Məhkəmə qərarları › İş №3(026)-129/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-129/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-129/2025 24.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxx 1978-ci il təvəllüdlü, Qobustan rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 24 aprel 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-253/2022 saylı icra sənədi üzrə Şəxs cəmi 31777 manat pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və borc məbləğinin ödənilməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin 2(026)- 253/2022 saylı, 03 avqust 2022-ci il tarixli icra sənədi 06 sentyabr 2022-ci ildə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinə əsasən Şəxs 31500 manat əsas borc, hüquqi xidmətə görə 100 manat pul və 177 manat ödənilmiş dövlət rüsumu alınıb X5 verilməlidir. Həmin icra sənədi üzrə 06 sentyabr 2022-ci ildə icraata başlanılmış, tərəflərə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclu Şəxs tələbin könüllü icrası üçün vaxt verilmişdir. Lakin borclu icra sənədi üzrə borcunu ödəməmişdir. Borclu icra şöbəsində verdiyi izahatında Qobustan rayon məhkəməsinin qərarı ilə razı olmadığına görə həmin qərardan apelyasiya şikayəti verdiyini bildirmişdir. Buna görə də icra sənədi üzrə heç bir tədbir görülməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin və Ali Məhkəməsinin qərarları ilə Qobustan rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra icra sənədinin icaatını davam etdirərək cavabdeh Şəxs Qobustan rayon icra və probasiya şöbəsinə dəvət olunsa da, borclu icra şöbəsinə gəlməmişdir. Borcunun axtarışı haqqında qərarlar verildikdən sonra borclu icra şöbəsinə gələrək məhkəmənin qərarı ilə razı olmadığını, bu səbəbdən də icra sənəninin icrasını təmin etmədiyini bildirmişdir. Buna görə də borclu barəsində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, hazırda özünü İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olsa da tələbkara hər hansı borcu olduğunu qəbul etmir və icra vərəqi üzrə pul ödəmək niyyətində deyil. Həmçinin rəsmi nikahı olmasa da himayəsində xəstə arvadı və atalığı müəyyən olunmasa da 6 və 11 yaşında iki uşağı var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 bildirdi ki, borclu Şəxs çobanlıq etməklə dolanır. Onun həyat yoldaşı xəstədir və himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır. Onun hər hansı bir gəlir yeri yoxdur. Borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)- 253/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 31500 manat əsas borc, hüquqi xidmətə görə 100 manat pul və 177 manat ödənilmiş dövlət rüsumu alınıb X5 verilməlidir İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 06 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin borclunun axtarılması haqqında qərarından görünür ki, xx xxx 1978-ci il təvəllüdlü, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 06 sentyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)- 253/2022 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bundan sonra borcluya 15 may 2024-cü il və 13 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubu göndərilmiş, yazılı izahatı alınmış, onun tərəfindən iltizam imzalanmışdır. Qeyd edilənlərə baxmayaraq, Şəxs tərəfindən hər hansı borc məbləği ödənişi edilməmiş, borclunun barəsində axtarış elan edilmişdir. İcra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar