Məhkəmə qərarları › İş №3(025)-630/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-630/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-630/2023 01.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “Tula” markalı, tək lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K56669 olan qanunsuz mülki ov silahını saxlamış və gəzdirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 14 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “Tula” markalı, tək lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K56669 olan qanunsuz mülki ov silahını saxlamış və gəzdirmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib olunmuşdur. Şəxs barəsində protokol tərtib olunaraq məhkəmə göndərildikdən sonra sonuncu polis şöbəsinə yaxınlaşaraq silahın əslində ona deyil, Ağdaş rayon sakini X4 adlı şəxsə məxsus olduğunu, onun evinə baxdığını, ondan xəbərsiz silahı götürərək ova çıxdığını, işdən çıxarmasından qorxduğu üçün düzgün məlumat vermədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Ağdaş rayon sakini Nicat Qurbanova məxsus Qəbələ rayonu Qəmərvan kəndində ev vardır. O, həmin evə gözətçilik edir və aylıq əməkhaqqı alır. xx.xx.2023-cü il tarixdə Nicat Qurbanova məxsus evdən sonuncuya məxsus 1 (bir) ədəd “Tula” markalı, tək lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi K56669 olan tüfəngi götürərək ova çıxmışdır. Həmin zaman polis əməkdaşları onu aşkar etmişlər və ondan silaha dair sənədin olub-olmamasını soruşmuşlar. O isə silaha görə sənədinin olmamasını bildirmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman Nicat Qurbanov tərəfindən işdən çıxarılacağından qorxaraq silahın atasından ona yadigar qalmasını bildirmişdir. Halbuki silah heç vaxt ona məxsus olmamışdır. Silahın sahibi X4 adlı şəxsdir və onun silaha dair sənədi vardır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Ağdaş rayonu Gürcuva kənd sakinidir. Qəbələ rayon Qəmərvan kəndində ona məxsus ev vardır və həmin evə Vüsalı Hacıyev nəzarət etməkdədir. Bunun əvəzində Şəxs əməkhaqqı ödəyir. xx.xx.2023-cü il tarixdə Şəxs ona məxsus silahı götürərək ova çıxmış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs silahın yalandan ona məxsus olduğunu bildirmişdir. Halbuki silah onundur və bununla bağlı Ağdaş rayon Polis şöbəsi tərəfindən həmin silaha dair 17 noyabr 2023-cü il tarixdə 23/1116 №-li şəhadətnamə verilmişdir. Silaha dair şəhadətnamənin gec almasına səbəb silahın nömrəsində olan uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 16 çaplı, “TOZ” markalı, K 56669 nömrəli, yivsiz lüləli ov silahı üçün X223/1116 nömrəli şəhadətnamə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 590.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 590.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi alınmadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hərəkətlər olmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi alınmadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması hərəkətlərinə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hərəkətlər mövcud deyildir. Belə ki, Şəxs sözügedən silahı saxlanılması və daşıması iş materialları, tərəflərin izahatları ilə sübuta yetirilmir. Əksinə məhkəmə iclası zamanı silahın X2 məxsus olması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 16 çaplı, “TOZ” markalı, K 56669 nömrəli, yivsiz lüləli ov silahı üçün X2 23/1116 nömrəli şəhadətnamə verilməsi müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətin, yəni müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hallarının mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar