Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-118/2025 21.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil, tələbkar X4 iştirakı ilə, xx xxx 1980-ci il təvəllüdlü, Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massiv ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 21 aprel 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin e-2(026)-473/2024 saylı icra sənədi üzrə Şəxs cəmi 40500 manat pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və borc məbləğinin tam ödənilməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin e-2(026)- 473/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli icra sənədi 28 noyabr 2024-cü ildə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinə əsasən Şəxs 40000 manat pul, 300 manat vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin əvəzi olmaqla, cəmi 40500 manat məbləğində pul alınıb X5 verilməlidir. Həmin icra sənədi üzrə 28 noyabr 2024-cü ildə icraata başlanılmış, tərəflərə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclu Şəxs tələbin könüllü icrası üçün vaxt verilmişdir. Bundan sonra Şəxs icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə 17 dekabr 2024-cü ildə Qobustan Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərarı ilə həmin ərizə təmin edilməmişdir. Bundan sonra yenə də borclu icra şöbəsinə dəvət olunaraq ona icra sənədi üzrə borcu tam ödəməli olduğu xatırladılmışdır. Lakin borclu 13 dekabr 2024-cü ildə 2500 manat, sonrakı aylarda isə hissə-hissə hər ay 1000 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində ödəniş etmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun izahatı alınmış, onun əmlakının olub-olmamasının yoxlanılması üçün sorğular verilmiş, xəbərdarlıqlar edilmiş, lakin onun adına hər hansı əmlak və ya gəlirinin olması aşkar olunmamışdır. Borclunun bildirdiyinə görə, xəstə olduğundan və iş yeri olmadığından hər ay 1000 manat ödəmək imkanı var. Borclu artıq ödənilən 6500 manatdan əlavə, bu gün də əlavə 1000 manat ödəniş etmək istəsə də, tələbkar pulun nağd şəkildə ödənilməsini istəməmiş, həmin məbləğin onun kart hesabına köçürülməsini tələb etmişdir və həmin pul da onun kart hesabına köçürüləcəkdir. Bununla yanaşı, tələbkar icra sənədinin hissə-hissə icrası ilə razılaşmır və borcun tam şəkildə birdəfəlik ödənilməsini tələb edir. Buna görə də borclu barəsində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi ilə bağlı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, verilmiş suala cavab olaraq bildirdi ki, borclu könüllü icra müddəti ərzində mövcud borcun əvəzinə alğı-satqısı tərəflərin arasında hazırkı borcun yaranmasına səbəb olmuş özünə məxsus sənədsiz evi təklif etsə də, tələbkar borcun əvəzinə həmin evi qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, hazırda özünü İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmir. Belə ki, onun hazırda banka kredit borcu var. Himayəsində epilepsiyalı və ağ ciyər xərçəngi olan 25 yaşlı xəstə oğlu var, özü heç bir yerdə işləmir. Həmçinin, özü də süd vəzlərində onkoloji problem olduğuna görə sabah cərrahi əməliyyata daxil olacaqdır. Onun hər hansı bir gəlir yeri yoxdur. O, sonuncu dəfə keçən həftənin cümə günü ödəniş etmişdir. Hal-hazırda da nağd şəkildə 1000 manat pulun qəbul edilməsini tələbkara təklif edir, tələbkar isə pulun onun kart hesabına köçürülməsini istəmişdir. Bu günə qədər isə 5 ay ərzində hazırda təklif etdiyi 1000 manatdan əlavə, icra sənədi üzrə mövcud borcundan 6500 manat məbləğində ödəniş etmişdir. Hətta özünə məxsus Qobustan şəhərində yerləşən sənədsiz evi tələbkara təklif etsə də, sonuncu həmin evi qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında tələbkar X7 bildirdi ki, o, icra sənədinin hissə-hissə deyil, birdəfəlik icra olunmasını istəyir. Borclunun tutulduğu onkoloji xəstəlik onun ölümü ilə nəticələnərsə, icra sənədinin icrasız qalmaq təhlükəsi mövcuddur. Eyni zamanda ehtimal edir ki, borclunun bildirdiyinə görə, sabah keçirəcəyi cərrahi əməliyyat onun süd vəzlərində onkoloji problemlə bağlı deyil, estetik cərrahi müdaxilə də ola bilər. Borclunun icra sənədini icra etmək üçün kifayət qədər maddi imkanı mövcuddur. Onun özünün Bakıda gözəllik salonu da var. Hazırda da ikinci dəfə ailə qurmuşdur. Həmçinin, borclunun ödəmək istədiyi hazırkı 1000 manatın onun kart hesabına göndərməsini tələb edir. O, borcluya inzibati qaydada həbs verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, icra sənədi icraya yönəldildikdən sonra borclu tərəfindən 6500 manat məbləğində ödəniş edilmişdir, hazırda da 1000 manat məbləğində ödənişin edilməsi təklif olunur. Eyni zamanda borclunun özü və oğlu da xəstədir. Qeyd edilənləri nəzərə alaraq, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsi və tərəfləri dinləyib, iş materiallarını araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e- 2(026)-473/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 40000 manat pul, 300 manat vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin əvəzi olmaqla, cəmi 40500 manat məbləğində pul alınıb X5 ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(026)-473/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 28 noyabr 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan Qobustan Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(026)- 473/2024 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bundan sonra borcluya 09 dekabr 2024-cü il və 27 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. İşdə surəti olan tələbkar X2 Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 10 dekabr 2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, borclu Şəxs ona borc müqabilində təklif etdiyi Qobustan şəhərində yerləşən evi qəbul etmir, o, pulunu tam şəkildə tələb edir, ona görə də borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə surəti olan Qobustan rayon Qeydiyyat şöbəsinin 17 dekabr 2024-cü il tarixli arayışından görünür ki, xx xxx 1980-ci il təvəllüdlü Şəxs nikah haqqında akt qeydi “X1 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndə və Qobustan rayon Qeydiyyat şöbəsi arxivində aşkar olunmamışdır. Eləcə də, iş materiallarına əlavə edilmiş elektron sistem vasitəsilə Şəxs barəsində sorğulanmış məlumatlardan görünür ki, Şəxs hər hansı əmlakının və ya gəlirinin olması müəyyən edilmir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Hazırda işin mübahisəsiz halı ondan ibarətdir ki, 28 noyabr 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış, keçən 5 ay ərzində isə icra sənədi üzrə indiyədək borclu tərəfindən ümumilikdə 6500 manat məbləğində ödəniş edilmiş, hazırda 1000 manat ödənişin edilməsi də təklif edilmiş, eyni zamanda, hissə-hissə olmaqla ödənişlərin həyata keçiriləcəyi bildirilmişdir. Göründüyü kimi, borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmır, icra məmurunun tələbləri üzrə borcundan ödənişlər həyata keçirir. Bundan əlavə, tələbkarın icra orqanına ünvanladığı 10 dekabr 2024-cü il tarixli ərizədən və protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında bildirdiklərindən aydın olur ki, tələbkar borclunun ona borc müqabilində təklif etdiyi Qobustan şəhərində yerləşən evi qəbul etməmişdir. Qeyd edilənlər onu göstərir ki, borclu tərəfindən icra sənədi üzrə borcun ödənilməsi və tələbkarın təmin edilməsi məqsədilə tədbirlər görülür və onun tərəfindən icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən olunmur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 53, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-118/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-118/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver