Məhkəmə qərarları › İş №3(025)-626/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-626/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-626/2021 17.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1964-cü il avqustun 15-də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17dekabr 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 16.12.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Qəbələ RPŞ-də polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 17dekabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 göstərdi ki, Şəxs 16.12.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Qəbələ RPŞ-də polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək etdiklərinə görə əməlindən peşman olduğunu bildirdi və barəsinə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Eyni zamanda etdikləri hərəkətə görə polis əməkdaşlarından üzr istədi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasının, yaşının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, 16 dekabr 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Qəbələ rayon Polis şöbəsində olarkən sonradan adı ona məlum olmayan Ramiz adlı Qəbələ rayonu Vəndam qəsəbə sakinin Polis şöbəsi inzibati binasına səs-küy salaraq daxil olduğunu görmüşdür. Həmin şəxs heç səbəb olmadan inzibati binaya daxil olarkən müxtəlif nalayiq söyüşlər söyməyə başlamış, polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq ondan nə baş verdiyini və polis şöbəsinə nə üçün gəldiyini soruşmuşlar. Lakin həmin şəxs hərəkətlərinə davam eləmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət edib, sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs daha uca səslə söyüş söyməyə davam etmişdir. Onun hərəkətlərindən və ona yaxınlıq məsafəsindən spirtli içki qəbul etdiyi hiss olunurdu. Həmin şəxs hərəkətləri ilə həm polis əməkdaşlarının, həm də onun və digər binada olan vətəndaşlara maneəçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, 16.12.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Qəbələ rayon polis şöbəsində olarkən sonradan adı ona məlum olan Qəbələ rayon Vəndam qəsəbə sakini Ramiz adlı şəxsin şöbənin inzibati binasına daxil olaraq, səs-küy salmasını, ucadan nalayiq ifadələr işlətməsini görmüşdür. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq ondan polis şöbəsinə nə üçün gəldiyini, nə baş verdiyini soruşmuşlar və onu nizam-intizamlı olmağa dəvət etmişlər və sakitləşdirməyə çalışmışlar. Lakin həmin şəxs buna məhəl qoymamış və daha uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onun yanında polis əməkdaşları və inzibati binada olan digər vətəndaşlar olmuşdur. Polis əməkdaşları onu sakitləşdirmək məqsədilə inzibati binadan uzaqlaşdıraraq həyətyanı sahəyə çıxartmağa çalışmışlar, lakin həmin şəxs təkrar olaraq onlara məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı X5 izahatında bildirmişdir ki, 16.12.2021-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbə sakini Şəxs 102 xidmətinə etdiyi müraciət əsasında sonuncuya zəng edərək onu Qəbələ RPŞ-yə dəvət etmişdir. Saat 17:30 radələrində xidməti otağında olarkən dəhlizdən səs gəldiyini eşitmiş, dəhlizə çıxmış, bir nəfər şəxsin sərxoş vəziyyətdə ucadan səslə nalayiq ifadələr işlətdiyini, onu niyə döyüblər dediyini eşitmişdir. Həmin şəxsə ilk olaraq yaxınlaşmış, həmin şəxsin Şəxs olduğu ona məlum olmuşdur. Daha sonra onların yanlarına polis əməkdaşları Əmirxan Səfərli və Əmircan Kazımov yaxınlaşmışlar. Şəxs Vəndam qəsəbə ərazisinin polis sahə rəisi polis baş leytenantı Nəsir Heydərovun ünvanına nalayiq ifadə işlədərək onu döyən şəxsin polis şöbəsinə gətirilməsini tələb etmişdir. Həmin zaman dəhlizdə vətəndaşlar da olmuşdur. Ona sakit olmasını bildirərək otağına dəvət etmişdir ki, ərizə və izahatını alsın, lakin o bundan imtina etmişdir. Həmçinin o sərxoş vəziyyətdə olduğu üçün izahatının alınması mümkün olmamışdır. Onu inzitama dəvət edərək inzibati binadan çölə çıxartmağa çalışmışlar, lakin Şəxs onlara mane olaraq çıxmayacağını bildirmişdir. O, polis şöbəsinin həyətində də hərəkətlərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan 16dekabr 2021-ci il tarixli “X10 Haqqında” protokoldan görünür ki, Şəxs 16dekabr 2021-ci il tarixdə, saat 20:00-da tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs 16.12.2021-ci il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 1,180 % olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 16.12.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Qəbələ RPŞ-də polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və bu zaman İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar