Məhkəmə qərarları › İş №3(025)-620/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-620/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-620/2023 17.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1976-cı ildə Göyçay rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə istintaq-əməliyyat qruppasında olduğu vaxt axşam saatlarında 102 Polisin “Qaynar xətt”inə Şəxs tərəfindən müraciət olunaraq, polis nəfəri İlqar Məsimovu öldürəcəyini bildirmişdir. Bununla bağlı onlar izahat alınması üçün Şəxs ünvanına getmişdilər. Onlar Şəxs yaxınlaşan vaxt onun sərxoş vəziyyətə olduğunu görmüşdülər. İlqar onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymamışdır. Polis əməkdaşları onu Polis şöbəsinə dəvət etsələr də, o, onların qanuni tələblərinə tabe olmamış və Şəxs məcburi qaydada Polis şöbəsinə gətirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən iki gün bundan əvvəl polis əməkdaşı İlqar Məsimov aliment borcu olduğunu və buna görə axtarışa elan olunduğu barədə ona məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmişdir. Sərxoş olduğu üçün etdiyi hərəkətlərin fərqində olmadığı üçün həmin tarixdə AR DİN-in 102 xidmətinə zəng edərək İlqar adlı polis əməkdaşını öldürəcəyini bildirmişdir. Bir müddət sonra yaşadığı evdən çıxaraq küçədə gəzərkən polis əməkdaşları ona yaxınlaşmış, həmin vaxt, o, İlqar adlı polis əməkdaşına qarşı uca səslə nalayiq ifadələr işlədirdi. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişdilər, lakin, o, buna məhəl qoymadan davamlı olaraq uca səslə nalayiq ifadələr işlədirdi. Polislər bunun qarşısını almaq məqsədilə onu Qəbələ RPŞ-yə dəvət etmişdilər və xidməti maşına əyləşməyini bildirmişdilər. Bu zaman, o, qəsdən onların qanuni tələbinə tabe olmamış və polis şöbəsinə getməkdən imtina etmişdir. Lakin polis əməkdaşları onu maşına əyləşdirərək Qəbələ RPŞ-yə gətirmişdilər. Sonda isə əməlindən peşiman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən saat 23:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar