Məhkəmə qərarları › İş №3(025)-8/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-8/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-8/2024 10.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxx 1988-ci il tarixdə Qəbələ rayonu Laza kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Star Petrol” yanacaq doldurma məntəqsində operator vəzifəsində işləyən, Qəbələ rayonu Laza kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə 10 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barədə tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 9 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi” haqqında qərarı əsasında tərtib edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri, Həzi Aslanov küçəsində Karvan Hotelin qarşısında olarkən 1 ədəd kağız bükümün içərisində təmiz çəkisi 0,30 qram olan çətənə bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cibində saxlamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X6 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs üzərində aşkar olunmuş narkotik vasitə hesab edilən marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə onun barəsində cinayət işinin başlanılmasının hissəvi rədd edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati xəta haqında protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman Şəxs izahatı alınmış, sonuncu törətdiyi əməli etiraf etmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, 08 yanvar 2024-cü il tarixdə saat təqribən 20:30 radələrində Qəbələ səhəri H.Aslanov küçəsində yerləşən "KARVAN HOTEL" adlı otelin qarşısında yaşadığı ünvana getdiyi zaman davranışları yanından keçən polis əməkdaşlarında şübhə yaratmış və bu səbəbdən polis əməkdaşları yaxınlaşaraq ondan kim olduğunu və hara getdiyini, eyni zamanda üzərində narkotik tərkibli maddə olub-olmadığını soruşmuşlar. Bu zaman həyəcanlı olduğuna görə cavab olaraq üzərində narkotik tərkibli maddə olduğunu, lakin ətrafda onu tanıyan şəxslərin ola biləcəyinə görə üzərinə şəxsi axtarış keçirilməsini Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmiş və bu səbəbdən polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, təxminən bir neçə il müddətdir ki, narkotik tərkibli maddələrdən istifadə edir və sonuncu dəfə narkotik tərkibli maddə olan qurudulmuş marixuananı Rəsul adlı Qəbələ şəhər sakinindən 10 manat kart hesabına göndərmək şərti ilə almışdır. Üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni Rəsuldan almışdır. O, əvvəllər də Rəsul adlı şəxsdən bir neçə dəfə narkotik maddə əldə etmişdir. Törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşaqları vardır və ailəsini dolandıran yeganə şəxs odur. Həmçinin ibtidai istintaqa da səmimi ifadələr vermişdir. Bu halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 müfafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini, narkotik vasitəni ona satan şəxsi ifşa etməklə istintaqa kömək etməsini, əməlindən səmimi peşimançılıq keçirməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alıb ona cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: - Baxış keçirilməsi haqqında 8 yanvar 2024-ci il tarixli protokoldan görünür ki, Şəxs məxsus qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd ağ rəngli damalı kağıza bükülü vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi aşkar edilərək AR DİN-nin “103” saylı möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 09 yanvar 2024-ci il tarixli “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın surəti Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 08 yanvar 2024-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs qara rəngli qış gödəkcəsinin sol cibindən bir ədəd ağ rəngli damalı kağıza bükülü vəziyyətdə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 17/30 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "İştrakçılar. Şübhəli şəxs Şəxs..." yazıları, digər adlar və imzalar olan(bir) ədəd zərfin içərəsindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki 01(bir) ədəd siqaret formasında bükülmüş borucuğun üzərində narkotik tərkibli bitki hissəcikləri aşkar edilməmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını, cinayətkarı ifşa edərək cinayətinin işinin açılmasını köməklik göstərməklə səmimi ifadələr verməsini, himayəsində azyaşlı uşaqlarının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2,5 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut ********* (cinayət işi materialı) saylı rədd materialına əsasən Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkidə 0,30 qram narkotik vasitə olan – qurudulmuş marixuana məhv edilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 17/30 saylı, xx.xx.2024-cü il tarixli rəyinin ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar