Məhkəmə qərarları › İş №3(025)-701/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-701/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-701/2023 20.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı X15, zərərçəkmiş şəxs X5, zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və müdafiəçisi X7 iştirakları ilə, xx.xx.1964-cü ildə Azərbaycan Respublikasında anadan olmuş, Qəbələ rayonu, Kürd kəndində müvəqqəti olaraq qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Kürd kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs İlyas qızını döyərək, ona qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X9 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı olmuşdur. Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X17 həmin qərarı rəhbər tutaraq, X6 barəsində 20 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı X1 Nəzirə İlyas qızını döyərək, qəsdən fiziki ağrı yetirmişdir. Belə olan halda X6 əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Zərərçəkmiş şəxs İlyas qızını döyərək, qəsdən fiziki ağrı yetirdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X17 izahatında bildirdi ki, Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X9 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında isə, o, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 20 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs İlyas qızı qardaşı Əliağanın yoldaşıdır. Onun mülklə bağlı bacısı Gülmayə ilə mübahisəsi vardır. Belə ki, onun yaşayış evinin arxasında istifadə etdiyi bağ sahəsi vardır ki, həmin bağ sahəsi və yaşadığı həyətyanı sahə vəsiyyətnamə ilə ona məxsus deyil. Bacısı Gülmayənin evindən əsas yola çıxan yol çınqıl və uzaq olduğundan bacısı Nəzirə Asadovanın istifadə etdiyi və vəsiyyətnamə, ilə anasından onlara qalan torpaq sahəsinin bir hissəsindən küçəyə çıxmaq üçün yol açmışdır. Buna Nəzirə narazılıq etmiş və mübahisə yaratmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Qaş kəndinə kartof yığmaq üçün oğlu Elcan Asadov ilə getmiş, həmin gün saat 17 radələrindən sonra yaşadığı bacısının evinə gəlmişdir. Evdə eşitmiş ki, bacısı ilə Nəzirənin sözlü mübahisəsi olmuş, Nəzirə bacısını təhqir etmişdir. Nəzirə yalan demiş, onlara şər və böhtan atmış, həmin zaman evdə olmamışdır. Bu barədə təhqiqatçıya və sahə rəisinə bildirmiş, lakin nə təhqiqatçı, nədəki sahə rəisi bu faktı araşdırmamış, lazım olan şahidləri dindirməmişdirlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İlyas qızı izahatında göstərmişdir ki, X12 baldızı, X13 isə qaynıdır. Onlar ilə arasında mülklə bağlı mübahisə vardır. Belə ki, həmin şəxslər onun evinə daxil olaraq “bura mənimdir çıxın evdən” deyirlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Kürd kəndindəki evinə gedən zaman görmüş ki, pilləkəndə Gülmayə oturub. Ona “sən bura niyə gəlmisən, bura mənim evimdir” demiş, Gülmayənin çiynindən tutaraq çıx buradan demiş, bu zaman Gülmayə onun saçından tutub yolmuş, həmin vaxt Firdovsi Əsədov ora gəlmiş, əlində yaba var imiş. Yaba ilə sol dizinə və sağ baldır nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Daha sonra gəlinləri Vüsalə Əsədova gələrək, saçından tutaraq yolmuş daha sonra Firdovsini və Gülmayəni oradan aparmışdır. Mübahisə zamanı həmin şəxsləri vurmamış, mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. Sonda isə X4 şikayətçi olduğunu və onunla barışmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmişin vəkili və nümayəndəsi X3 məhkəmədən daha ciddi qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X14 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X22- Təcrübi və Tədris Birliyinin 08 noyabr 2023-cü il tarixli 610 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlyas qızının bədəni üzərində sol diz oynağının ön səthinin, sağ baldırın bayır aşağı 1/3-nin və sol ayağın üstünün bayır təəfinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 04 noyabr 2023-cü ildə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə qeyd edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar zərərçəkmiş şəxs X16 izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması, həmçinin hadisənin tam təfsir edə bilməyən şahidlərin izahatları olmuşdur. Zərərçəkmiş şəxs İlyas qızının izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs İlyas qızının izahatının qərəzli olması inkar olunmur və həmin izahat X6 təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla X6 inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bundan başqa, təhqiqat zamanı izahatları alınmış şahidlərdə, Zərərçəkmiş şəxs İlyas qızının X11 tərəfindən döyülməsini heç kim görməmiş, ümumiyyətlə onun hadisə yerində olmadığını göstərmişlər. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs İlyas qızının bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz X11 tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Həmin xəsarətləri başqa şəxs tərəfindən yetirilməsi mümkündür. Bu ona vurulmuş xəsarətin X11 tərəfindən törədildiyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Cavidan Əhmədli tərəflərin, hadisəyə aidiyyəti olmayan şahidlərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan X6 Zərərçəkmiş şəxs İlyas qızını döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, X6 İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olubolmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin zərər cəkmiş səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs İlyas qızının izahatı çıxış etmişdir ki, o, da qərəzlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə X6 təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar