Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-636/2024 25.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Dızaxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 noyabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nin inzibati binası və nəzarət buraxılış məntəqəsinin qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 25 noyabr 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nin inzibati binası və nəzarət buraxılış məntəqəsinin qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bununla da, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Qəbələ şəhərində H.Əliyev prospektində özünə məxsus olan Vaz2109 markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər hərkət iştirakçısı olan Qəbələ şəhər sakini Azər Qafarov adlı şəxsin avtobobilini vurmuşdur. Hadisə yerinə yaxınlaşan YPX əməkdaşları onları araşdırma aparılması üçün Qəbələ rayon polis şöbəsinə dəvət etmişlər. Orada izahat işləri aparılan zaman ona əsəbi olduğu üçün hərəkətlərinə nəzarət edə bilməmiş, bir anlıq şöbədə olduğunu unutmuş və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, əsəblərinə sahib dura bilməyərək söyüş söyə söyə inzibati binadan çıxmış və Nəzarət-Buraxılış Məntəqəsinin yanında yolun kənarına yaxın hissədə uca səslə söyüş söymüşdür. Polis əməkdaşları etmiş olduğu hərəkətlərin inzibati qayda pozuntusu olmasını ona izah edib, ictimai qaydanı pozmamağa dəvət etsələr də, bundan nəticə çıxarmamış, belə olan halda barəsində tədbir görülməsi üçün Qəbələ rayon polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Buna görə də əməlindən peşmandır. Onlardan üzr istəyir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Qəbələ RPŞ-nin Yol Patrul Xidməti Bölüyüyün inzibati təcrübə üzrə operator vəzifəsində işləyir. Qəbələ şəhəri ərazisində Qəbələ şəhər sakini X7 və Qəbələ rayon Dızaxlı kənd sakini Şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ypx inspektoru Ruslan Mikayılov müvafiq araşdırma aparılması məqsədilə xx.xx.2024-cü il tarixdə səhər saatlarında həmin şəxsləri Qəbələ RPŞ-yə dəvət etmişdir. Şöbənin inzibati binasında Şəxsla izahat işləri aparan zaman hadisə zamanı günahın qarşı tərəfdə olmasını təkidlə bildirməyə başlamış, hərəkətlərinə nəzarət edə bilməyərək otaqda olan digər əməkdaşların və hadisə iştirakçısı olan Azər Qafarovun yanında bir neçə dəfə uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Ona bir neçə dəfə şöbənin inzibati binasında nalayiq ifadələr işlədib ictimai qaydanı pozmamağa dəvət etsələr də, o, ifadə verməyəcəyini bildirib şöbənin inzibati binasının çöl qapısına getmiş və hərəkətinə haqq qazandırıb " nə edirəmsə yaxşı edirəm, gedin işinizlə məşğul olun " deyib uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Ondan Şöbənin inzibati binasının Nəzarət-Buraxılış Məntəqəsinin yolun hərəkət hissəsinə yaxın məsafədə yerləşdiyi üçün uca səslə söyüş söyüb ətrafda olan insanların diqqətini özünə cəlb etməməyi, hərəkətləri ilə ictimai qaydanı pozmamağı tələb etmişlər. Bu zaman o yoldan keçən insanların diqqətini özünə cəlb edirmiş. Buna baxmayaraq Şəxs hərəkətlərinə davam edib ictimai qaydanı kobud şəkildə pozmuşdur. Belə olan halda YPX əməkdaşları Şəxs barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 digər şahid X6 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində H.Əliyev prospektində etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmək istəyərkən adı sonradan ona məlum olan Qəbələ rayon Dızaxlı kənd sakini Şəxs adlı şəxs özünə məxsus olan Vaz 2109 markal avtobillə əks yola çıxıb onun maşınını vurmuşdur. O, hadisə ilə bağlı onunla söhbət edərək bir neçə dəfə onun üzərinə qışqırıb “günah səndədir, get mənim maşınımı da, öz maşınını da düzəltdir” kimi ifadələr işlətmişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilkin araşdırma aparıb onları izahat işləri aparılması üçün şöbəyə dəvət etmişlər. Orada izahat işləri aparan zaman Şəxs təkidlə özünün günahının olmadığını sübuta yetirmək istəyir, inzibati binanın otağında onun və bir neçə polis əməkdaşlarının yanında ünvansız nalayiq ifadələr işlətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nin inzibati binası və nəzarət buraxılış məntəqəsinin qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozması, xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-636/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-636/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver