Məhkəmə qərarları › İş №3(025)-667/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-667/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-667/2024 09.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Qəbələ rayonu, Şəfili kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748951) tərtib olunmuşdur ki, o, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1080/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 4555.72 (dörd min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyanı ödəməsi barədə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədinə münasibətdə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs xeyrinə 4555.72 manat ödəməsi barədə Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. O Gədəbəy rayonunda yerləşən AR MN N saylı hərbi hissədə kapitan rütbəsində xidmətdə olmuş və 2016-cı ilin “Aprel döyüşü”ndə iştirak etmişdir. Zərərçəkmiş şəxs da həmin hərbi hissədə xidmət etmiş və aralarında yaxşı münasibətlər yaranmışdır. 2014-cü ildə o, Zərərçəkmiş şəxs adına "xxxx" ASC-nin Gədəbəy filialından 8000,0 manat kredit götürmüş və Zərərçəkmiş şəxs 600,0 manat verərək aylıq ödənişləri öz üzərinə götürmüşdür. Lakin 2016-cı ildə həbs edilmiş və ödəmələri apara bilmədiyindən kreditin qaytarılması Zərərçəkmiş şəxs tərəfindən həyata keçirilmişdir. 2020-ci ildə həbsdən azad edildikdən sonra ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Şəfili kəndində yaşamış və günəmuzd fəhlə işləyərək ailənin ən zəruri ehtiyaclarını ödəmişdir. Himayəsində biri xəstə olmaqla iki nəfər azyaşlı uşağı vardır və ailə üzvləri ilə birlikdə heç bir kommunal şəraiti olmayan evdə yaşayır. Onun qiymətli əmlakı və başqa gəlirləri yoxdur. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1080/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini tələbkar Zərərçəkmiş şəxs ayda 200-250,0 manat ödəməklə icra edə bilər. Ona görə də, borcunun ayda 200,0 manat hesabı ilə hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4555.72 (dörd min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyan alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e288508/2022-11-5-004 nömrəli Bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-1/2024 saylı qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həps edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(025)-68/2024 saylı qərardadının surətinə əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022 saylı icra sənədi üzrə borclu Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, e288508/2022-11-5-006 nömrəli arayışa əsasən, Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-1080/2022 saylı icra sənədi üzrə borclu Şəxs tələbkara 4621, 28 manat ödəməli olduğu halda, hən hansı bir məbləğ ödəməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009cu il təvəllüdlü X2 adında uşağı vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması və hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakteri nəzərə alınaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 dekabr 2024-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar