Məhkəmə qərarları › İş №3(026)-136/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-136/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-136/2023 12.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1964-cü ildə Qobustan rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 12 aprel 2023-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(026)-31/2020 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Qobustan rayon məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(026)-31/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2000 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu bu günə kimi icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borcluya icra vərəqəsi üzrə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Cavabdeh Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(026)- 31/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2000 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsinə dair icra vərəqəsi üzrə işləmədiyi üçün heç bir ödəniş etməmişdir. İşlə bağlı məşğulluq mərkəzinə müraciət edib. Borcu ödəməyə maddi imkanı yoxdur, həyat yoldaşı yataq xəstəsidir. Evində olan əmlakları borc əvəzinə verməyə razıdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(026)- 31/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 2000 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin minimum həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar