Məhkəmə qərarları › İş №3(025)-621/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-621/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-621/2021 15.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 dekabr 2021-ci tarixdə Qəbələ rayon Polis şöbəsinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Zamiq Nadirov tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 10.12.2021-ci il tarixdə saat 10 radəsində Qəbələ rayonu Zarağan kəndində işlədiyi “Uşaq Aləmi” mağazasında pirotexniki vasitələri satmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 10 dekabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı fərqli inzibati tənbeh nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs pirotexniki vasitələri “Uşaq Aləmi” mağazasında satmışdır. Həmin mağazanın sahibi isə X2 adlı şəxsdir. Eyni zamanda “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs həmin mağazada satıcı vəzifəsində işləməklə əməkhaqqı 250 manat təşkil edir. İş materiallarında olan İXH protokola Şəxs (işçi) və X2 (işəgötürən) arasında tam maddi məsuliyyət haqqında müqavilə olmasında dair hər hansı sübut əlavə edilməmişdir. Həmçinin iş materiallarında CD diskdə videogörüntülər əlavə edilmişdir ki, həmin görüntülərdə Şəxs Qəbələ rayon Polis şöbəsində verdiyi izahatıdır. Lakin İXH protokola pirotexniki vasitələrinin “Uşaq Aləmi” mağazasında hansı şəraitdə və hansı yerdə satılması barədə foto-şəkillər və videogörüntülər əlavə edilməmiş, bununla da həmin mağazaının sahibi X1 pirotexniki vasitələri satılmasından həqiqətən xəbərdar olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin mağazada satıcı işləyən Şəxs özünə məxsus mal və xidmətlərin göstərilməsinə səlahiyyətinin olması barədə hər hansı bir araşdırma aparılmamışdır. İXH protokol yalnız Şəxs və X1 ifadələrinə əsasən, yəni “Uşaq Aləmi” mağazasının sahibinin həmin pirotexniki vasitələrinin satılmasından xəbəri olmaması barədə izahatlarına əsasən Şəxs barəsində tərtib edilmişdir. Lakin inzibati xətaya görə məsuliyyətin fiziki şəxs kimi Şəxs, yoxsa vəzifəli şəxs kimi X1 məsuliyyət daşıması əsas məsələdir və hazırkı protokol və ona əlavə edilmiş sənədlərlə inzibati xətaya görə kimin məsuliyyət daşımasını müəyyən etmək mümkün deyildir. Bu hal da inzibati xəta haqqında protokolun natamamlığı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər qüsurlu və natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109.1, 109.1.6 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar