Məhkəmə qərarları › İş №3(025)-627/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-627/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-627/2023 20.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhər Z.Əliyeva adına parkda ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa, 20 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə Qəbələ şəhər Z.Əliyeva adına parkda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olmuşdur. 2 nəfər Post patrul əməkdaşları Şəxs və ərizəçi X7 şöbəsinə gətirmişdilər. Onlar Qəbələ şəhərində yerləşən “XS” çay evinin qarşıında mübahisə etmişlər. Şəxs dostu Qadir ilə “XS” çay evində oturub bir qədər pivə içib və hesabı ödəməmişdir. Bu zaman orada çalışan Zaur Əhmədov hesabı istəsə də onlar hesabı ödəməmişdilər. Onlar çay evini tərk etmiş və Zaur onların arxasıyca çıxmışdır. Şəxs Zaurla mübahisə etməyə başlamışdır. Bu zaman polis əməkdaşları onlar barəsində video çəkiliş aparmışdır. Tərlan polis əməkdaşlarına əl hərəkətləri ilə maneə olmağa başlamışdır. Daha sonra onu post patrul maşınına mindirərək Polis şöbəsinə gətirmişdilər. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı fərdi yaşayış evində dostu Qadir ilə birlikdə araq içdikdən sonra pivə içmək məqsədilə Qəbələ şəhərində Z.Əliyeva adına parkda yerləşən "XS" adlı çay evinə gəlmişdilər. Orada bir qədər oturub pivə içdikdən sonra dostu Qadir ilə hesabı ödəmədən getmək istəmişdilər. Həmin vaxt əvvəllər də həmin çay evində gördüyü, lakin adı ona sonradan məlum olan Zaur adlı şəxs onlara yaxınlaşaraq 8 manat məbləğində olan hesabı ödəməklərini bildirmişdir. Ona hal-hazırda pulunun olmadığını, daha sonra borcunu ödəyə biləcəyini demişdir. Lakin Zaur ona pulu indi ödəməli olduğunu demişdir. Spirtli içkinin təsiri altında olduğu üçün bundan əsəbləşmiş və Zaura qarşı uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra, o, çay evinin qarşısına çıxmışdır. Zaur da onun arxasınnan pulu almaq üçün çölə çıxmışdır. Onlar çay evinin qarşısında mübahisə edərkən oraya polis əməkdaşları gəlmiş və onlardan nə baş verdiyini soruşmuşdular. Onların sualına əhəmiyyət vermədən nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşları ona sakitləşməyini bildirsələr də spirtli içkinin təsirində olduğu üçün uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə də polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmiş, orada uca səslə ünvanlı və ünvansız, nalayiq ifadələr işlətməklə kənarda olan insanların dincliyini pozduğunu, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını başa düşmüşdür. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, Qəbələ şəhərində yerləşən “XS" adlı çay evini dostu Səfa ilə birlikdə işlədir. xx.xx.2023-cü il tarixdə sözügedən çay evində olarkən adı ona sonradan məlum olan Tərlan pivə içdikdən sonra qalxıb 8 (səkkiz) manat hesabı ödəmədən çıxıb getmək istəmişdir. Bunu gördükdə ona yaxınlaşaraq həmin pulu ödəməli olduğunu bildirmiş, lakin, o, digər müştərilərin yanında hesabı ödəməyəcəyini deyərək ona qarşı nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Ona qarşı nalayiq ifadələr işlətməyə davam edərək çay evindən çölə çıxmışdır. Hesabı ondan almaq üçün onun arxasınca çölə çıxmışdır. Çöldə də ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman orada xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşmışdılar. Onlar Tərlana sakitləşməyini bildirərək, nəyə görə nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşdular. Lakin Tərlan onların göstərişinə məhəl qoymadan uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, Tərlan onlarla da mübahisə yaratmış, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də polis əməkdaşları onları məsələnin aydınlaşdırılması üçün polis şöbəsinə dəvət etmişdilər. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, digər iş materialları ilə tam sübuta yetirilir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 tərəfindən tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 18 noyabr 2023-cü il tarixdən saat 08:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar