Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-631/2024 20.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 noyabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, İXM-nin 100.1.6-ci maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda öz əksini tapmalıdır. Göründüyü kimi protokolda zərər çəkmiş şəxsin adı, soyadı və onun yaşadığı yerin ünvanı protokolda öz əksini tapmamışdır. Həmçinin İXM-in 100.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında protokoldan göründüyü kimi, zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilməsi barədə protokolda heç bir qeyd aparılmamışdır. Həmçinin İXM-nin 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər protokolda öz əksini tapmalıdır. Protokola əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, kanalzasiya lyuklarını oğurlamışdır. Göründüyü kimi Şəxs oğurluq hərəkətləri etməsi nəticəsində işdə maddi ziyanın olması işin mübahisəsiz halıdır ki, İnzibati xəta haqqında protokolda maddi zərər haqqında heç bir qeyd edilməmişdir. Halbuki İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Nəticədə Şəxs zərərçəkmiş şəxslə dəymiş ziyanı ödəməsi və onunla barışması zamanı iş üzrə icraata xitam verilməsi üçün əsaslar olsa da, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən zərərçəkmiş şəxsin kim olması və ya zərərçəkmiş şəxsə dəymiş ziyanın nə qədər olması müəyyən edilmir. Əlavə olaraq məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın müəyyən edilməsi Şəxs etdiyi oğurluq əməlinə görə inzibati məsuliyyət yoxsa cinayət məsuliyyəti daşıması üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırkı inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə dəymiş ziyanın məbləği müəyyən edilmədiyindən əməlin inzibati xəta yoxsa cinayət olması sübuta yetirilmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-631/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-631/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver