Məhkəmə qərarları › İş №3(025)-675/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-675/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-675/2024 18.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X14 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Tola kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Tövlə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2052952) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam vaxtı Qəbələ rayonu, Hacallı-Tola avtomobil yolunda ictiami yerdə sərxoş halda uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Tola kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. Rayon ərazisində baş vermiş oğurluq faktı ilə bağlı Qəbələ RPŞ-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə onunla əlaqə saxlayıb şöbəyə dəvət etsələr də o, getməmişdir. xx.xx.2024-cü il tarixdə axşam vaxtı o, özünə məxsus olan Vaz 21011 markalı avtomobili idarə edərək Hacallı-Tola avtomobil yolu ilə Tola kəndi istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayıb özlərin təqdim etmiş, baş vermiş oğurluq hadisələrində şübhəli şəxs olduğunu və onlarla şöbəyə getməli olduğunu bildirmişdilər. Həmin vaxt o, əsəbləşərək aqressiv tonla “mənim ifadəmi heç kim ala bilməz, gedin işinizlə məşğul olun, mən sizinlə heç bir yerə getməyəcəm” deyərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları ondan yolun piyadaların hərəkət etdiyi hissəsində uca səslə söyüş söyüb ətrafda olan insanların diqqətini özünə cəlb etməməyi, hərəkətləri ilə ictimai qaydanı pozmamağı tələb etmiş, lakin o hərəkətlərinə davam edərək özünü yoldan keçən maşınların üzərinə atacağı ilə bağlı fikirlər səsləndirmişdir. Belə olan halda əməkdaşlar onu barəsində qanunamüvafiq tədbir görülməsi üçün müvafiq qaydada avtomobilə əyləşdirmiş, o isə yenə də nalayiq ifadələr işlətmiş və əsəbi olduğu üçün baş və bədən nahiyyəsini avtomobilin oturacaq hissəsinə və şüşə konstruksiyasına vurmağa başlamışdır. İş üzrə şahid Babaşov Rəcəb Zubeyir oğlu göstərmişdir ki, o, Qəbələ RPŞ İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Rayon ərazisində baş vermiş hindquşu oğurluqları faktı ilə əlaqədar ifadəsinin alınması zərurəti yarandığından Qəbələ rayon Tola kənd sakini Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə axşam saatlarında Qəbələ RPŞ-nin inzibati binasına dəvət olunmuşdur. Şəxsla telefon əlqəsi zamanı şöbəyə gəlib ifadə veməkdən imtina etdiyi üçün CAB-nin əməliyyat müvəkkilləri polis leytenantı X1, polis baş leytenantı X3, X2 ilə onun yaşadığı ünvana yaxınlaşan zaman Hacallı-Tola kəndi istiqamətində Vaz 21011 markalı avtomobili ilə hərəkətdə olmasını görmüşlər. Onlar onu müvafiq qaydada saxlayıb özlərini təqdim edərək onun avtomobili ilə birlikdə hadisə baş verən zaman vətəndaşın fərdi yaşayış evinin yaxınlığında görünməsi ilə bağlı məlumat əldə etməklərini bildirib profilaktiki söhbətlər etməyə çalışmışdılar. Bununla əlaqədar Şöbənin inzibati binasına yaxınlaşıb ifadə verməli olduğunu ona izah vermişdilər. Şəxs bu zaman aqressiv hərəkətlər edərək “mənim ifadəmi heç kim ala bilməz, gedin işinizlə məşğul olun” deyib uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmətə başlamışdır. Onlar ondan avtomobil və piyadaların hərəkət hissəsində uca səslə söyüş söyüb ətrafda olan insanların diqqətini özünə cəlb etməməyi, hərəkətləri ilə ictimai qaydanı pozmamağı tələb etmişdilər. Buna baxmayaraq Şəxs hərəkətlərinə davam edib ictimai qaydanı kobud şəkildə pozmuşdur. Belə olan halda onu barəsində qanunamüvafiq tədbir görülməsi üçün müvafiq qaydada avtomobilə əyləşmişdilər. Avtomobildə olan zaman onlara qarşı nalayiq ifadələr işlətmiş, baş və bədən nahiyyəsini avtomobilin müxtəlif hissələrinə vuraraq özünə xəsarət yetirməyə çalışmışdır. Onlar Şəxs barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişdilər. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı X3 şahid Babaşov Rəcəb Zubeyir oğlunun izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 022626 nömrəli İnzibati qaydada tutma haqqında protokolun surətinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar