Məhkəmə qərarları › İş №3(025)-651/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-651/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-651/2024 28.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantlı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu Kiçik Pirəli kəndində anadan olmuş, orta təhsilli, subay, Qəbələ rayonu Kiçik Pirəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) xx.xx.2024-cü il tarixdə, saat 19-30 radələrində Qəbələ rayonu Kiçik Pirəli kəndində Qəbələ RPŞnin əməkdaşları tərəfindən oğurluq faktı üzrə saxlanılmış və kobud rəftar nümayiş etdirdiyi üçün müvafiq qaydada yoxlanılarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Kiçik Pirəli kəndində yaşayır və fərdi qaydada sifariş əsasında tapşırılan işləri yerinə yetirməklə qazanc əldə edir və əsəbi olduğu hallarda arabir narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə sinif yoldaşı X3 ilə birlikdə sonuncuya məxsus olan avtomobili satmaq məqsədilə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmiş və orada tanımadığı şəxsdən aldığı narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 19-30 radələrində Qəbələ rayonu Kiçik Pirəli kəndində Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən əsəbi və yorğun olduğuna görə onlarla kobud rəftar etmiş və sonradan əməlinə görə peşman olmuşdur. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1900 saylı Rəyə əsasən keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmişdir. O. narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2024-cü il tarixli 022628 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 19:30-da AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar