Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-66/2022 08.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1987-ci il avqustun 15-da Qəbələ rayonu Küsnət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Küsnət məhəlləsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 fevral 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, 19.12.2021-ci il tarixdə Qəbələ şəhər bazarında Zərərçəkmiş şəxs ağız nahiyyəsindən əli ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 08 fevral 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, 19.12.2021-ci il tarixdə Qəbələ şəhər bazarında Zərərçəkmiş şəxs ağız nahiyyəsindən əli ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, həmin Protokolun bütün səhifələrinin pozularaq yenidən yazılmasını onunla izah etmişdir ki, qeyd edilən nömrəli Protokol əvvəlcə başqa şəxs barəsində tərtib olunmuş, lakin həmin şəxs barəsində sonradan protokol tərtib etməyə zərurət aradan qalxdığından pozuntulara yol verilmiş və Şəxs barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, onunla heç bir münaqişə və ədavəti olmamışdır. Tanışı Xəyalə adlı qadın ona azyaşlı qızı Sənubərin Qəbələ şəhər sakini adını bilmədiyi, lakin “VAZ 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mütəmadi olaraq onun qızının arxası ilə gəldiyini, narahat etdiyini bildirmiş, ona bu barədə köməklik göstərməsini xahiş etmişdir. O, həmin şəxsin kim olduğunu maraqlanmış, həmin şəxsin Sərxan olduğunu və Sərxanın Qəbələ bazarında işlədiyini demişlər. Buna görə 19.12.2021-ci il tarixdə Qəbələ şəhər bazarına getmiş, Sərxanın işlədiyi yeri tapıb onu mağazasından çölə çıxarmışdır. Sərxanla mağazanın arxa hissəsinə keçmişlər və ondan Sənubər adlı qızı tanıyıbtanımadığını soruşmuşdur. Sərxan isə Sənubəri tanıdığını, lakin Sənubər haqqında fikrinin ciddi olmadığını bildirmişdir. Həmin vaxt əsəbləşərək əlinin arxası ilə vurmuşdur. Həmin vaxt Sərxan onun üzərinə gəlmiş, lakin onu vurmamışdır. Əməlindən peşimandır. Himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınmasını və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 19.12.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində işdə olan zaman tanımadığı şəxs ona bir qədər yaxınlaşıb əli ilə işarə edərək onun yanına gəlməsini bildirmişdir. O da həmin şəxsin ondan nə isə alver edəcəyini düşünüb onun yanına getmişdir. Sonradan adını bildiyi Anar adlı şəxs onun qolundan tutub bir qədər aralıya, mağazanın arxa hissəsinə aparmışdır. Ondan Sənubər adlı qızı tanıdığını soruşmuş, o isə Anara Sənubəri tanıdığını bildikdə Anar onun ağız nahiyyəsinə bir dəfə yumruq ilə vurmuş, sonra isə heç nə demədən yanından ayrılıb getmişdir. Daha sonra olanları atasına danışmış və atası AR DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının 22.12.2021-ci il tarixli 637 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alt dodağın sol tərəfində selikli qişaya qansızma kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 19 dekabr 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1646 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-66/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-66/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver