Məhkəmə qərarları › İş №3(026)-107/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-107/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-107/2022 22.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu Təsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təsi kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs 16 mart 2022-ci il tarixdə Qobustan rayonunun Təsi kəndində sərxoş vəziyyətdə qardaşı X2 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobusta rayonunun Təsi kəndində qeydiyyatda olmaqla yaşayır. Mustafayev Zaman qardaşıdır. Münasibətləri daima normal olmuşdur. 16 mart 2022-cı il tarixdə saat təxminən 21:00 radələrində evdə spirtli içki qəbul etmiş, ata yurduna baxmaq üçün çölə çıxmışdır. Həmin vaxt qardaşı Zamanın da orda olduğunu görüb ona yaxınlaşaraq zarafatla “çıx mənim yurdumdan” sözlərini demişdir. Zaman da əsəbiləşərək DİN-in 102 xidmətinə məlumat vermişdir. O, qardaşı Zamanı vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs onun qardaşıdır. Münasibətləri daima normal olmuşdur. 16 mart 2022-ci ıl tarixdə ata evinin həyətində dayandığı vaxt qardaşı Elnur sərxoş vəziyyətdə ona yaxınlaşaraq "burda neynirsən?” sözlərini demişdir. O da Elnurun sözlərindən əsəbiləşərək DİN-in 102 xidmətinə məlumat vermişdır. Elnurla aralarında ata mülkünə görə mübahisə olmuş davadalaş baş verməmiş, o əsəbiləşərək məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 16 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Qobustan RPŞ-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 16 mart 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Qobustan rayon MTE və PAB verdiyi 03 aprel 2022-ci il tarixli 38 nömrəli tibbi rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sol yanaq nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən müddətdə və şəraitdə yəni 16 mart 2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar