Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-65/2022 08.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş 08 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.02.2022-ci il tarixdə saat 14:10 radələrində Qəbələ rayonu Nic qəsəbəsində həyətyanı sahəsində xüsusi karantin rejimi qaydasını pozaraq yas məclisi təşkil etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X2 məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, Şəxs 07.02.2022-ci il tarixdə saat 14:10 radələrində Qəbələ rayonu Nic qəsəbəsində həyətyanı sahəsində xüsusi karantin rejimi qaydasını pozaraq yas məclisi təşkil etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxsnu polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 06.02.2022-ci il tarixdə 13:00 radələrində yaşadığı Qəbələ rayon Nic qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində mərhum qardaşı Eduard Falçiyana il “yas” məclisini təşkil etmişdir. Yas mərasimində 50 nəfər şəxs iştirak etmişdir. Təşkil olunan məclislərin 150 nəfərlə keçirilməsinin qanuni olduğunu düşünüb o da yas mərasimi təşkil etmişdir. adətdən olduğu üçün stolları ayrı-ayrı düzməmişdir. Masa arxasında 28 nəfər şəxs əyləşmişdi. Həyətyanı sahəsində yas məclisi təşkil edərək karantin qaydası rejimini pozmasına görə əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbəh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını və daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi iş materialları və barəsində inzibati icraat aparılan şəxsin öz izahatı ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli Qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2022-ci il 6 mart saat 06:00-dək uzadılmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyriyoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə "orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi Şəxs 07.02.2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində həyətyanı sahəsində yas məclisi təşkil edərək epidemiya əleyhinə rejimlərin sanitariya-gigiyena və karantin rejimləri qaydalarının tələblərini pozmuşdur. Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materialda, həmçinin məhkəmə iclasında iş araşdırılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs 07.02.2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində həyətyanı sahəsində xüsusi karantin rejimi qaydasını pozaraq yas məclisi təşkil etməsi işə əlavə foto-şəkilləri ilə və onun öz etirafı ilə sübut olunur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-65/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-65/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver