Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-685/2023 25.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Babas oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən EQ 17716701 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda elektron vasitələrlə tərtib olunmuş EQ 17716701 №li elektron qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-CD-*** dövlət nömrə nişanlı, BAN № WDB2110421A241602 olan, Mersedes Benz E200 Minik markalı nəqliyyat vasitəsi oğlum X3 mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsini mülkiyyətçisi özü şəxsən idarə edir. Xəstəliyi və sürücülük hüququnun olmaması səbəbindən onun nəqliyyat vasitəsini idarə etməyi qeyrimümkündür. Uzun illərdir ki, yataq xəstəsidir və nəqliyyat vasitəsi idarə edə bilmir. Lakin buna baxmayaraq qeyd olunan nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə inzabati xətalar məcəlləsinin 332.3-cü maddəsi ilə EQ 17716701 nömrəli elektron qərar əsasında protokol tərtib olunmuşdur. X1 mülkiyyətində olan, **-CD-*** dövlət nömrə nişanlı, BAN № WDB2110421A241602 olan, Mersedes Benz E200 Minik markalı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Qəbələ rayon notariat ofisində xx.xx.2012-ci il tarixdə reyestrdə 7E- 8267 № ilə qeyd olunmuş etibarnamə verilmişdir. Xəstəlik keçirməyi (beyin insultu) səbəbindən yaxın 2 il ərzində həmin nəqliyyat vasitəsini idarə etmir. Həmin nəqliyyat vasitəsini mülkiyyətçisi olan oğlu X6 idarə edir. Onun sürücülük vəsiqəsi (BC600589) xx.xx.2023-cü il tarixdə etibarlılıq müddətini bitirmişdir. Xəstəliyi səbəbindən nəqliyyat vasitəsini idarə edə bilmədiyi üçün yeni sürücülük vəsiqəsi almamışdır. Nəqliyyat vasitəsinə sərəncam hüququna dair verilmiş etibarnamədə verilən səlahiyyət yalnız “sürücülük hüququ olduqda” nəqliyyat vasitəsi idarə eməyə icazə verilir. Həmin etibarnamə üzrə qeyd olunan səlahiyyətin ona verilməsi əsas vermir ki, ona nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməyə dair cərimə yazılsın. Həmin tarixdə və əvvəlki dövrlərdə nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamışdır. Bu hal xəstəliyi və müşahidə kamerları (və ya radar) əsasında təsdiq oluna bilər. Daxili İşlər Nazirliyi Baş X10 idarəsinə elektron qərarın verilməsindən 10 (on) gün əzində həm elektron qaydada həm də kağız daşıyıcıda (sifarişli poçt qəbzi) xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Lakin, buna baxmayaraq ona heç bir cavab məktubu gəlməmişdir. Elektron qurğular vasitəsi ilə aşkar oluna bilən qayda pozuntuları arasında İnzibati Xətalar Məcəlləsinin 332-ci maddədən irəli gələn məsələlər nəzərdə tutulmamışdır. İddia edilən qayda pozuntusu yalnız inspektror tərəfindən canlı şəkildə aşkar oluna biləcək bir qayda pozuntusudur. Odur ki, bütün bu qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda elektron vasitələrlə tərtib olunmuş EQ 17716701 №li elektron qərarın ləğv olunmasına dair qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X4 lazımi qaydada məlumat verilsə də, şikayətçi X5 şikayətinə əlavə edilmiş CD diskə köçürülmüş videogörüntüdə xəstəliyi ilə əlaqədar şikayətinə baxılmasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbinə görə sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayət verilmiş şəxs X2 və Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Təqdim olunmuş materiallarda X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X5 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olub-olmamasını müəyyən etmədən, X2 barəsində formal olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Belə ki, İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardan biridir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, konkret olaraq hansı inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilməsi və elektron qərar qəbu edilməsi İXM-nin 122.1-ci maddəsində göstərilmişdir ki, həmin maddələrin içərisində İXM-nin 332.3-cü maddəsi mövcud deyildir. Belə olan halda inzibati qərar qəbul edən orqan tərəfindən X2 barəsində İXM-nin 332.3-cü maddəsi ilə elektron qərar qəbul edilməsi əsassız olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsin bir il ərzində təkrar olaraq nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməsi müəyyən olunmalıdır. Hazırkı halda isə EQ 17716701 nömrəli elektron qərar qəbul olunarkən avtomobili X2 idarə etməsi müəyyən olunmamaqdadır. İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırmaq mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Halbuki İXM-nin 122.8-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-81.3-cü maddələrinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə X2 şikayəti qismən təmin olunmalı, EQ 17716701 saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən EQ 17716701 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-685/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-685/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver