Məhkəmə qərarları › İş №3(025)-711/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-711/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-711/2025 22.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülnə Elmdar qızının katibliyi və Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Solquca kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə olan «inzibati xəta haqqında» protokol üzrə toplanmış materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 272-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2224033) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Solquca kəndində ov etmə qaydalarını kobud şəkildə pozaraq bir ədəd “qırqovul” quşunu qanunsuz ovlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü AR İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Solquca kəndində yaşayır və heç yerdə işləmir. Maddi imkanı olmadığından azuqə əldə etmək məqsədilə evlərinin yaxınlığındakı meşəlik ərazidə kustar üsulla tələ quraraq yabanı çöl heyvanları ovlamaqla məşğul olur. xx.xx.2025-ci il tarixdə Solquca kəndi ərazisindəki meşəlik sahədə tələ quraraq 1 ədəd qırqovul quşu ovlamış, evə qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanılmış və bel çantasına baxış keçirilərkən ovladığı qırqovul quşu aşkar edilərək götürülmüşdür. İşdə olan 06 dekabr 2025-ci il tarixli “bir ədəd qırqovul quşunun götürülməsi barədə” akta əsasən xx.xx.2025-ci il tarixdə Şəxs qanunsuz ovlayaraq çantanın içində daşıdığı bir ədəd qırqovul quşu polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan 07 dekabr 2025-ci il tarixli “bir ədəd qırqovul quşunun məhv edilməsi barədə” akta əsasən xx.xx.2025-ci il tarixdə qanunsuz ovlanmış bir ədəd qırqovul quşuna orqanoleptik baxış keçirilmiş, baxış zamanı bir ədəd qırqovul quşunun əti iylənmiş vəziyyətdə olduğundan insan qidası üçün yararsız olduğu müəyyən olunmuş və məhv olunaraq basdırılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-14-45/2-661/2025 nömrəli məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın hesablanması barədə 06 noyabr 2004-cü il tarixli qərarına əsasən bir ədəd “Zaqafqaziya qırqovul”nun qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş zərər 22,00 (iyirmi iki) manat təşkil edir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs 06 dekabr 2025-ci il tarixdə Qəbələ rayonu, Solquca kəndi ərazisində lazımi icazəsi olmadan qadağan olunmuş üsulla 1 ədəd “qırqovul” quşunu ovlayaraq AR İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakteri nəzərə alaraq Şəxs barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar