Məhkəmə qərarları › İş №3(026)-128/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-128/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-128/2022 10.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X4 vəX1nın iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 may 2022-ci il tarixdə Qobustan şəhərində axşam saatlarında anası Narxanım Məmmədovanı və qardaşı Ruslan Məmmədovu aralarında yaranmış mübahisə zəminində söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 09 may 2022-ci il tarixdə axşam saatlarında anası və qardaşının yaşadığı evdə olarkən qardaşı Ruslanla söhbət edərkən Ruslan ona 8000 manat borcu olduğunu bildirmişdir. O, da Ruslana ona əlavə 5000 manat verərsə özünə bir yaşayış yeri düzəldəcəyini demişdir. Ruslan isə həmin pulu ona vermək istəmədiyini dediyinə görə aralarında mübahisə yaranmışdır. Hazırda yaşamağa başqa yeri olmadığına görə anası və qardaşı Ruslanla bir evdə yaşayır. Onlar isə onun orada yaşamağını istəmirlər. Anası Narxanımı və qardaşı Ruslanı söyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ifadə verərək göstərdi ki, 09 may 2022-ci il tarixdə saat 23 radələrində oğlu Əhməd sərxoş vəziyyətdə onun və digər oğlu Ruslanın ailəsi ilə birlikdə yaşadıqları evə gələrək nalayıq söyüşlər söyməyə başlamış və Ruslanın ona pul borcu olduğunu iddia edərək Ruslanın ailəsinin evdən çıxmasını bildirmişdir. O, Əhmədi satikləşdirmək istəsə də, Əhməd ona qulaq asmayaraq öz hərəkətlərini davam etdirmişdir. Ruslan ailəsini də götürüb evdən çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadə verərək göstərdi ki, 09 may 2022-ci il tarixdə Qobustan şəhərində yaşadığı evdə olarkən qardaşı Əhməd əvvəlcə küçədə nalayıq söyüşlər söyməyə başlamış, sonra isə evə gələrək ondan pul tələb etmişdir. O, Əhmədə ona veriləsi pulu olmadığını deyərək ailəsini də götürüb evdən çıxıb getmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. 061245 saylı vəsiqənin surətindən görünür ki, Şəxs Xocalı faciəsi ilə əlaqədar İİ qrup əlildir. AA 161142 saylı məcburi köçkün vəsiqənin surətindən görünür ki, Şəxs Xocalı rayonundan məcburi kökündür, Qobustan rayonunda məskunlaşmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar