Məhkəmə qərarları › İş №3(025)-86/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-86/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-86/2022 02.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin ENŞ-nin böyük müfəttişi X4 09 fevral 2022-ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə MN ******* nömrəli protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən Qəbələ şəhəri, Vəndam qəsəbəsində yerləşən Şəxs MMC-yə məxsus bilbord 4 metr x 3 metr x 1 ədəd = 12 kv.metr ğlçüdə reklam qurğusu müvafiq icazə sənədləri olmadan yerləşdirilmişdir və yayımlanmaqdadır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 09 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən ona reklam yerləşdiriməsi ilə bağlı göstəriş göndərilmiş və reklamın dayandırılması üçün möhlət verilmişdir. Göstərişdə tələb olunan vaxtda deyil, amma daha sonra yerləşdirilmiş reklam lövhəsi üzrə müqaviləni təzələmişdir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin ENŞ-nin böyük müfəttişi X4 tərəfindən tərtib edilmiş 09 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»na uyğun olaraq birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 01-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr istisna olmaqla, digər hallarda, açıq məkanda reklam yerləşdirilməsinə görə reklam yayıcıları müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəyərək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə almalı, icazə müqaviləsini bağlamalı və reklam yayımına görə haqq ödəməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar