Məhkəmə qərarları › İş №3(026)-133/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-133/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-133/2025 05.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 1978-ci ildə Qobustan rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, çobanlıqla məşğul olan, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 05 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Xilmilli kənd ərazisində səs-küy salaraq, xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsi İTB-nin sahə rəisi vəzifəsini icra edən polis mayoru X4 bildirdi ki, Xilmilli kəndindən “102” xidmətinə müraciət daxil olmuş və əməliyyat qrupu həmin kəndə getmişdir. Bu zaman Şəxs yüksək səslə ünvansız nalayiq ifadələr işlətmiş, söyüş söymüş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də əməliyyat qrupunun üzvləri tərəfindən şöbə rəhbərliyinə raportla müraciət edilmişdir. Bu səbəbdən də onun tərəfindən Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, bu yaxınlarda icra məmurunun qanuni tələblərinə əməl etməməsi səbəbindən inzibati qaydada 10 gün həbsdə olmuşdur. O, həbsdə olarkən may ayının 1də Sənan Tapdıqlı 3 nəfəri onun ailəsinin üzərinə göndərmiş, həmin şəxslər onun ailə üzvlərini təhqir etmişdir. Sənan Tapdıqlının evinin açarı uzun müddətdir ki, ondadır və Sənan Tapdıqlı gəlib həmin açarı ondan təhvil almamışdır. O, 04 may 2025-ci ildə həbsdən çıxdıqdan sonra kəndə getmiş, qonağı gəlmiş və onunla yeyib-içmişdir. Bu zaman həyat yoldaşı həmin hadisə barədə ona danışmış, o da bundan sonra “102” xidmətinə zəng edib məlumat vermişdir. Buna görə polislər gəlmişdir. Lakin o, içki qəbul edib sərxoş vəziyyətdə olduğundan nə hərəkətlər etməsini xatırlaya bilmir. O, İXM-in 510cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilir. Törətdiyi əməldən çox peşmandır və üzrxahlıq edir. Əgər mümkündürsə, barəsində inzibati cərimə tətbiq edilməsini və xəstə anasının və uşağının olmasının nəzərə alınmasını xahiş edir. O, uşağın rəsmi atası olmasa da, uşaq onun yanındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ İTB-nin xidmət üzrə baş inspektoru, polis kiçik leytenantı X2 bildirdi ki, 04 may 2025-ci ildə tərtib olunmuş cədvələ uyğun olaraq əməliyyat qrupunun tərkibində olarkən Şəxs təxminən saat 16:17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayəti olduğunu bildirmişdir. Bundan sonra növbətçi onunla əlaqə saxlayaraq həmin yerə getmək lazım olduğunu bildirmişdir. Şəxs şikayəti bundan ibarət olmuşdur ki, o, həbsdə olduğu müddətdə onun evinə basqın edilmiş və həyat yoldaşı təhqir edilmişdir. O da növbətçi hissənin maşını ilə həmin yerə gedəndə növbətçi ona zəng edərək Şəxs yenidən “102” xidmətinə zəng edərək polisin gəlməməsi barədə şikayət etdiyini bildirmişdir. Onlar həmin yerə gedərkən yenidən növbətçi zəng edərək Şəxs onlarla kobud şəkildə danışdığını, rayonun sahibi olmadığını bildirmişdir. O, Şəxsla əlaqə saxlamağa çalışsa da, telefona cavab verməmişdir. O, Şəxs həyətini tapdıqdan sonra onun maşında oturub yenə də “102” xidmətinə zəng etdiyini görmüş, onun zəngi bitirməsini gözləyib daha sonra ona yaxınlaşıb özünü təqdim etmişdir. O bildirmişdir ki, Sənan adlı şəxs onun ailə üzvlərini təhqir etmişdir. Bu zaman Şəxs sərxoş vəziyyətdə olmuşdur. Ona şikayəti ilə bağlı izahat verməli olduğunu bildirdikdə Şəxs narazılıq etməyə başlamış, hansı səbəbdən şikayət verməli olduğuna dair mübahisə etmiş, uca səslə nalayiq ifadələr və ünvansız söyüşlər işlətmişdir. O, Şəxs nizam-intizama dəvət etsə də, Şəxs öz hərəkətlərinə davam etmiş, hətta evə gedib şüşə götürüb özünü öldürəcəyi ilə təhdid etmiş, şüşəni onun əlindən almaq istədikdə öz əli də yaralanmışdır. Onu məcburi şəkildə Qobustan RPŞ-yə gətirmək istədikdə isə Şəxs növbətçi hissənin maşınını təpikləşmiş, minməmək üçün müqavimət göstərmişdir. Bu zaman orada növbətçi hissənin sürücüsü, onun özü və köməkçisi olmuşdur. Şəxs maşına minməsi və qanuni tələblərə tabe olması barədə xəbərdarlıq edilsə də, o, həbsdən yeni çıxdığını və onlarla getməyəcəyini bildirmişdir. Bu səbəbdən də onu məcburi şəkildə Qobustan RPŞ-yə gətirərək sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün xəstəxanaya aparmışlar. Bu zaman Şəxs ağır dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs səmimi peşmançılığını, himayəsində uşağının və xəstə anasının olmasını nəzərə alaraq onun barəsində cərimə tətbiq edilməsini xahiş edir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən yüksək səslə nalayiq ifadələrin və söyüşlərin işlədilməsi, sərxoş vəziyyətdə polisin qanuni tələblərinə tabe olmaması, polis maşınını təpikləməsi, öz müraciəti üzrə gəlmiş polislərə müqavimət göstərməsi şahidin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, sərxoş olduğuna görə həmin halları tam xatırlamır, lakin etdiyi hərəkətlərdən peşmandır. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 04 may 2025-ci ildə ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr və söyüşlər işlətmiş, polisin bu hərəkətlərini dayandırması və polis şöbəsinə aparılması barədə qanuni tələblərinə əməl etməmiş, polis maşınını təpikləmiş və maşına minməmək üçün müqavimət göstərmiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmuşdur. Belə ki, İXM-in 33.1.7-ci maddəsinə görə, onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran, lakin törətdiyi əməldən səmimi peşmançılığı, rəsmi olmasa da, himayəsində azyaşlı uşağının olması İXM-in 32-ci maddəsi baxımından onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 05 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar