Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-105/2025 09.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi X11 iştirakı ilə, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 14 mart 2025-ci il tarixli, MN ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanılması, dəyişdirilməsi və xitamı əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin işçiları tərəfindən icra edilməməsinə görə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X12 İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 01 mart 2024-cü il tarixdən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışır və X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında 14 mart 2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 539.1-1-ci maddəsinin tələblərinin pozulmasına görə 1000 manat inzibati cərimə tətbiq edilmişdir. Əmək müfəttişliyi tərəfindən inzibati cərimə tətbiq edilməsinə səbəb xəstəxananın bir neçə əməkdaşı tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirakları ilə bağlı əməkhaqlarına əlavənin az ödənilməsi iddiası ilə şikayət məktubu olmuşdur. Əmək müfəttişliyi tərəfindən şikayətçilərin adları barəsində heç bir məlumat verilməmişdir. Xəstəxanaya ünvanlanan 28 yanvar 2025-ci il tarixli, 3-17-5/2-7783/2025 nömrəli məktubda X1, X3 və siyahıya əlavə edilmiş digər işçilərin işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətinə ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Lakin məktuba heç bir qoşma sənəd əlavə edilməmişdir. Hesab edir ki, Əmək müfəttişliyinin sözügedən qərarı əsassızdır və bu qərar qəbul edilərkən qüvvədə olan normativ hüquqi aktların tələbləri pozulmuşdur. Birincisi, Əmək müfəttişliyinin tələbi qeyrimüəyyəndir, bu tələb qərar və ya sərəncam şəklində olmadığı üçün xəstəxana bunu mübahisələndirə bilməmiş, tələbin mahiyyəti qeyri-müəyyən olduğu üçün xəstəxana müfəttişliyin bu tələbini icra edə bilməmişdir. Əmək müfəttişliyinin məktubunda hansı işçiyə hansı məbləğdə əksik ödəniş aparıldığı, həmçinin aparılan hesablamaların kim tərəfindən hansı formada icra edildiyi qeyd edilməmiş və heç bir mütəxəssis rəyi əlavə edilməmişdir. İkincisi, Əmək müfəttişliyinin tələbi qanunsuzdur, çünki İXM-in 539.1-1-ci maddəsində əmək haqqının ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin icra olunmamasına görə cəza təyin edilmişdir. Xəstəxananın bütün əməkdaşlarına bütün dövrlər üçün yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə hesablanaraq ödənilmişdir. Mübahisə hesablanan məbləğin həcmi ilə bağlı olmuşdur. Üçüncüsü, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarının 2-ci bəndində qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilməsi qeyd edilmişdir. Xəstəxana da öz növbəsində işçilərə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli işlədikləri vaxta mütənasib olaraq əlavələr hesablayaraq ödəmişdir. Müfəttişlik isə əlavənin az hesablandığını iddia edir, lakin iddiasını əsaslandırmır, konkret tələblə çıxış etmir. İXM-in 38-ci maddəsində inzibati məsuliyyətə cəlb etmə müddətləri göstərilmişdir. “COVİD-19” pandemiyası (infeksiyası) ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə nəzərdə tutulan əlavələrin verilməsi 2022-ci ilin yanvar ayına qədər davam etmişdir. Şikayətçilərin 05 oktyabr 2024-cü il tarixində müraciət ünvanlandığına nəzər yetirdikdə müddətin ötməsinin aşkar olduğu bəlli olur. Lakin Əmək müfəttişliyi İXM-in 53.1.6-cı maddəsinin tələblərini nəzərə almayaraq icraata xitam verilməsi haqqında qərar qəbul etməmişdir. İXM-in 53.1.7-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aid edilmişdir. 2022-ci ildə eyni fakta aid qərar qəbul edilərək xəstəxana rəhbərliyi barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Müfəttişlik isə bunu nəzərə almayaraq eyni fakt üzrə təkrar xəstəxana rəhbərini inzibati məsuliyyətə cəlb etmişdir. İşçilər əmək haqqına əlavənin az ödənilməsini iddia edir, xəstəxana isə öz növbəsində əlavələrin düzgün hesablanıb ödənildiyini bildirir. Göründüyü kimi, burada fərdi əmək mübahisəsi var və fərdi əmək mübahisələrinə baxan orqan yalnız məhkəmələrdir. Əmək müfəttişliyinin qeyd edilən mübahisəni araşdırması üçün kollektiv əmək mübahisəsi mövcud olmalı idi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X16 bildirdi ki, təmsil etdiyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Günay Muradova İXM-in 539.1-1-ci maddəsini törətməkdə təqsirli bilinib barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bununla bağlı 14 mart 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, İXM-in 539.1-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinin səbəbi kimi direktorun X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin 28 yanvar 2025-ci il tarixli yeni növ koronavirus infeksiyası ilə mübarizədə iştirak edən işçilərə əməkhaqlarına müddətli əlavələrin tam ödənilməsinə dair göstərişin icra edilməməsi olmuşdur. Ümumiyyətlə, həmin göstəriş qeyri-müəyyən xarakter daşımaqla, hansı işçi üçün əmək haqqına əlavələrin az hesablandığı, kimlərə ödənilməmiş müddətli əlavələrin qalması qeyd olunmamışdır. Bu səbəbdən də həmin göstəriş icra olunmamışdır. Bununla yanaşı, xəstəxana rəhbərliyi hesab edir ki, bütün işçilərə əməkhaqlarına bütün müddətli əlavələr tam şəkildə ödənilmişdir. Həmçinin onu da bildirdi ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin əvvəlki direktoru barəsində də eyni fakt üzrə inzibati cərimə tətbiq edilmişdir. O, şikayətin təmin edilməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə onun nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış 28 yanvar 2025-ci il tarixli, 3-17- 5/2-7783/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə 04 dekabr 2024-cü il tarixdə və 05 dekabr 2024-cü il tarixdə daxil olmuş “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işçiləri X1, X3 və digərlərinin (siyahı əlavə edilir) yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavələrin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarında nəzərdə tutulmuş əmək haqlarına aylıq (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin düzgün hesablanıb ödənilməməsi və bununla əlaqədar köməklik göstərilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanladıqları şikayət xarakterli müraciətləri həmin şöbədə araşdırılır. X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə 14 yanvar 2025-ci il tarixdə 3-17-5/1-2162/2025 saylı qeydiyyatla “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş məktubdan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən xəstəxanada tibb və qeyri-tibb fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqlarına müddətli əlavələrin ödənişi 2020-ci ilin mart ayından həyata keçirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) əsasən və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin orta və kiçik tibb işçiləri X1, X3 və siyahıda adları qeyd edilmiş digər işçilərin işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətində ödənilməsini təmin etməsi və bu barədə X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə məlumat verməsi xahiş edilmişdir. Əks təqdirdə, İXM-in 539.1-1-ci maddəsi ilə barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbiri görüləcəyi bildirilmişdir. İşdəki “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanlanmış 24 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, həmin publik hüquqi şəxsə xəstəxana əməkdaşlarının koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi və buna uyğun olaraq əməkhaqlarına ödənilmiş müddətli əlavələrlə bağlı daxil olmuş 28 yanvar 2025-ci il tarixli, 3-17-5/2-7783/2025 nömrəli məktuba baxılmışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, X13 Xidməti əmək qanunvericiliyinə fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmin məktubda ərizəçilərə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və icraata xitam verilməsi haqqında qərar verilməsi xahiş olunmuşdur. İş materiallarına surəti əlavə edilmiş 26 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X8 barəsində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən 14 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinin səbəbi kimi sadəcə İXM-in 539.1-1-ci maddəsinin mətni göstərilmişdir. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi həmin qərarın tərtib edilməsinin səbəbi kimi publik hüquqi şəxsə ünvanlanmış 28 yanvar 2025-ci il tarixli göstəriş xarakterli məktubun icra edilməməsinin çıxış etdiyini bildirmişdir. Göründüyü kimi, qərarın məzmununda ümumiyyətlə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktorunun məhz hansı hərəkətlə inzibati xəta törətmiş olduğunu göstərən hər hansı bir qeyd aparılmamışdır. Bununla yanaşı, məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin bildirdiyi 28 yanvar 2025-ci il tarixli göstəriş məktubunun məzmununa nəzər saldıqda müəyyən edir ki, həmin məktubda icra edilməsi tələb olunan və icrasının məcburi olduğu qeyd edilən göstəriş tamamilə qeyri-müəyyən xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) əsasən və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin orta və kiçik tibb işçiləri X1, X3 və siyahıda adları qeyd edilmiş digər işçilərin işlədikləri dövrdə əməkhaqlarına az hesablanmış müddətli əlavələrin 30 gün müddətində ödənilməsinin təmin edilməsi barədə göstərişin məzmunundan onun qeyri-müəyyən olması aydın olur. İlk növbədə o nəzərə alınmalıdır ki, həmin göstərişdə konkret olaraq kimlərə və hansı məbləğdə ödənilməmiş əmək haqqına əlavələr olduğu göstərilməmiş, Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə məhz kimlərə və hansı məbləğdə əlavələrin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Ümumiyyətlə, 28 yanvar 2025-ci il tarixli göstərişin qeyri-müəyyənliyi həmin göstərişin əvvəllər də “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru barəsində inzibati məsuliyyətin tətbiq edilməsinə əsas olmuş göstərişlə eynilik təşkil edib-etməməsini müəyyənləşdirməyə imkan vermir. Belə ki, əvvəllər verilmiş göstərişdə də X9, X2 və digərlərinin əməkhaqlarına müddətli əlavələrin tam ödənilməsi kimi qeyri-müəyyən tələb qoyulduğundan, bu hal hazırkı və əvvəlki göstərişlərdəki “digərləri (digər şəxslər)” dedikdə nəzərdə tutulan şəxslərin eyni şəxslər olub-olmamasını da müəyyən etməyə imkan vermir. Bununla yanaşı, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru tərəfindən verilmiş şikayətdə bütün əməkdaşlara əməkhaqlarına müddətli əlavələrin hesablanaraq ödənildiyi bildirilmişdir. Həmçinin, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli məktubda 2020-2022-ci ilin yanvar ayına kimi işləmiş bütün əməkdaşlara mövcud qanunvericiliyə əsasən bütün hesablamaların aparılaraq ödənişlərin icra olunduğu bildirilmişdir. Göründüyü kimi, şikayət vermiş şəxs bütün işçilərə müvafiq ödənişlərin edildiyini, ödənilmədiyi iddia olunan məbləğlərin mübahisələndirilməsinin isə artıq əmək mübahisəsi olduğunu bildirmişdir. Hazırda məhkəmənin icraatında da “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı bu cür əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair 2(026)-249/2025 saylı mülki iş var və həmin iş üzrə məhkəmənin ilk hazırlıq iclası 21 aprel 2025-ci il tarixə təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X5 hərəkətsizliklə ifadə olunan əməlində İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X12 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-105/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-105/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver