Məhkəmə qərarları › İş №3(025)-710/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-710/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-710/2025 22.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 dekabr 2025-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində yerləşən bazarda işlədiyi xırdavat mağazasında istehsalı, satılması qadağan olunmuş malları – pirotexniki vasitələri və tez alışan maddələri satması aşkar olunmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 10 dekabr 2025-ci il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində yerləşən bazarda işlədiyi xırdavat mağazasında istehsalı, satılması qadağan olunmuş malları – pirotexniki vasitələri və tez alışan maddələri satması aşkar olunmuşdur. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, həmin pirotexniki vasitələri satsa da, onların pirotexniki vasitə olduğundan və satışının qadağan olunduğundan məlumatsız olmuşdur. Belə ki, onları Bakı şəhərində yerləşən Sədərək bazarından almışdır. Həmin pirotexniki vasitələr bazarda açıq şəkidlə satılır. Aldığı şəxsi tanımır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları yaxınlaşan zaman pirotexniki məhsulların satışının qadağan olduğunu bildirərək onu polis şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri X4 RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanladığı 10 dekabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində yerləşən bazarda Qəbələ rayon Qəmərvan kənd sakini Şəxs işlətdiyi xırdavat mağazasında istehsalı və ya satılması qadağan olunmuş tezalışan maddələrin və pirotexniki vasitələrin satılması barədə məlumat daxil olmuşdur. - 10 dekabr 2025-ci il tarixli “predmetin götürülməsi barədə” aktdan görünür ki, Qəbələ şəhərində xırdavat satışı mağazasında Qəbələ rayonu Qəmərvan kənd sakini X2 həmin mağazada satışını həyasta keçirdiyi 6 (altı) ədəd qutuda, ümumilikdə 39 (otuz doqquz) ədəd böyük ölçülü, 1 qutuda, ümumilikdə 8 (səkkiz) ədəd orta ölçülü, 7 qutuda, ümumilikdə 48 (qırx səkkiz) ədəd “Birthday Candle” adlı, 3 (üç) ədəd “BİGFOG” adlı pirotexniki yaxud tezalışan vasitə, predmetlər götürülmüşdür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Nazirlər Kabinetinin müvafiq qərarı ilə istifadəsi və pozulması (dövriyyəsi) məhdudlaşdırılmış priotexniki partlayıcı vasitələri satması özünün etirafedici izahatı, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. 06 (altı) ədəd qutuda, ümumilikdə 39 (otuz doqquz) ədəd böyük ölçülü, 01 qutuda, ümumilikdə 08 (səkkiz) ədəd orta ölçülü, 07 qutuda, ümumilikdə 48 (qırx səkkiz) ədəd “Birthday Candle” adlı, 03 (üç) ədəd “BİGFOG” adlı pirotexniki vasitələr məhv olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar