Məhkəmə qərarları › İş №3(025)-91/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-91/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-91/2023 01.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1984-cü il oktyabrın 12-də Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, Qəbələ rayonu Kötüklü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 mart 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində Şəxs ona məxsus mağazada Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 01 mart 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində Şəxs mağazasında Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Qəbələ şəhərində “Barcode” adlı elektron avadanlıqlar mağazasını işlədir. Həmin mağazada nağd və hissə-hissə ödəmək ilə məişət avadanlıqlarının satışı ilə məşqul olur. Qəbələ rayon Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun işlətdiyi mağazadan xx.xx.2019-cu ildə bir ədəd dəyəri 899 manat olan televizoru bir il müddətində hissə-hissə ödəmək şərti ilə almış, növbəti dəfə xx.xx.2019-cu il tarixdə 559 manat dəyərində telefonu bir il müddətinə hissə-hissə ödəmək şərti ilə almış, ilk vaxtlar pulu ödəsə də, lakin sonradan Zərərçəkmiş şəxs ödənişlər etməmişdir. O isə həmin elektirik avadanlıqlarını Bankda kredit götürərək aldığı üçün onun ödəniş etmək gərək olduğunu, o pulu ödəyə bilmədikdə isə onun üzərinə cərimə gəlmişdir. Zərərçəkmiş şəxs ödəniş etmədiyi üçün ona cərimə gələrək əlavə pul ödədiyi üçün o da Ruslandan həmin pulları istəmişdir. Buna görə Ruslanı bir necə dəfə mağazaya dəvət etmiş, bir dəfə ona ödənişi geçikdirdiyi üçün "sənin borcun 2000 manatdır, lakin mənə dəymiş ziyan ümumulikdə 1020 manatdır, həmin müqaviləyə imza et, hissə-hissə ödə" demiş, lakin Ruslan həmin müqaviləni götürsə də, imza etməmişdir. xx.xx.2023-cü ildə o, Kötüklü kəndindən özünə məxsus Mersedes markalı avtomobil ilə işə gələn zaman Ruslanı yolun kənarında görmüş, maşını onun yanında saxlamış, "rayona gedirsənsə gəl birlikdə gedək" demişdir. Onlar birlikdə Qəbələ şəhərinə gəlmişlər, Ruslan ilə mağazaya daxil olmuşlar. O, Ruslanın ona olan borcunun və əlavə dəymiş ziyanı ona bildirmiş və sonra anbara tərəf getmişdir. Ruslanda onun ilə söhbət edərək anbara gəlmişdir. Onlar anbarda söhbət edən zaman ona yeni cədvəl verib, həmin cədvəl üzrə ödəniş et, amma məni 4 il aldatdığın kimi daha aldatma demişdir. Ruslan isə onu aldatmadığını, pulunu gecikdirmədiyini bildirmişdir. O da onu aldadanı deyib, nalayiq söyüşlər işlətmiş, Ruslanda onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Bu zaman əsəbələşdiyi üçün Ruslanın sinəsindən əli ilə itələmiş, "sən mənə pul borcun olaraq hələ mənə qarşı nalayiq ifadələr işlədirsən" demişdir. Həmin vaxt Ruslan üzərində olan kurtkasını çıxartmış, onun sinəsinə bir dəfə yumuruq ilə vurmuşdur. O buna görə onun üzərinə getmiş, onlar bir-birlərinə qarşı fiziki güc tətbiq etməyə başlamışlar. Bunu görən işçiləri Pənah və Sərxan onları ayımış, Ruslan isə polisə şikayət edəcəyini bildirmişdir. Pənah Ruslana qarşı heç bir fiziki güc tətbiq etməmiş, Ruslanı anbarın qapısını bağlayaraq içəridə saxlamamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, təxminən 2019-cü ilin axırlarında Qəbələ şəhərində Barkod mağazısından bir ədəd televizor və bir ədəd telefonu kredit ilə almışdır. O buna görə mağazaya təxminən 1300 manat borcu olmuşdur. Hər ay üçün ayda 77 manat pul ödəməli imiş. Həmin vaxt ona heç bir müqavilə və ödəniş cədvəli verilməmiş, lakin hər ay üçün 77 manat deyil, işləyib pul olan zaman bəzən artıq pullar ödəmişdir. Buna dair onun əlində ödəniş qəbizləri vardır, lakin sonradan "Covid 19" pandemiyası ilə bağlı karantin olmuş, buna görə işləyə bilməmiş, bu səbəbdən ödəniş edə bilməmişdir. Onun mağazaya 588 manat qalıq borcu olmuş, həmin vaxtdan mağaza tərəfindən ona heç bir xəbərdarlıq və zəng olunmamış, lakin 2022-ci ilin sentyabr ayının 12-də ona zəng gəlmiş, Barkod mağazasına çağırmışlar. O mağazaya gedən zaman mağazasın sahibi Şəxs ona 2022-ci ilin sentyabr ayına olan müqavilə açmış, həmin müqavildə 2000 manat məbləğ qeyd edilmiş, ona həmin müqaviləyə imza etməyi bildirilmişdir. O isə məbləğin düz olmadığını, buna görə imza etməyəcəyini bildirmişdir. Bu zaman onların arasında sözlü mübahisə baş vermiş, buna görə polis şöbəsinə şikayət etmiş, şikayətindən sonra mağaza sahibi Anar ona həmin gün 1020 manat dəyərində olan müqaviləyə imza etməyini bildirmişdir. O, bu dəfə də imzadan imtina etmiş, müaqvilə kağınızı özündə saxlamış, şifahi olaraq ona 588 manat borcu olduğu halda 700 manat pul hər ay 100 manat ödəmək ilə razılaşmışdır. Birinci ay 200 manat, sonra isə hər aya 100 manat olmaq ilə 500 manat pul ödəmişdir. Onlara 200 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə işə gedən zaman Mıxlıqovaq kəndində Şəxs avtomobili onun yanında saxlamış, ona “Qəbələ şəhərinə getdiyini bildirmiş, gəl otur sənidə aparım" demişdir. O Anarın Mersedes markalı avtomobilinə minmiş, onlar birlikdə Qəbələ şəhərinə gəlmişlər. Anar ona " gəl mağazaya girək, sonra işə get" demişdir. O Anar ilə onun mağazasına daxil olmuş, həmin vaxt Anar stolun üzərində kağız aldığını, ona "gəl mağazanın daxilində, lakin arxa hissəyə keçək" demişdir. Onlar arxaya keçmişlər, həytdə olan zaman Anar işçisi Pənaha "anbarın qapısını aç" demiş, Pənah anbarın qapısnı açmış, onlar birlikdə anbara daxil olmuşlar. Onlar anbarda olan zaman Anar ona 2000 manat borc göstərilən kağıza imza etməyini bildirmiş, lakin o imtina etmişdir. Bu zaman ona qarşı nalayiq söyüş işlətmiş, o da buna görə Anara nalayiq formada cavab qaytarmış, həmin vaxt qəfildən Şəxs boyun nahiyyəsindən yumuruq ilə vurmuşdur. O yerə yıxılmış, yerdə olan zaman Anar və Pənah bədəninə çoxsaylı yumuruq və təpik ilə vurmağa başlamışlar. O isə əlləri ilə üzünü zərbə sifətinə dəyməsin deyə tutmuş, həmin vaxt digər işçisi Sərxan onları tutub kənara etmiş, lakin Anar anbarın qapısını açmayaraq onu orada saxlamışdır. Ona "2000 manat pul gətirməsələr, səni buraxmayacam" demişdir. O Sərxadan "qapını aç, mən polisə gedərək şikayət edəcəm" demişdir. Anar isə polisə getməyəni deyib nalayiq ifadələr işlətmişdir. Sərxan qapını açmış, oradan çıxıb Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Dava zamanı heç kimə qarşı fiziki güc tətbiq edərək vurmamış, dava zamanı orada adı çəkilən şəxslərdən əlavə heç kim olmamışdır. Şəxs ilə barışmamışdır. Şəxs barəsində cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 04 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin arxa sağ aşağı hissəsinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda dediyi tarixdə, yəni 07 yanvar 2023-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/26 nömrəli materia üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs, Zərərçəkmiş şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tərəflərin qarşılıqlı olaraq bir birini döyməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcədə tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar