Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-680/2024 28.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Hacalılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 dekabr 2024-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Qəbələ rayonu Hacalılı kəndinin mərkəzində mülki dövriyyəsi məhdudlaşdırılmış əşya olan pirotexniki vasitənin satışını həyata keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21 dekabr 2024-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Qəbələ rayonu Hacalılı kəndinin mərkəzində mülki dövriyyəsi məhdudlaşdırılmış əşya olan pirotexniki vasitənin satışını həyata keçirmişdir. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, təxminən 10 gün bundan əvvəl Bakı şəhərində yerləşən Sədərək bazarında olmuşdur. Bazarda olan vaxt pirotexniki vasitələrin satıldığını görüb 7 qutu "Petards" adlı pirotexniki vasitəni qutusu 15 manat olmaqla ümumilikdə 105 manata almışdır. Aldığı şəxsi tanımır. Qəbələ rayon Hacalılı kəndində 1 qutusunu özünə saxlayıb digər 6 qutunu kəntdə tanıdığı şəxslərə və azyaşlı uşaqlara satmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə Hacalılı kəndində saat təxminən 15 radəsində kənd sakini X4 2 manata satmışdır. Satdıqdan 40-50 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar və pirotexniki məhsulların satışını həyata keçirdiyini soruşmuşlar. Əlində olan qara salafanda olan pirotexniki məhsulları polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları pirotexniki məhsulların satışının qadağan olduğunu bildirərək onu polis şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Məmmədova ünvanladığı 21 dekabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:00 radələrində Qəbələ rayon polis şöbəsinin X1 polis sahə nəfəri, polis baş serjantı Babaşov Rəcəb Zübeyir oğlu ilə xidməti ərazisi olan Qəbələ rayonu Hacıalılı kəndində xidmətdə olarkən, kəndin mərkəzində sonradan adı onlara məlum olan həmin kənd sakini X3 protexniki vasitə partlatmasını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, protexniki vasitəni haradan əldə etməsi barədə onunla profilaktiki söhbətlər aparmışlar. Fərid Dursunov istifadə etdiyi protexniki vasitəni yaxınlıqda Səməd adlı şəxsin işlətdiyi xırdavat mağazasının qarşısında adı onlara sonradan məlum olan həmin kənd sakini Şəxs aldığını bildirmişdir. Buna görə də tərəflərindən şifahi olaraq müvafiq soraqlaşma keçirilmiş və şahidlərin şifahi izahlarına əsasən sonuncunun yeri müəyyən olunmuş və onun üzərində satdığı protexniki vasitə aşkar edilmişdr. Aşkar edilmiş protekniki vasitələr tərəfindən akt tərtib edilərək Şəxs götürülmüşdür. Qeyd edilən xüsusatla bağlı araşdırma aparılması məqsədilə adları qeyd olunan X6, X8 və Şəxs sonuncudan təhvil götürülmüş satdığı protexniki vasitələrlə birlikdə polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. - 21 dekabr 2024-cü il tarixli “predmetin götürülməsi barədə” aktdan görünür ki Şəxs mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar olan 5 (beş) ədəd qutuda yerləşən “PETARDS” markalı 50 (əlli) ədəd partlayıcı pirotexniki vasitələr götürülmüşdür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satması özünün etirafedici izahatı, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. 5 (beş) ədəd qutuda yerləşən “PETARDS” markalı 50 (əlli) ədəd partlayıcı pirotexniki vasitələr məhv olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-680/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-680/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver