Məhkəmə qərarları › İş №3(025)-77/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-77/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-77/2021 18.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X3 iştirakları ilə, xx.xx.1972-ci ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində sərxoş vəziyyətdə, “Vaz 21013” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 65-ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsini törədərək X4 idarə etdiyi “BMW X- 5” minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X5 və X1 zərər vurmayan bədən xəsarətləri yetirilmiş, “BMW X-5” avtomobilin sahibi E.R.Daşdəmirova maddi zərər vurulmuşdur. Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 Eldəniz Vəhim oğlunun Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X6 izahatında bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində sərxoş vəziyyətdə, “Vaz 21013” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 65-ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsini törədərək X4 idarə etdiyi “BMW X- 5” minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X5 və X1 zərər vurmayan bədən xəsarətləri yetirilmiş, “BMW X-5” avtomobilin sahibi E.R.Daşdəmirova maddi zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus VAZ-21011 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Qəbələ rayonu Nohurqışlaq kəndindən idarə edərək həmkəndliləri X7 və X10 ilə birlikdə Qəbələ şəhərinə gedirdilər. Həmin gün qeyd olunan şəxslərlə birlikdə spirtli içki olan araq və pivə içdikləri üçün yüngül sərxoş idi. Avtomobili özü idarə edirdi, Habil qabaq, Şaiq isə arxa sərnişin oturacağında əyləşmişdi. Saat 18 radələrində dağətəyi, çoxsaylı döngəli yolla üzü Qəbələ istiqamətinə avtomobili idarə edib asfalt beton istehsal edən zavoda çatmağa 100-150 metr qalmış qarşısında onunla eyni istiqamətdə hərəkət edən avtobusu və ya hansısa markasına və nömrəsinə fikir vermədiyi avtomobil yolun sağa tərəf döngəli hissəsində qarşı zolağa çıxıb ötmə edən zaman qarşıdan onunla əks istiqamətdə gələn sonradan bildiyi BMV X-5 markalı, nömrəsini bilmədiyi avtomobillə həmin avtomobilin yolunda toqquşmuşlar. Toqquşma avtomobillərin ön sol hissələri arasında baş vermişdir. Toqquşmadan sonra onun avtomobili sağa tərəf fırlanıb öz yoluna keçərək üzü Nohurqışlaq kəndi istiqamətinə, BMV markalı avtomobil isə öz yolunda eyni istiqamətə dayanmışdır. Hadisə nəticəsində o özü ağır xəsarətlər almış, hadisə yerinə çağrılmış FHN-nin əməkdaşları onu sükan arxasında çıxartdı və onu təcili tibbi yardımla diaqnostika mərkəzinə gətirdilər. Daxili orqanları zədələndiyindən onu cərrahi əməliyyat ediblər. Sonradan ona məlum olmuş ki, onun avtomobili ilə toqquşan BMV markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Elvin adlı şəxsdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar