını qeyd etmişdir. Şəxs həmin məbləği ödəmək imkanında olub ödəməməsi sübuta yetirilməmişdir. Hesab edir ki, Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 23700 ABŞ dolları məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Şəki Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldikdən sonra borclu Ağababayev X1 məhkəməsinə müraciət etmiş, lakin hal-hazırda icra prosesi dayandırılmamışdır. Şəxs tərəfindən bu günə qədər ona 4000 manat ödəniş edilsə də, həmin məbləği qəbul etməmişdir. Buna səbəb isə onun da maddi durumunun aşağı olması və borclarının olmasıdır. Bu səbəbdən Şəxs tərəfindən borcunun birdəfəlik ödənilməsini istəyir ki, öz borclarını birdəfəlik ödəsin. Şəxs tərəfindən ona məxsus obyektin "xxxx" MMC-yə icarəyə verilmişdir. Lakin "xxxx" MMC tərəfindən Ağababyev İlqara hələki pul ödənilməməsindən xəbərdardır. Həmçinin onlar bir kəndçidirlər və bütün bu halları nəzərə alaraq borcunun 2 dəfəyə ödənilməsinə etiraz etmir. Lakin yaxın müddət ərzində borcunun ödənilməsini tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu, zərərçəkmiş şəxsi və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 23700 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun 04.12.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - 04.12.2020-ci il tarixli bildirişin surətindən görünür ki, 04.12.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs təqdim edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun 06.04.2021ci il tarixli “İcraatın dayandırılması haqqında” Qərarına əsasən Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat dayandırılmışdır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 02.11.2021-ci il tarixli 17/01-1150 nömrəli məktubda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-2(102)-377/2021 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Konstitusiya məhkəməsinə daxil olmuş və halhazırda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada öyrənilir. - “Elektron icra sistem”indən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. - 25.11.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinin depozit hesabına təyinatı “Zərərçəkmiş şəxs borc ödənişi” olmaqla 4000 manat ödənilmişdir. - 13.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən 2000 manatı qəbul etmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlunalmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, 13.12.2021-ci il tarixə qədər ümumilikdə 4000 manat, məhkəməsi araşdırması zamanı 2000 (iki min) manat ödəməyə hazır olması özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onunəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-106/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-617/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-617/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver