Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-620/2021 27.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X4 tərəfindən 12 dekabr 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2021-ci il dekabrın 12-də, saat 01:20 radələrində “MERCEDES BENZ C180” minik markalı **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X4 göstərdi ki, Şəxs 2021-ci il dekabrın 12-də, saat 01:20 radələrində “MERCEDES BENZ C180” minik markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs sərxoş halda idarə etmişdir. Sürücünün içkili olub-olmamasını müəyyənləşdirmək üçün müayinə aparmışlar və müayinə zamanı sonuncunun qanında alkoqolun miqdarı 0,418 ‰ olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, sürücü nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Belə ki, sürücüyə verilmiş etibarnamənin müddəti bitmişdir. Bu səbəbdən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. - İş materiallarında olan Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, 12.12.2021-ci il tarixdə, saat 01:14-də Vüqar adlı sürücüdə alkoqol miqdarl 0,418 faiz olmuşdur. - İş materiallarında olan AC seriyalı 913291 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi isə 18.12.2027-ci ildir. - İş materiallarında olan AD 619061 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ C180” minik markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. - İş materiallarında olan ƏN-Vİİ 472107 nömrəli etibarnamənin surətindən görünür ki, X5 tərəfindən “MERCEDES BENZ C180” minik markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs etibar edilməsi müddəti 15.10.2021-ci il tarixdə bitmişdir. İşdə olan CD diskə əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs Qəbələ rayon Polis şöbəsində spirtli içki qəbul edib-etməməsi xüsusi texniki vasitə ilə yoxlanılmış, sonuncu spirtli içki içdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasənxüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİnə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-620/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-620/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver