Məhkəmə qərarları › İş №3(026)-1/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-1/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-1/2025 16.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi X6 və inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi X4 iştirakı ilə, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsi tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsi tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsi tərəfindən əvvəlcə 09 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra idarə tərəfindən 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 192.6-cı maddəsinə əsasən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Günay Muradovaya şərti olaraq inzibati tənbeh tətbiq edilmiş, o, 1500 manat məbləğində cərimə olunmuşdur. Qərarda isə bildirilir ki, X3 əmək müqaviləsində əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan inzibati xətanın törədilməsinə dair qərar və protokol tamamilə əsassızdır və işin faktiki hallarına zidd və qərəzli olaraq tərtib edilmişdir. İXM-in 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Xidmətin 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Günay Muradovanın şəxsən özü barəsində qəbul edilmişdir. Halbuki, PHŞ-də əmək qanunvericiliyi üzrə birbaşa məsul olan vəzifəli şəxslər mövcuddur. Xidmət tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, düzgün olmayan vəzifəli şəxs – direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xidmət tərəfindən qərar qəbul edilərkən İXM-in ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. İnzibati xəta haqqında protokolda xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. Təqdim olunan protokolda PHŞ-nin səlahiyyətli nümayəndəsinin izahatı qeyd olunmamışdır. İXM-in 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bununla bağlı isə Xidmət tərəfindən ona heç bir məlumat verilməmişdir. İXM-in 100.4-cü maddəsinin tələbləri də pozulmuşdur. Xidmətin 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı tərtib edilərkən idarə tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Belə ki, qərarın işə baxılarkən müəyyən edilmiş hallar hissəsinə nəzər saldıqda görünür ki, konkret olaraq göstərilməli olan inzibati xətanın mahiyyəti ümumi sözlərlə ifadə edilmiş, formal olaraq yazılmışdır. Qeyd edilənlərə əsasən, Xidmət tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli qərar əsassız və qanunsuzdur. Məhkəmənin 28 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsinin nümayəndəsi X8 bildirmişdir ki, X3 vəzifədən azad edilməsi barədə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 23 oktyabr 2024-cü il tarixli əmrində onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilməsinə əsas verən bir sıra sənədlər sadalanmışdır. Belə ki, həmin sənədlərə Qobustan rayon prokurorluğundan daxil olmuş 17 iyul 2024-cü il tarixli təqdimat, Qobustan RMX PHŞ-nın aktı, 16 oktyabr 2024-cü il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Qobustan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Daxili nəzarət və monitorinq departamenti tərəfindən hazırlanmış 09 oktyabr 2024-cü il tarixli korrupsiya ilə bağlı hüquqpozmalar haqqında xidməti məruzə aiddir. Sözügedən sənədlər xəstəxana rəhbərliyindən tələb olunsa da, onlar X19 Şöbəsinə təqdim olunmamışdır. Ona görə də sözügedən sənədlərin araşdırılması mümkün olmamışdır. Eyni zamanda, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 14 oktyabr 2024-cü il tarixində keçirilmiş tibbi şura iclasında X9 barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən tədbir görülməsi, yəni onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınsa da, bundan 4 gün sonra “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 18 oktyabr 2024-cü ildə keçirilmiş tibbi şura iclasında X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır. Göründüyü kimi, 14 oktyabr 2024-cü ildə Elnarə Şıxıyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərarlaşdırılsa da, 18 oktyabr 2024-cü ildə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməklə, Elnarə Şıxıyevaya əslində ikinci tənbeh tədbiri verilmişdir. Belə olan halda, Elnarə Şıxıyeva barəsində iki dəfə tənbeh tədbiri tətbiq edilmiş olur. Ona görə də onun cəmi 5 gün sonra vəzifədən azad edilməsi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, X3 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Buna görə də “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Günay Muradova barəsində İXM-in 192.6-cı maddəsi ilə protokol tərtib olunmuş, daha sonra isə o, şərti olaraq cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X7 nümayəndəsi X13 şikayətin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, Elnarə Şıxıyevanın vəzifədən azad edilməsi barədə 23 oktyabr 2024-cü il tarixli əmrdə göstərilən sənədlər X14 Xidmətinin X19 Şöbəsinə təqdim olunmuş, həmin sənədlər sözügedən qurumun elektron ünvanına göndərilmişdir. Lakin həmin sənədlər protokolu tərtib edən orqan tərəfindən araşdırılmamışdır. Düzdür, əvvəlcə 14 oktyabr 2024-cü ildə keçirilmiş tibbi şuranın iclasında Elnarə Şıxıyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərarlaşdırılsa da, sonradan xəstəxana rəhbərliyi tərəfindən Elnarə Şıxıyevaya qarşı humanist yanaşılmış və onun karyerasını korlamamaq niyyəti ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Daha sonra isə Qobustan rayonunun Nabur kəndində tibb məntəqəsində kiçik tibb bacısı işləməsi ona təklif olunsa da, Elnarə Şıxıyeva bu təklifdən imtina etmişdir. Yalnız bundan sonra Elnarə Şıxıyevanın vəzifədən azad edilməsi barədə əmr çıxarılmışdır. O, yekun olaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsinin nümayəndəsi X10 28 dekabr 2024-cü ildə iştirak etmiş X8 ilə eyni məzmunda çıxış edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 23 oktyabr 2024-cü il tarixli, 18-1-53/3-1-1089/2024 saylı əmrindən görünür ki, həmin əmrlə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İSX (ASM) şöbəsi, Qobustan şəhər ASM bölməsinin böyük tibb bacısı (qardaşı) X9 ilə bağlanılmış 1LPC5QF000107 nömrəli əmək müqaviləsinə (Qobustan rayon prokurorluğundan daxil olmuş 17 iyul 2024-cü il tarixli, 2-2- 432/3-050012/2024 saylı təqdimata əsasən verilmiş yazılı xəbərdarlığı, Qobustan RMX PHŞ-nin 18-1-53/3-7-225/2024 saylı aktı əsasında verilmiş töhməti, 16 oktyabr 2024-cü il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Qobustan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində aşkarlanmış nöqsanlara görə verilmiş şiddətli töhməti, həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Daxili nəzarət və monitorinq departamenti tərəfindən hazırlanmış 09 oktyabr 2024-cü il tarixli, 18-1/3-1496/2024 nömrəli xidməti məruzənin nəticələrinə görə aşkar olunmuş korrupsiya ilə bağlı hüquqpozmalar və digər qanunazidd hərəkətləri nəzərə alınaraq) 23 oktyabr 2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, X2 haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 23 təqvim gününün ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir; X14 Xidmətinin X19 Şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* seriya nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verərkən həmin Məcəllənin 72 və 189-cu maddələrinin tələbləri pozulmuşdur. Nəticədə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 tərəfindən İXM-in 192.6cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 19 noyabr 2024-cü il tarixli, 3-17-5/1- 59593/2024 saylı məktubu və məktuba əlavə edilmiş sənədlər ilə təsdiq edilir; X14 Xidmətinin X19 Şöbəsinin rəisi X11 tərəfindən qəbul olunmuş 12 dekabr 2024-cü il tarixli, MN ******* seriya nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddətin müəyyən olunması qərara alınmışdır. İXM-in 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndələrini dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X14 Xidmətinin X19 Şöbəsi tərəfindən qəbul olunmuş 12 dekabr 2024-cü il tarixli, MN ******* seriya nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsinə həvalə olunmalıdır. Belə ki, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsinin nümayəndəsi də məhkəmə iclasında X3 vəzifədən azad edilməsi barədə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 23 oktyabr 2024-cü il tarixli əmrində onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilməsinə əsas verən sənədlərin təqdim edilmədiyini bildirmiş və ona görə də həmin sənədlərin araşdırılmadığını qəbul etmişdir. Şikayətçi tərəf isə qarşı tərəfin bildirdiyi əmrdə göstərilən sənədlərin hər birinin həmin orqana təqdim olunduğunu, onun elektron ünvanına göndərildiyini, lakin buna baxmayaraq, yenə də həmin sənədlərin araşdırılmadığını bildirmiş, sözügedən sənədlərin surətlərini məhkəməyə də təqdim etmişdir. Göründüyü kimi, X14 Xidmətinin X19 Şöbəsi tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunarkən nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bundan əlavə, məhkəmə onu da bildirir ki, istər qərarda, istərsə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhz hansı pozuntu törədilməsi dəqiq göstərilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan 12 dekabr 2024-cü il tarixli, MN ******* seriya nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, İXM-in 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsi tərəfindən qəbul olunmuş 12 dekabr 2024-cü il tarixli, MN ******* seriya nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X19 Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar