Məhkəmə qərarları › İş №3(025)-637/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-637/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-637/2024 04.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X5, şikayət vermiş şəxs X6 iştirakları ilə X6 Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru X8 tərəfindən barəsində tərtib olunmuş qanunsuz, əsassız və qərəzli xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol, həmin protokol əsasında AR DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024- cü il tarixli qərarın və müəyyən edilmiş cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru X8 tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu tərtib olunmuşdur. Həmin protokola əsasən guya o, Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerdə qanunsuz küçə ticarəti ilə məşğul olmuş və malların satılması və xidmətlər göstərərək qanunsuz küçə ticarəti ilə məşğul olmuş və bununla da inzibati xəta törətmişdir. Daha sonra həmin qanunsuz və qərəzli protokol əsasında ona Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən AR İXM-nin 454-cü maddəsi ilə İnzibati tənbeh vermə haqqında MN N ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən 80 (səksən) AZN inzibati cərimə tətbiq edilmişdir. O, xx.xx.1993-cü il tarixində Vəndam qəsəbəsində anadan olmuşdur. Hal-hazırda da həmin qəsəbədə valideyinləri ilə birlikdə yaşayır. Valideynlərinin hər ikisi təqaüdçüdür. Atası bir neçə ildir ki, paralijdən əziyyət çəkir və hər anında maddi, fiziki və mənəvi cəhətdən onun yardımına ehtiyacı vardır. O, xeyli müddətdir və hal-hazırda Vəndam qəsəbəsində sürücü kimi kirayə götürüb idarə etdiyi avtomobillə avtomobilləri bu və ya digər səbəbdən qəzalı vəsiyyətə düşən vətəndaşlara evakuasiya xidməti göstərir. Barəsində xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolu tərtib olunarkən qanunsuz, ədalətsiz və qərəzli olaraq tərtib edildiyindən həmin protokolda da narazı olduğunu qeyd etmişdir. Çünki, həmin protokolda qeyd edildiyi kimi o, Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerdə qanunsuz küçə ticarəti ilə məşğul olmamış və malların satılması və xidmətlər göstərərək qanunsuz küçə ticarəti ilə məşğul olmamışdır. Ümumiyyətlə o, heç vaxt xırda küçə ticarəti ilə məşğul olmamışdır. Barəsində tərtib olunmuş mübahisəli protokol və qərarın heç bir hüquqi əsası və sübutları mövcud deyildir. Belə ki, barəsində tərtib olunmuş protokol bilavasitə Vəndam polis bölməsində tərtib olunmuşdur. Çünki belə hadisə ümumiyyətlə baş verməmişdir. Baş verməmiş inzibati pozuntunun harada törədilməsi isə protokolda qeyd olunmalı idi. Bela bir qeyd isə protokolda yoxdur. Guya o, Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerdə qanunsuz küçə ticarəti ilə məşğul olmuş və malların satılması və xidmətlər göstərərək qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Lakin tərtib olunmuş protokolda inzibati xətanın törədildiyi yer, törədildiyi vaxt, tarix, saat və törədilmiş inzibati xətanın, yəni xırda küçə ticarətinin nədən ibarət olması barədə heç bir fakt, maddi sübutlar şikayətçilər, zəzrərçəkənlər və s. göstərilməmişdir. Mübahisəli protokolda protokola qoşma kimi yalnız raport və izahat göstərilmişdir. Həmin izahatın isə tərtib olunmuş mübahisəli protokola heç bir aidiyyatı olmamışdır. Həmin izahat tamam başqa hadisə ilə əlaqədar olmuşdur və xırda küçə ticarətinə heç bir aidiyyəti yoxdur. Onun İXM-nin 454-cü maddəsində nəzzərdə tutulmuş inzibati xətanı törətdiyini təsdiq edən heç bir mötəbər sübut, inzibati xətanın törədildiyi yeri təsdiq edən sənədlər, fotoşəkillər, videogörüntülər, şahid izahatları, texniki vasitələrin göstəriciləri və s. protokola əlavə edilməmişdir. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub. Çünki o, qanunun tələblərini pozmadığı halda, ticarətlə məşğul olmadığı halda həmin idarənin əməkdaşı qərəzli şəkildə ona qanunsuz və əsassız protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X11 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilən Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X8 qeyd edilən qərarın qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayətin əsassız olduğunu, ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, Vəndam qəsəbəsində inək oğurlanmışdır və bununla bağlı icraatına Qəbələ rayon Polis şöbəsinin əməliyyat şöbəsindən raport daxil olmuşdur. Raportla əlaqədar X6 da izahatı alınmışdır. İzahatının alınmasına səbəb isə onun mal-qara alveri ilə məşğul olması barədə məlumatın olması olmuşdur. X10 və mal-qara alveri ilə məşğul olan digər şəxslərə dəfələrlə bildirilmişdir ki, mal-qara alveri edərkən malın alındığı və satıldığı şəxslər barəsində qeydlər aparsınlar. Lakin bunlara vətəndaşlar tərəfindən əməl edilməməsi nəticəsində bəzi oğurluq cinayətlərinin aşkara çıxarılması çətinlik törədir. Bu səbəbdən X11 barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 12 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 rayonu, Vəndam qəsəbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerlərdə malların satılması və xidmətlər göstərərək qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. İş materiallarında olan Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X1 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 12 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 rayonu, Vəndam qəsəbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerlərdə malların satılması və xidmətlər göstərərək qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, İXM-nin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -səksən manat məbləğində cərimə edilir. İXM-nin 454-cü maddəsinin dispoziyasından görünür ki, qanunverici “küçə ticarəti” dedikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasını və ya işlərin (xidmətlərin) görülməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X8 məhkəməyə X6 qanunsuz küçə ticarəti ilə məşğul olmasına dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə qeyd edir ki, X6 İXM-nin 454-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əməlində Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsi halları mövcud olmalıdır ki, hazırki halda bu sübuta yetirilməməkdədir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs də izahatında bildirmişdir ki, inək oğurlanması zamanı Rövşən Oruclunun izahatı alan zaman onun əvvəllər mal-qara satışı ilə məşğul olduğunu müəyyən etmiş, bu səbəbdən onun barəsində protokol tərtib etmişdir. X2 Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasını və ya işlərin (xidmətlərin) görülməsini təsdiqləyən sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X11 tərəfindən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hərəkətlər edilmədiyindən onun İXM-in 454-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən X6 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, X11 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə eyni zamanda hesab edir ki, şikayətçi X6 Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolun ləğv edilməsi tələbi əsassız olduğundan şikayət həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı müəyyən olunduğundan, şikayət qismən təmin edilməli, Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş X6 Azərbaycan Respublikası İXM-in 454-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 12 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən edilsin. Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş X6 Azərbaycan Respublikası İXM-in 454-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 12 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar