Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-117/2025 15.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokol tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X6 və Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Qobustan rayonu, Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi sahibkar, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.1-ci, 511.1.3-cü, 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 14 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 14 aprel 2025-ci il tarixdə, 13:00 radələrində Qobustan RPŞ-nin əməkdaşlarına qarşı xırda xuliqanlıq və tabesizlik hərəkətləri törətmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa, Şəxs barəsində İXM-in 327.1-ci və 511.1.3-cü maddələri ilə 11 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs tərəfindən 11 aprel 2025-ci il tarixdə, saat 10:00-da **-KJ- *** dövlət qeydiyyat nişanlı, “BMW 320 minik” markalı nəqliyyat vasitəsi idarə edilərkən İXM-in 327.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara yol verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş hər iki protokol baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmiş və Qobustan Rayon Məhkəməsinə Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)- 116/2025 saylı və İXM-in 327.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-117/2025 saylı materiallar daxil olmuşdur. Qobustan Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli qərardadı ilə Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-116/2025 saylı və İXM-in 327.1-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(026)-117/2025 saylı materialların 3(026)-117/2025 saylı iş nömrəsi altında birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında 11 aprel 2025-ci il tarixli protokolu tərtib edən Qobustan RPŞ DYPB-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X11 bildirdi ki, post patrul xidməti yoldaşı Səmid Təhməzov raport yazmışdır ki, sosial şəbəkələrdə Qobustan rayonu ərazisində “BMW” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətlərinin edilməsinə dair videogörüntülər yayılmış və həmin görüntülərdəki nəqliyyat vasitəsini idarə edən şəxsin Şəxs olması müəyyən edilmişdir. Bölmə rəhbərliyi tərəfindən də həmin nəqliyyat vasitəsinin Qobustan rayonu ərazisində hərəkətdə olarkən saxlanılması barədə göstəriş verilmişdir. 11 aprel 2025-ci il tarixdə, saat 10 radələrində həmin nəqliyyat vasitəsini görərək saxlamışlar. Bu zaman yanındakı digər əməkdaş Şəxs yaxınlaşaraq ona barəsində qeyd edilən məlumatın olduğunu bildirmiş, bu məlumatın araşdırılması üçün Qobustan RPŞ-yə getməyi təklif etmişdir. Şöbədə bölmə rəisi tərəfindən avtomobilin duracaqda saxlanılması barədə göstəriş verilmiş, işin araşdırılmasına başlanmışdır. Lakin vətəndaş tərəfindən narazılıq edilmiş, maşının özünün olmadığını, onun mülkiyyətçisinin gəlməli olduğunu bildirmiş, bundan sonra post patrul dəvət edilərək vətəndaş şöbəyə keçirilmiş, maşın isə duracağa yerləşdirilmişdir. Avtomobil də videogörüntü altında akt tərtib edilməsi yolu ilə təhvil alınmışdır. Bundan sonra şöbənin daxilində videogörüntülərə baxış keçirilmiş, vətəndaşın avtoxuliqanlıq hərəkətlərinə yol verdiyi müəyyən edilərək, barəsində 11 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Şəxs tərəfindən avtoxuliqanlıq hərəkətləri təxminən 15-16 dekabr 2024-cü il tarixlərində yolların bağlı olduğu vaxt törədilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, videogörüntü üzrə araşdırmanı polis mayoru Naməddin İbrahimov həyata keçirmişdir. Məhkəmə iclasında 14 aprel 2025-ci il tarixli protokolu tərtib edən Qobustan RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu bildirdi ki, Şəxs barəsində Qobustan RPŞ-də 11 aprel 2025-ci il tarixdən etibarən araşdırma aparılmağa başlanmışdır. Həmin tarixdə barəsində araşdırma aparılması üçün şöbəyə dəvət olunmuş, lakin o, polisin tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. Vətəndaşın ilk belə əməli olduğuna görə barəsində məsuliyyət tədbiri görülməmiş, onunla profilaktiki söhbət aparılmışdır. Sonradan 14 aprel 2025-ci il tarixində yenidən şöbəyə dəvət olunmuşdur. O, bu dəfə hər hansı bir icazə almadan qanunsuz olaraq polis əməkdaşlarının videogörüntülərini çəkmiş, bunu araşdırmaya təsir vasitəsi kimi istifadə etmək istəmişdir. Daha sonra, o inzibati həbsdə olan qardaşı üçün yemək gətirmiş, bu zaman qapı postunda olan polis işçisi ona bir qədər gözləməsini və məlumat verməli olduğunu bildirmiş, o isə gözləmək istəmədiyini bildirərək, qardaşının qanunsuz saxlanılmasına dair narazılıq edib səs-küy salmağa başlamışdır. O, özbaşına içəri daxil olmaq istəyərək, polisin tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad edilən əməllərdə qismən təqsirli bilərək göstərdi ki, onun avtoxuliqanlıq etməsinə dair videogörüntülər 2024-cü ilin noyabr ayının ortalarında, ilk qar yağdığı vaxt çəkilmiş, daha sonra 12 dekabr 2024-cü il tarixində özünə məxsus “Tiktok” sosial şəbəkəsindəki hesabında həmin videonu paylaşmışdır. Hazırda həmin videonu silmişdir. Həmin videogörüntülərdəki avtomobili idarə edən özü olmuşdur. O, özünü yalnız avtoxuliqanlıq əməli törətməkdə təqsirli bilir. O bildirdi ki, yalnız əsəbi olduğuna görə polis əməkdaşlarının yoldakı maşınları qanunsuz saxlamalarını videoya çəkmişdir. Lakin həmin videoları heç bir yerdə paylaşmamışdır. Polis əməkdaşları onun telefonunu da maşından götürüb həmin videoları silmişdir. Qeyd etdi ki, 14 aprel 2025-ci ildə inzibati həbsdə olan qardaşı üçün yemək gətirmiş, yeməyi verib çıxandan sonra bölmə rəisi Faiq Quliyev onu saxlatdırmış, ona “102” xidmətinə zəng edərək, ondan 200 manat istənildiyi barədə məlumat verib-verməməsini soruşmuşdur. O da cavab olaraq nəinki 200 manat, hətta 220 manat pulunun alındığını qeyd etmişdir. Belə ki, 31 dekabr 2024-cü ildə qəza etmiş, ona 40 manat cərimə yazılmış, eləcə də, polis əməkdaşları tərəfindən ondan 220 manat ayrıca pul alınmışdır. Lakin bu barədə hər hansı orqana müraciət etməmişdir. O özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilmir. O, növbətçi hissədə ümumiyyətlə səs-küy salmamış, qışqırmamışdır. Ona harada deyilibsə, sakit şəkildə orada gözləmişdir. Eyni zamanda, o, heç kəsə qarşı söyüş işlətməmişdir. O, yalnız avtoxuliqanlığa görə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis mayoru X3 ifadəsində göstərdi ki, ona əməkdaş tərəfindən verilən məlumata görə, Şəxs idarə etdiyi avtomobillə təxminən 14-15 dekabr 2024-cü il tarixində avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Bundan sonra “Tiktok” sosial şəbəkəsində araşdırmanı özü aparmışdır. Lakin onda həmin videogörüntünün dəqiq olaraq nə vaxt “Tiktok” sosial şəbəkəsinə yüklənilməsi barədə məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X10 ifadəsində göstərdi ki, “Tiktok” sosial şəbəkəsində təxminən 1 həftə əvvəl “BMW” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən avtoxuliqanlıq hərəkətlərinə yol verilməsinə dair videogörüntünü o aşkar etmişdir. Lakin həmin videogörüntülərin “Tiktok” sosial şəbəkəsinə nə vaxt yüklənilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X7 ifadəsində göstərdi ki, onun yazdığı raport əsasında Şəxs barəsində 14 aprel 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, o, xidmət yoldaşı Orucəli Əliyevlə birgə xidmət apararkən Şəxs əlində bağlama ilə yaxınlaşıb müvəqqəti saxlama yerində inzibati həbsdə olan qardaşı Nicat Xəlilli üçün yemək gətirdiyini bildirmişdir. Onlar da bu barədə məruzə etməli olduqlarını, bundan sonra içəri girə biləcəyini qeyd etdikdə, Şəxs ucadan səs-küy salaraq narazılıq etmiş, qardaşının qanunsuz saxlanıldığını bildirmiş, gözləmək istəmədiyini qeyd etmişdir. Şəxs sakitləşməsi və nizam-intizamlı olması tələb edilsə də, o, həmin tələblərə tabe olmamış, yenə də öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onlar tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs ümumi şəkildə, eləcə də onun özünə söyüş söymüş, ictimai qaydanı pozaraq səs-küy salmış, özbaşına olaraq içəri keçməyə cəhd göstərmişdir. Həmin vaxt xidmət yerinin yaxınlığında hər hansı mülki şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin post-patrul xidməti taqımının polis nəfəri, polis serjantı X8 ifadəsində göstərdi ki, o, 11 aprel 2025-ci il tarixində Şəxs tərəfindən edilmiş polisə tabesizlik hərəkətlərinin şahidi olmuş, 14 aprel 2025-ci il tarixində qeyd olunan hadisələrin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin post-patrul xidməti taqımının polis nəfəri, polis serjantı X9 ifadəsində göstərdi ki, o, 14 aprel 2025-ci ildə Qobustan RPŞ-də qulluq xidmətində olmuşdur. Bu zaman qapı postundan vətəndaşın etdiyi hərəkətlərə görə onu köməyə çağırmışlar. Həmin vaxt qapı postunda Babazər Alımov və Orucəli Əliyev olmuşdur. Həmin vətəndaşın Şəxs olduğunu bilmişdir. O, qardaşının qanunsuz saxlanıldığını bildirərək səs-küy salmış, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 bildirdi ki, Şəxs tərəfindən avtoxuliqanlıq hərəkətlərinə 2024-cü ilin noyabr ayında yol verilmiş, o, həmin görüntüləri 12 dekabr 2024-cü ildə paylaşmış, polis əməkdaşları isə həmin görüntülərdən 14-15 dekabr 2024-cü ildən məlumatlı olmuşlar. O xahiş edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat İXM-in 510-cu və 535.1-ci maddələrinə dair hissədə xitam edilsin, İXM-in 511.1.3-cü maddəsi ilə isə minimum həddə inzibati tənbeh olunsun. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolları tərtib etmiş şəxsləri və şahidləri dinləyib, eləcə də, videogörüntüləri izləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə İXM-in 53.1.6-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X15 Polis Bölməsinə göndərilməlidir. İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157- 188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206- 208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4-332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1- 343.7, 343.9, 343-1.1-343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1-381.7, 388-388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401-404, 406-409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464-466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479-481, 482.1, 482-1, 496.2, 499.2, 502-504, 506-508, 510, 511, 513, 515-517-3, 520, 523, 525-535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549-554, 558-561, 562.1, 562.2, 562-1, 563.2, 567-569, 571, 573, 574, 590-592, 592-1, 594-596, 598, 599- 602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Ona görə də Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X15 Polis Bölməsinə göndərilməlidir. Məhkəmə bildirir ki, Şəxs tərəfindən İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həm iş materialları, həm videogörüntülər, həm də Şəxs öz ifadəsi ilə təsdiq edilir və onun özü də bu cür əməllərə yol verdiyini qəbul edir. Göründüyü kimi, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Bununla yanaşı, məhkəmə onu bildirir ki, İXM-in avtoxuliqanlığı nəzərdə tutan 511ci maddəsi İXM-in “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar” adlı 38-ci fəslində təsbit olunmuşdur. Lakin həmin fəsildə nəzərdə tutulmuş əməl kimi 511-ci maddəyə dair inzibati məsuliyyətə cəlbetmə üçün İXM-in 38-ci maddəsində xüsusi müddət nəzərdə tutulmamış, bu cür xətalara görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə biləcəyi müəyyən olunmuşdur. Protokolu tərtib edən şəxs tərəfindən Şəxs avtoxuliqanlıq hərəkətlərinə təxminən 15-16 dekabr 2024-cü il tarixində yol verdiyi bildirilmiş, bunu əsaslandırmaq üçün videonun arxa fonunda qar görüntülərinin olmasına və Hidrometroloji tədbirlər mərkəzindən alınmaqla, 15-16 dekabr 2024-cü il tarixlərində Qobustan rayonunda qarlı hava olmasını əks etdirən arayışa istinad etmişdir. Lakin Şəxs həmin videonun təxminən 2024-cü ilin noyabr ayının ortalarında çəkildiyini bildirmiş və öz “Tiktok” sosial şəbəkəsi hesabında 12 dekabr 2024-cü il tarixində paylaşdığını qeyd etmişdir. Protokolu tərtib edən şəxsdə, eləcə də, şahidlərdə həmin videogörüntülərin dəqiq olaraq nə vaxt sosial şəbəkəyə yerləşdirildiyi barədə məlumat mövcud deyil. Göründüyü kimi, sözügedən avtoxuliqanlıq hərəkətlərinin nə vaxt törədilməsinə dair şübhələr mövcuddur. İXM-in 8.3cü maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, bu şübhələr Şəxs xeyrinə həll edilməlidir. Bu səbəblə də İXM-in 511.1.3-cü maddəsi əsasında Şəxs inzibati tənbehin tətbiq edilə bilməsi üçün nəzərdə tutulmuş 4 aylıq müddət ötürülmüşdür. Buna görə də onun İXM-in 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bununla yanaşı, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi, özünü bu əməlin törədilməsində təqsirli bilməsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Belə ki, onun Qobustan RPŞ-nin qapı postunda səs-küy salaraq şöbənin normal işinə mane olması, qardaşının qanunsuz saxlanıldığını bildirərək yüksək səslə narazılığını bildirməsi şahid ifadələri ilə öz təsdiqini tapır. Şəxs şöbədə olarkən səs-küy salmadığını, ictimai qaydanı pozmadığını bildirsə də, məhkəmə onun polis əməkdaşlarını gizli şəkildə videosunu çəkməsi və həmin vaxt əsəbi olduğunu qəbul etməsi səbəbindən onun bildirdiklərinə tənqidi şəkildə yanaşır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polisin bütün tələblərinə tabe olduğunu, ona göstərilən yerlərdə dayandığını bildirmişdir. Şəxs əməlində konkret olaraq hansı qanuni tələblərə əməl olunmadığı sübuta yetirilməmiş, onun bu cür hərəkətlərə yol verməsi barəsində şahid ifadələri istisna olmaqla, mötəbər sübut təqdim edilməmişdir. Buna görə də baxılan material üzrə Şəxs əməllərində konkret olaraq polisin hər hansısa bir tələbinə tabe olmama kimi bir hüquq pozuntusu müəyyən olunmur. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən olunmadı. Həmçinin, işdəki MN ******* nömrəli, 14 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 aprel 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, onun İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu 14 aprel 2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Qobustan Rayon Polis Şöbəsinə həvalə edilməli, Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X15 Polis Bölməsinə göndərilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu 14 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X15 Polis Bölməsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-117/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-117/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver