Məhkəmə qərarları › İş №3(025)-654/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-654/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-654/2023 28.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Yemişanlı kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 28 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis leytenantı X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon, Yemişanlı kəndində həyat yoldaşı X1 döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 28 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onun ilə 2021-ci il tarixdə evlənmiş, bir azyaşlı övladları vardır. Aralarında olan mübahisələrə görə son 5 aydır ki, ayrılmışdılar və Tutu ata evində yaşayır. Ara-sıra gələrək uşağı görmüş və saxlamaq üçün bir-iki günlük aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində əvvəlcədən yoldaşına zəng edərək “uşağı hazırla gəlib aparacam” demişdir. Təxminən 10-15 dəqiqə sonra onun evinə, yəni Yemişanlı kəndinə getmişdir. Uşağı götürmək istəyən zaman “uşağın dərmanları var verə bilmərəm” demişdir. O də ona “dərmanları da ver lazım olsa həkimə də aparacam” demişdir. Bu zaman evə onun anası Xavər gəlmiş, qızına “uşağı vermə” demişdir. Uşağı Tutunun qucağından götürərək həyətə düşmüş, avtomobilinə minərək çıxıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Onunla 2020-ci il tarixdə evlənmişdir. Bir azyaşlı övladları vardır. Aralarında olan mübahisələrə görə son 5 aydır ki, ata evində yaşayır. Bəylərxan ara-sıra gələrək uşağı görmüş və saxlamaq üçün bir-iki günlük aparırdı. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində əri evinə gəlmiş, uşağı aparmaq istəmiş, o da ona “aparma uşaq xəstədir” demişdir. Uşaq “mənimdir aparacam” demiş, onu itələmiş, sonra boğazından tutaraq boğub uşağı əlindən almışdır. Həyətə düşmüş, səsə anası gəlmişdir. Anasınıda təhqir etmiş və evdən çıxıb getmişdir. Buna görə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda isə Şəxs ilə barışmayacağını, ondan şikayətçi olduğunu və ona daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 615 saylı tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sağ aşağı hissəsinin sıyrıqları kimi xəsarətin olduğu, həmin xəsarətin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi şəraitdə törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu qeyd olunmuşdur. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/1678 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar