Məhkəmə qərarları › İş №3(025)-74/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-74/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-74/2023 24.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1994-cü il fevralın 11-də Qəbələ rayon Ziring kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 fevral 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Zirik kənd sakini Zərərçəkmiş şəxs məxsus bir ədəd qazan, iki ədəd döşəyi oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 24 fevral 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Zirik kənd sakini Zərərçəkmiş şəxs məxsus bir ədəd qazan, iki ədəd döşəyi oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Qəbələ rayonu Zirik kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisidir və onu kənd sakini kimi tanıyır. Həmin şəxsin evi onunla qonşudur. Elza Zirik kənd sakini olsa da, təxminən 4 aydır ki, Bakı şəhərində yaşayır. Qəbələ rayon Zirik kəndində ona məxsus evdə heç kim yaşamır və ora heç kim nəzarət etmir. O, qorxusundan polisdə eləmədiyi məli boynuna almışdır. Onun oğurlanan əmlaklardan xəbəri yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul eilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Bakı şəhərində kirayədə yaşayır. 29 yanvar 2023-cü ildə evinə giriblər. Ona bu barədə xəbər gəlmişdir. Getmiş həyətə görmüş ki, pəncərəni açıblar, pəncərəyə dəmir vurmuş, həmin dəmiri qırıblar. Həyətə giriş darvazasının və otaq qapıların kilidlərini qırmışlar. Açar salmış, qapı açılmamışdır. Polislər evə baxış keçirəndə o da getmiş, girib görmüş ki, evini talan ediblər. Damın havalandırmasından içəriyə giriblər. Təzə-köhnə çarpayı dəsti, adyal, kəfkir, abgərdən, qablar, boşqablar, döşəkçələr, döşəklər, xalçalar, bir sözlə evdə nə varsa, hər şeyini aparıblar. 3 ədəd məclis kəfkirini götürüblər. Polislər baxış keçirəndən sonra o, bir də diqqətlə baxmış, baxanda görmüç ki, hər şeyini aparıblar. Təzədən gedib Emin müəllimə demişdir. O, həmin əşyaları 5-6 il əvvəl almışdır. Bir qapımın kilidin düzəltdirmiş, 20 manata başa gəlmişdir. 3 ədəd xalçamı aparmışlar. Düzdür, nimdaş olmuş, ancaq istifadə edirmiş, təzəsini almağa imkanı olmamışdır. 15 ədəd çaydanından 2 ədəd çaydan qalmışdır. Lakin polis tərəfindən göstərilmişdir ki, guya bir ədəd alminim dəmir qazan, iki ədəd döşək oğurlanmışdır. Halbuki oğurlanan əşyalar daha çoxdur. O, polisin yazdıqları ilə razı deyildir. Onun evinin qapı-pəncərələrini sındırararq evinə girmişlər və evindən nə varsa hamısını aparmışlar. Polis isə əsassız olaraq 20 manat dəyərində bir qazan və on manat dəyərində iki ədəd döşək oğurlandığını yazıb. Bu qiymətləri, bu sayları haradan götürüblər ona məlum deyil. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, eyni zamanda inzibati xəta haqqında işdə oğurluq cinayətinin əlamətləri olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, toplanmış materiallar isə prokurora göndərilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatından görünür ki, onun evindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda göstərildiyi kimi bir ədəd alminim dəmir qazan, iki ədəd döşək deyil, ona məxsus daha çox əşyaları aparmışlar. Təhqiqatçı isə rədd qərarında bu məsələyə münasibət bildirməmiş, zərərçəkmiş şəxsin evindən oğurlanmış əşyaların həqiqətəndə Şəxs tərəfindən və ya başqa şəxslər tərəfindən oğurlanmasına münasibət bildirməmişdir. Halbuki zərərçəkmiş şəxs evindən daha çox əşyaların oğurlandığını göstərmişdir ki, həmin əşyaların da dəyəri 100 manatdan çox olması ehtimalı vardır. Təhqiqatçı isə bu halları araşdırmadan və həmin məsələyə münasibət bildirmədən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Məhkəmə tərəfindən rədd qərarına baxıldıqda təhqiqatçı tərəfindən dəymiş ziyanın 40 manat yoxsa 100 manatdan çox olmasının araşdırılmadığı, həmin məsələyə münasibət bildirilməməsi müəyyən edilmişdir. Nəticədə Şəxs oğurladığı əşyaların qiymətinin 100 manatı aşmaq ehtimalı olduğu, bu zaman isə onun CM-nin 177.2.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması ehtimalı vardır. Bütün bu hallar araşdırılmadan Şəxs hazırkı halda Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi isə mümkün deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, təhqiqatçı rədd qərarında aliminium qazanın 1 ədədinin dəyərinin 20 (iyirmi) manat, 1 döşəyin qiymətinin isə 10 (on) manat olduğunu qeyd etsə də, bu qiymətləndirməni necə etməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddəyə verilmiş «Qeyd»ə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İXM-in 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən xırda talama kimi hərəkətlər edilmədiyindən onun İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin baş vermiş oğurluq hadisəsi, zərərçəkmişə vurulmuş zərərin ehtima olunan həcmi ,oğurluğun cinayət xarakaterli olmasını ehtiva edir, bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, material yenidən araşdırılması üçün prokurora göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində tərtib edilmiş MN ******* nömrəli, 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar Qəbələ Rayon prokuroruna göndərilsin. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar