Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-659/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon prokurorunun köməkçisi X6, zərərçəkmiş şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsi, ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (06İXM/24 saylı inzibati xəta materialı) başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə saat 13-00 radələrində Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bibisi Zərərçəkmiş şəxs qəsdən döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsi, ev 8-da yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində 9 yaşlı qızı Mələk və 7 yaşlı oğlu Yusif evə gələrək Zərərçəkmiş şəxs onları söyərək küçədən qovduğunu bildirmiş və o, əsəbləşərək bibisi Aygünün yaşadığı ünvana gedərək ondan hərəkətlərini izah etməsini tələb etmişdir. Həmin vaxt Aygünlə aralarında mübahisə baş vermiş və biri birini söyərək dalaşmışlar. Aygün yerdən daş götürmək istədiyi üçün onun qolundan tutub sıxmış, lakin onu vurmamışdır. Səs-küyə Aygünün əri Elman, qonşular, Fəxrəddin, Reyhan və Nəzakət gəlmiş və onları ayıraraq Aygünü Nəzakətin həyətinə aparmışlar. Həmin vaxt əmisi X3 hadisə yerinə gəlmiş və Elmanın münaqişə yaratdığını zənn edərək onu itələyib yerə yıxmışdır. Bununla da münaqişə başa çatmış və hər biri öz evinə getmişdir. Az sonra əməlindən peşman olub bibisi Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etsə də, göstərdiyi səylər nəticəsiz qalmış, barışıq əldə edilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsi, ev 34-da yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində qardaşı Fəxrəddinin nəvələri, 9 yaşlı qızı Mələk və 7 yaşlı oğlu Yusifin küçədə qonşuya məxsus ağacdan qoz yığdıqlarını görmüş və onları qovmuşdur. Az müddət keçməmiş Şəxs onun yaşadığı ünvana gələrək onu nalayiq ifadələrlə təhqir etmiş, sonra təpik və yumruqla vuraraq xəsarətlər yetirmişdir. Səs-küyə əri Elman, qonşular, Fəxrəddin, Reyhan və Nəzakət gəlmiş və onları ayırmışlar. Həmin vaxt qaynı X3 hadisə yerinə gəlmiş və Elmanı vuraraq yerə yıxmışdır. Bununla da münaqişə başa çatmış və hər biri öz evinə getmişdir. İş üzrə şahid X1 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, P.Həşimov küçəsi, ev 6-da yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində evdə olarkən səs-küy eşidib küçəyə çıxaraq Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək biri birinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş və yaxınlaşan digər qonşularla birlikdə onları sakitləşdirmişlər. Həmin vaxt X3 hadisə yerinə gələrək Elmana tərəf getmişdir. O, çevrilib baxarkən Elmanın yerə yıxıldığını görmüş, lakin onu kimin vurduğunu görməmişdir. Bununla da münaqişə başa çatmış və hər kəs öz evinə getmişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 519 saylı ekspert rəyinə əsasən 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol əlin üst səthinin və sol budun bayır aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən törənmişdir. Həmin xəsarət xx.xx.2024-cü il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2016cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-659/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-659/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver