Məhkəmə qərarları › İş №3(025)-647/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-647/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-647/2024 25.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ RPŞ DYPB YPX inspektoru polis serjantı X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu Cığatelli kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 511.1.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6703576) tərtib edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:52 radələrində o, idarə etdiyi “VAZ 21074 Minik” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşınla Qəbələ şəhəri, H.Aslanov küçəsi ilə hərəkətdə olarkən avtoxuliqanlıq etmişdir. Qəbələ RPŞ DYPB YPX inspektoru polis serjantı X2 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Qəbələ şəhəri, H.Aslanov küçəsində xidmətdə olarkən Şəxs müəyyən edilən sürət həddini aşmadan idarə etdiyi “VAZ 21074 Minik” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşın H.Aslanov küçəsinə dönərək hərəkəti davam etdirmişdir. Həmin vaxt sürücü iki dəfə əyləci sıxaraq avdomobilin sürətini dayanma həddinədək azaltdığı üçün təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində yüksək səs çıxmış və yolun səthində təkər izləri qalmışdır. Ona görə də, Şəxs barəsində AR İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol (İXP 6703576) tərtib edilmişdir. Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Cığatelli kəndində yaşayır və Qəbələ şəhərində yerləşən “Tural” marketdə kassir vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 23-30 radələrində işdən çıxaraq etibarnamə ilə idarə etdiyi “VAZ 21074 Minik” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşınla Qəbələ şəhərində hərəkətdə olmuş və H.Aslanov küçəsinə dönərkən sürəti azaltmaq məqsədilə əyləci mütənasib qaydada sıxmışdır. Lakin nasazlıq səbəbindən avtomobilin əyləc sistemi işə düşməmiş və o, yenidən cəhd edib əyləci daha çox sıxaraq avdomobilin sürətini dayanma həddinədək azaltmışdır. Həmin vaxt təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində səs çıxmış və yolun səthində təkər izləri qalmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin AR İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs etibarnamə ilə idarə etdiyi “VAZ 21074 Minik” markalı ** BL *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə, saat 23:35 radələrində Qəbələ şəhəri H.Aslanov küçəsində hərəkətdə olarkən normal sürətlə hərəkət etmiş, sürəti qəflətən artırmamış, əksinə azaltmaq məqsədilə əyləci sıxmışdır. Həmin vaxt təkərlərin yolun səthi ilə sürtünməsi davamlı deyil, ani olmuş və uyğun gələn səslə müşayiət olunmuşdur. Həmin hallar AR İXM-nin 511.1.3-cü maddəsinin tərkib əlamətləri ilə əhatə olunmadığından Şəxs barəsində İXM-nin müvafiq maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM- nin 511.1.3-cü maddəsi ilə olan (İXP 6703576) inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar