Məhkəmə qərarları › İş №3(025)-662/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-662/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-662/2024 05.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1973-cü il yanvarın 13-də Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 dekabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində ictimai yerdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cı maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 03 dekabr 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2 göstərdi ki, Şəxs xx.xx.2024cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində ictimai yerdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qızına toy məclisi üçün ərzaq məhsulları almaq üçün kəndə mağaza işlədən Zərərçəkmiş şəxs yanına getmişdir. Onun Elxana 370 manat borcu qalmışdır. Elxanla razılaşmış ki, maaş alıb borcunu ödəyəcəkdir. Təxminən 4-5 ay Elxana borcunu verə bilmmişdir. Elxan digər şəxsə məxsus mobil nömrə ilə zəng edib ona təhqiredici ifadələr işlədərək borcu istəmişdir. Ona səbrli olmağı, yaxın günlərdə borcunu qaytaracağımı dedikdə telefon danışığı zamanı onun ünvanına nalayiq ifadə işlətdiyi üçün onu təhqir etmişdir. Sonra Elxana zəng edəndə onun zənglərinə cavab vermədiyi üçün onun istifadəsində olan nömrəsinin Vhatsap sosial şəbəkəsi vasitəsi ilə səsli mesajlar yazmışdır. O, Kəlbəcər rayonunda işlədiyi üçün onuna görüşməmişdir. İctimai yerdə onunla mübahisə və münaqişə etməmişdir. Bu barədə Zərərçəkmiş şəxs dedikləri həqiqəti əks etdirmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2024-cü il aprel ayında həmkəndli Şəxs ona məxsus mağazaya gələrək qızına toy məclisi təşkil edəcəyini, buna görə nisyə ərzaq məhsulları almaq istədiyini demişdir. Ona 1100 manat məbləğidə ərzaq məhdullarını borca vermişdir. Rahib maaş kartını mağaza zorla qoymuşdur ki, borcu oradan çıxsın. Onunla razılaşmışlar ki, aprel ayının 28 günü borcu tam bağlayacaqdır. Həmin gün gəldikdə o, Rahibə zəng edib borcu istədikdə demiş ki, övladları kartınnan pul çəkiblər və kartda pul qalmamışdır. Növbəti ay borcu ödəyəcəkdir. Növbəti ay bir neçə dəfə zəng etdikdən sonra 500 manat pul göndərmişdir. 2 ay sonra 200 manat pul göndərmişdir. Ondan sonra çoxlu sayda zəng etsə də, zənglərə cavab verməmişdir. Onun nömrəsini açmadığı üçün o, başqa şəxslərin nömrəsi ilə Rahibə zəng edirmiş. xx.xx.2024-cü il tarixdə o, digər nömrədən Rahibə zəng etmişdir. Telefon danışığı zamanı Rahibdən borcu istəmişdir. Rahib ona kəndə gələcəyini və borcu verəcəyini demişdir. Onu bir neçə dəfə aldatdığı və yalan danışdığı üçün kart hesabına göndərməyi təklif etmişdir. Onunla telefon danışığı zamanı Rahibin ünvanına "cındır" kəlməsi işlətmişdir. Digər nalayiq ifadələr işlətməmişdir. O, telefonu söndürmüşdür. Rahib ona zəng edəndə götürməmişdir. Ona tanımadığı nömrədən zəng etmişdir və telefon zəngini açmışdır. Telefon danışığı zamanı onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da onun ünvanına "götverən" sözünü işlədib söndürmüşdür. .Şəxs Vhatsap sosial şəbəkəsi vasitəsilə ona səsli mesajlar göndərmişdir. Səsli mesajlarda da onun və ailəsinin ünvanına nalayiq ifadə işlətmişdir. Rahib 4 dəfə ona nalayiq söyüşlərlə olan mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radəsində Şəxs işlədiyi mağazaya gələrək barəsində niyə şikayət etdiyini soruşmuşdur. O da ona nalayiq sözlərə görə cəzalanmağını demişdir. Mağazanın içərisində Şəxs uca səslə onun ünvanına nalayiq ifadə işlətmişdir. Ona mağazada olmasını, söyüş söyüləsi yer olmadığını, mağazadan çıxmasını bildirsə də, o təxminən 4-5 dəqiqə onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədib çıxıb getmişdir. Rahib söyüş söyən vaxt qışqıraraq nalayiq ifadələr işlətdiyi üçün ora təxminən 5-6 nəfər yolun sağ tərəfinə toplaşmışdır. O, əsəbi olduğundan yolun kənarına toplaşan şəxslərin kim olduğunu bilməmişdir. Əsəbləşdiyi üçün mağazanı bağlayıb rayon polis şöbəsinə gəlmişdir. O, Rahibin mağazada qışqıraraq söyüşlər söydüyü üçün digər hərəkətlərinin sübut kimi söydüyü səsləri yazmışdır. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin Məcəllənin 38-ci fəslinə, yəni ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyət əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Göründüyü kimi İXM-nin 510-cu maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində xırda xuliqanlıq hərəkətləri olmalıdır. Xırda xuliqanlıq isə ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoyulmamasını sübut edir. Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahələrində yarana ictimai münasibətlərdir. Xətanın bilavəsitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni ictimai qaydanın pozulmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hallar mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs Şəxs ona qarşı xırda xuliqanlıq etməsinə dair, yəni ictimai yer olan işlədiyi marketdə onu nalayiq sözlərlə təhqir etməsinə dair məhkəmə iclasına şahid gətirəcəyini qeyd etmiş, məhkəmə bu məqsədlə məhkəmə iclasını təxirə salmış, lakin Zərərçəkmiş şəxs bununla bağlı məhkəmə iclasına hər hansı şahid gətirə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hərəkətlər edilmədiyindən onun İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar